Deputat və iki partiya sədrinin məzhəb davası



Fazil Mustafa: “Bu ölkənin maraqlarına qarşı olan fikirlərə sərt mövqeyimizi ortaya qoymalıyıq”; Sərdar Cəlaloğlu: “Yazdıqları əlimizdədir”
Əli Əliyev: “İqtidarın “oyunçusuna” çevrildi Fazil bəy”


Böyük Quruluş Partiyasının (BQP) sədri, deputat Fazil Mustafa ilə ADP sədri Sərdar Cəlaloğlu arasında günlərdir davam edən qarşıdurma səngimir. Hər iki partiya rəhbəri bir-birinin ünvanına ağır ittihamlar səsləndirirlər. F.Mustafa ilə S.Cəlaloğlu arasındakı söz savaşına Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev də qoşulub.

Qeyd edək ki, deputatla ADP sədri arasındakı davaya səbəb F.Mustafanın qarşı tərəfi İrana işləməkdə, öz növbəsində əks tərəfin də BQP rəhbərini məzhəb qarşıdurması yaratmaqda, Azərbaycanı Suriyaya çevirmək cəhdində suçlamasıdır.

Ə.Əliyev və deputat arasındakı davaya isə VİP sədrinin müavini Cavid Cabbarlının F.Mustafanın vaxtilə Azərbaycan hakimiyyətinin ünvanına işlətdiyi sərt ifadələri üzə çıxarması səbəb olub. Deputat öz facebook səhifəsində VİP sədrinin müavininə sərt cavab. Nəticədə Ə.Əliyev öz müavinini qorumağa məcbur olub və sosial şəbəkələrdə ona qəzəbli status həsr edib.

F.Mustafa “Yeni Müsavat”a açıqlamasında iki partiya rəhbəri ilə davam edən qarşıdurması ilə bağlı bunları dedi: “Kiməsə qarşı ittihamlar səsləndirmirəm. Şəxsimə qarşı çoxlu böhtanlar var. Bu böhtanlar da daxili qaynaqlı böhtanlar deyil. Sadəcə, mətn kənardan ötürülür, bu istiqamətdə də hər kəs kiminsə xoşuna gəlmək üçün bu prosesə qoşulur və bizə, tezislərimizə qarşı opponentlik etmək istəyirlər. Burada vaxt məsələsi maraqlıdır. Hansı vaxta bunlar təsadüf edir? Açığı, bu şəxslərin indiki vaxtda bu prosesə qoşulmaları məni çox təəccübləndirdi. Təqribən gözlədiyim situasiyadır. Əslində məsələnin bu yerə qədər gəlməsi cəmiyyətin xeyrinədir. Çünki cəmiyyət artıq açılan sifətləri görməyə başlayır. Bizim açıq tezislə söylədiyimiz bir şey var ki, bu ölkənin maraqları var. Bu ölkənin maraqlarına qarşı olan fikirlərə sərt mövqeyimizi ortaya qoymalıyıq. Maraqlarımıza zidd olan başlıca amil müsəlman ölkəsi sayılan İran adlı bir dövlətin Ermənistanla əməkdaşlıq etməsidir. Biz bu əməkdaşlığa qarşıyıq. İran müstəqil dövlətdir və istənilən ölkə ilə əməkdaşlıq edə bilər. Amma biz deyirik ki, o zaman bizim əraziləri işğal edən bir dövlətlə əməkdaşlıq edirsənsə, müsəlmanlıqdan danışmayın. Təəssüflər olsun ki, bu ölkəyə simpatiya bəsləyən insanlardan biz buna etiraz görmürük. Bunu görməyəndə narahat olmağa başlayırıq ki, bu insanlar kritik bir məqamda öz dövlətimizi, yoxsa başqa dövləti qoruyacaqlar. Artıq əmin oluram ki, bu insanların çoxu Azərbaycanı qoruma marağından çıxış etmək niyyətində deyillər. Ölkəmizə qarşı bu insanların həssaslıqları qonşu ölkələrə olan həssaslıqlarından qat-qat azdır. İslam Partiyasının təmsilçisi olan şəxslər indi bizə Azərbaycan cəmiyyətində olan əxlaq dəyərlərini inad kimi göstərməyə çalışırlar, guya əhalinin bir kəsimi barədə təhqiramiz fikirlər səsləndirmişik. Qətiyyən belə deyil, bizim heç kəsin inancı ilə işimiz yoxdur. Bu partiyanın da fəaliyyəti hər kəsə məlumdur. Vaxtilə dövlət çevrilişində ittiham olunublar, sonradan fəaliyyətləri də birmənalı qarşılanmır.

Başqa yerdən təlimat alanlar nə zamansa dövlətimizə qarşı potensial silah çevirə biləcək şəxslər ola bilərlər. Mən bunun həyəcanını qaldırıram. Əgər bir şeyx, yaxud dini lider insanları bir sözü ilə ayağa qaldırmaq gücündədirsə, biz bu təhlükəni nəzərə almalıyıq. Bunları vətəndaş olaraq cəmiyyətə demək borcumdur. Kimsə demirsə, kimsə gizlənirsə, özü bilər. Heç olmasa bunu deyənlərə mane olmasınlar. Görsünlər ki, gerçək təhlükə mənbəyi haradandır. Fikirlərimə irad bildirənlərin bu hüququdur. Lakin biri mənə böhtan atanda bunu cavablandırıram. Azərbaycan dövlətinin modelini Rəsulzadənin qurduğu sistem üzərində görürəm. Bunlar öz fikirlərim deyil, Rəsulzadənin tezisləridir. Özünüzə qəhrəman axtarırsınız, ən böyük qəhrəmanımız Rəsulzadədir. Arzuladığımız sistemi o qurub, sizlər nə axtarırsınız? Mədəni polemika üslubunda bizə cavab yazanlara sözlərimizi deyirik. Böhtan yazanlarla sərt üslubda danışırıq. Mədəni müzakirələrin tərəfdarıyam. Kimsə yekəxana şəkildə bizimlə danışırsa, əmin olsun ki, bu bizə keçmir. Şəxsiyyətimizi, mövqeyimizi hər zaman müdafiə etməyə hazırıq”.

Deputat S.Cəlaloğlunun elmi məqaləsinin böhtanlarla dolu olduğunu qeyd etdi: “Şəxsimə yönəlik ittihamlarla dolu məqalə yazıb. Özündən mənə məzhəb uydurub. Deyirəm ki, sübut elə, deyir ki, heç nə bilmirəm axı. Məzhəbçiliyə qarşı ən çox mübarizə aparan insanlardan biriyəm. Məzhəbçilik axmaqlıq, anormallıqdır. Bundan açıq nə deməliyəm? Bunlar başqa ölkənin tezislərini əsaslandırmaq üçün yazılmış yazılardır. Deyir ki, guya biz filankəslərin siğədən əmələ gəldiyini demişik. Bəli, belə sözlər deyilib, İran saytlarında yerləşdirilib. Oradan da sizə tapşırıq verilib ki, bunu gündəmə gətirin. Bunu gətirməklə gündəmə qaçası deyilik ki. Dövlətimizi bunlara qurban verə bilmərik”.

BQP rəhbəri Ə.Əliyevlə yaranan narazılığına da aydınlıq gətirdi: “Əli Əliyev öz müavininin guya maraqlarını qorumaq üçün belə reaksiya verdi. Heydər Əliyevlə, eləcə də, bu hakimiyyətlə bağlı vaxtilə dediklərimi gündəmə gətirir. Hamı bilir ki, 2003-cü ilə qədər bu iqtidara qarşı ən sərt mövqedə olmuşam. 2004-cü ildən bu kursdan imtina etmişəm. Konstruktiv müxalifətçilik kursu seçmişəm, burada təəccüblü heç nə yoxdur. Baxışlarım xeyli dəyişib. Bugünkü mövqeyimi haqlı sayıram. Müavini yazır ki, ”Azərbaycan xalqına bic deyən Fazil Mustafa. Sən özün bicsənsə, bunun xalqımıza nə dəxli?" Bu tezis onun özünə aid deyil. Qonşu ölkənin təlimatı ilə saytlarda yerləşdirilir. Əli Əliyevlə normal münasibətlərimiz var. Amma mənə saxta parlamentdən danışanda gülüb keçirəm. Əgər düzgün siyasət aparırdınsa, o zaman 2005-ci ildə İsa Qəmbərə qarşı çıxışının mətnini cəmiyyətə təqdim et. Görsünlər ki, nə qədər burada səmimi idin. Hamamın yanında yaşamaq hələ təmiz olmaq deyil ki".

ADP sədri isə F.Mustafanı uşaqlıq illərindən tanıdığını söylədi: “Müəyyən müddətdə onunla xətir-hörmətimiz olub. İndinin özündə də kifayət qədər ona hörmətim var. Sadəcə, onun Şah İsmayıl və şiələrlə bağlı dediklərinin ziyanlı olduğunu, bu proseslərin təhlükəli həddə çatdığını nəzərə alıb siyasətçi kimi mövqeyimi bildirməyi qərara aldım. Onun özü demişdi ki, elmi cəhətdən ona cavab verim. Mən də tarixi faktlardan çıxış edərək ona cavab yazdım. Əlavə olaraq, jurnalistlər də onunla bağlı mənə suallar verdilər. Mən bildirdim ki, təriqətlərarası qarşıdurmaları qızışdırmaq düzgün deyil. Onun üçün xarakterik xüsusiyyət var. Çalışır ki, qarşıdakı ilə bağlı təhqirlərə yol versin, onu aşağılasın. Mövqeyini bu cür ifadə edir. Mənimlə bağlı jurnalistin sualına aramızdakı hörməti nəzərə almayaraq, yaşına-başına baxmadan ağzına gələnləri demişdi. Açığı, məndən jurnalist bu barədə cavab almaq istəyəndə dedim ki, onun tərzində cavab vermək istəmirəm. Təhqirlər həqiqətlərin üzə çıxmasına mane olur. İnsanın arqumenti olmayanda söyüşə qaçır. Mənə təhqiramiz cavab verəndən sonra dərhal facebook səhifəsindəki statuslarını pozub. Çünki əsasən o statuslara istinad edərək cavablarımı verirdim. İndi də yazıb ki, onlar eşələnirlər, guya hansısa faktlar tapacaqlar. Bilmir ki, pozsa da, yazdıqları əlimizdədir, saytlar da bu yazıları dərc ediblər. Xəbəri yoxdur ki, onun statusları hansı saytlarda gedib. İzləri itirdiyini düşünür və meydan sulamağa başlayır. Onu günahkar çıxarmaq istəmirəm. Məqsədim bu kampaniyanın dayanmasıdır. Şiələr onu təhqir edən yazılar yazırlar. Mən də bunları istəmirəm. Fərqi yoxdur ki, şiələr, yaxud sünnilər kimisə təhqir etdilər”.

Ə.Əliyev müavininin müdafiəsi üçün facebook səhifəsində geniş status paylaşıb. O, deputat barədə bir sıra ittihamlar səsləndirib: “Fazil Mustafa müavinim Cavid Cabbarlı haqda sərt və hesab edirəm ki, bir qədər də təhqiramiz ifadələrə yol verib. Əgər biz Cavid bəylə birgə fəaliyyət göstəririksə, bu ifadələrin şəxsimə də aid olduğu qənaətindəyəm, deyilənlərə qısa aydınlıq gətirmək istəyirəm.

Fazil bəyi savadlı və prinsipial bir şəxs kimi tanımışam. İnanıram ki, o, deyəcəklərimin səmimi olduğuna şübhə etməyəcək.

Hörmətli Fazil bəy başqa yazısında düz oyunçu olduğundan söz açır. Mənə elə gəlir düz oyunçu yox, düz siyasətçi olduğunu desə idi, fikri inandırıcı olardı. Əslində təhtəlşüur deyimidir. Həqiqətən də YAP-ın diktə etdiyi şərtlərdə sistemdəkilər özlərini oyunçu duyurlar. Bəlkə də dolaşıblar baş verənlərdə.

İstənilən şəxsin qələmindən çıxan, idrakından süzülən fikir, ideya, nümayiş etdirdiyi davranış onun şəxsiyyətini səciyyələndirir. Fikir və əməldə vəhdət yoxdursa, yaxud illər keçdikcə davranışda dissonans qabarırsa, şəxsiyyətin bütövlüyündən danışmaq olmur. Siyasətçi üçün isə bu keyfiyyət həlledicidir. Çünki siyasətçi cəmiyyətin etimad ünvanı olmalıdır. Natamam, ziddiyyətli ünvan isə inanmıram ki, faydalı olsun.

Yazıda Fazil Mustafanın 2003-cü il yazısını nümunə kimi gətirdim. 2005-ci ildən isə Fazil bəy təhqiramiz yanaşdığı hakimiyyətin parlament dayağına çevrilib. 3 çağırışdır ki, müxalifətin və cəmiyyətin saxta gördüyü seçki nəticəsində millət vəkili statusu alır. Hörmətli Fazil bəy gözəl bilir ki, millətimizin istismarı həm də bu saxta parlament vasitəsilə icra edilir. Necə oldu ki, təhqiramiz epitetlərə tuş gətirdiyi iqtidarın “oyunçusuna” çevrildi Fazil bəy? 2003-cü ildən 2005-ə nə dəyişdi?

Ölkədə bilməyən varmı ki, hakimiyyətin istismar alətləri arasında parlamentin xüsusi önəmi vardır?

Düzdür, etiraf etməliyik ki, Fazil bəy iqtidarın açıq dəstəkçisi heç zaman olmayıb. Çalışıb ki, həmişə imicini hifz etsin.

Fazil Mustafa müavinim Cavid Cabbarlını təhqir edib. Bu hərəkət özünə ziyalı deyən şəxsə yaraşmaz. Hər insan davranışı ilə daxilini ortaya qoyur. Təəssüf edirəm ki, mütəmadi təhqirləri sağa-sola fırladan Fazil bəyi bu tərəfdən tanıdım. Həqiqətən də düz deyiblər, “Alim olmaq çətin iş deyilmiş”. Bir də “Elmsiz elm heç nə, kəllə suyu””. (musavat.com)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu