Avropa Parlamenti Türkiyə ilə viza rejiminin şərtlərini açıqladı


Avropa Parlamenti Ankaranın bütün şərtləri yerinə yetirənə qədər Türkiyə ilə viza rejiminin liberallaşdırılması məsələsini müzakirə etməyə başlamayacaq.

APA-nın məlumatına görə, bunu Avropa Parlamentinin sədri Marin Şults İtaliyanın “la Repubblica” qəzetinə müsahibəsində bildirib.

M. Şutls deyib ki, Avropa Komissiyasının Türkiyə vətəndaşları üçün viza rejiminin liberallaşdırılması barədə təklifi hələ də onun masası üzərində durur: “Türkiyə hökuməti 72 şərtin hamısını yerinə yetirənə qədər Avropa Parlamenti bu təklifin müzakirəsinə başlamayacaq. Razılaşma əldə edilsə də, Türkiyə hökuməti bununla bağlı öz öhdəliklərini yerinə yetirmir. Bununla da onlar razılaşmanın xitam verilməsi istiqamətində risk edirlər”.

Qeyd edək ki, bu il mayın əvvəlində Avropa Komissiyası Avropa Parlamenti və Avropa İttifaqı Şurasına Ankaranın öhdəlikləri yerinə yetirəcəyi halda iyunun sonuna qədər Türkiyə vətəndaşları üçün viza rejiminin liberallaşdırılmasını təklif edib. Bu şərtlər sırasında Türkiyənin terrorizmlə mübarizə sahəsində qanunvericiliyinə yenidən baxılması da var.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə Türkiyənin öz antiterror qanunvericiliyinə yenidən baxmayacağını bəyan edib, Avropa İttifaqını ikili standartlardan çıxış etməkdə günahlandırıb.

Eyni zamanda R. T. Ərdoğan viza rejimi liberallaşdırılmazsa, miqrantlarla bağlı Türkiyə və Avropa İttifaqı arasında əldə edilən razılaşmanın parlamentdə ratifikasiya edilməyəcəyini vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu