Mətbuat Şurasının təşəbbüsü ilə sənədli filmin təqdimatı keçirilib



Bu gün Beynəlxalq Mətbuat Mərkəzində «Bir mətbuat konfransının tarixi» sənədli filminin təqdimatı keçirilib. Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə düzənlənmiş tədbir 20 Yanvar şəhidlərinin və ərazi bütövlüyümüz uğrunda həlak olmuş həmvətənlərimizin xatirəsinin anılması ilə başlayıb.

MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov toplantı iştirakçılarını salamlayaraq bildirib ki, hər bir xalqın tarixində müstəsna yer tutan hadisələr var. Azərbaycan xalqının taleyində belə hadisələrdən biri də 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə yaşandı. «Həmin vaxt keçmiş SSRİ-nin ordu hissələri Bakıya daxil olaraq 156 dinc sakini qətlə yetirdi. Faciə nəticəsində 800-dən artıq insan yaralandı. O dövrdə SSRİ dairələri haqq səsimizi boğmaq yolu tutdular. Azərbaycan televiziyasının bloku partladıldı, nəşriyyatın fəaliyyəti dayandırıldı. Beləcə ətraf aləmlə təmaslar kəsildi. Məhz belə bir çətin dövrdə xalqımızın Ümummilli lideri Heydər Əliyev 1990-cı ilin yanvarın 21-də, yəni faciədən bir gün sonra Azərbaycanın Moskvadakı nümayəndəliyinin binasına gələrək mətbuat konfransı keçirdi, 20 Yanvar dəhşətlərinə ilk dəfə olaraq siyasi qiymət verdi. Heydər Əliyev o zamankı SSRİ rəhbərliyini kəskin şəkildə ittiham etdi. Bu, son dərəcə qətiyyətli və cəsarətli addım idi. Hesab edirəm ki, 20 Yanvar həqiqətlərindən söz düşərkən yaxın tariximizin məhz bu səhifəsinə ciddi şəkildə yanaşılması mütləqdir. Təqdimatı keçirilən sənədli film də mövcud zərurətin dəyərləndirilməsi ehtiyacından yaranıb. Filmin məsləhətçisi Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənov, müəllifi isə əməkdar jurnalist Mübariz Əsgərovdur», - deyən Ə.Amaşov tədbir iştirakçılarını «Bir mətbuat konfransının tarixi» sənədli filminə tamaşa etməyə çağırıb.

Tədbimat mərasimində çıxış edən MŞ İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Musa Qasımlı bildirib ki, yüksək peşəkarlıqla ərsəyə gətirilmiş ekran işinin 20 Yanvar həqiqətlərini ictimaiyyətə çatdırmaq baxımından müstəsna əhəmiyyəti var. Buna görə də o, sənədli filmin xarici dillərə tərcümə edilməsini, habelə telekanallarda nümayişini vacib sayıb.

MŞ İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Cavanşir Feyziyev «Bir mətbuat konfransının tarixi» sənədli filmində ulu öndər Heydər Əliyevin şəxsində bir insanın yaşantısının, eyni zamanda xalqın və Azərbaycan dövlətçiliyinin taleyinin əksini tapmasını ekran işinin ən mühüm məziyyəti kimi dəyərləndirib.

Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin dekanı, İctimai Yayım Şurasının sədri Cahangir Məmmədli bildirib ki, təqdimatı keçirilən filmə tamaşa edərkən Heydər Əliyevin ümummilli lider obrazı daha dolğunluğu ilə canlanır. Çünki ancaq əsl lider elə bir çətin mərhələdə heç kəsdən və heç nədən çəkinməyərək öz sözünü deyən şəxsiyyətdir.

Sonda çıxış edən «Bir mətbuat konfransının tarixi» sənədli filminin müəllifi, əməkdar jurnalist M.Ağayev təqdimat mərasiminin təşkilinə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib. Sənədli filmdə yer alan hadisələrin canlı şahidi də olmuş jurnalist bir sıra maraqlı məqamlardan söz açıb, xatirələrini bölüşərək bildirib ki, Ümumilli lider Heydər Əliyevin keçirdiyi məlum mətbuat konfransından sonra Moskvada yaşayan, təhsil alan soydaşlarımızda böyük ruh yüksəkliyi yarandı. Onlar ardıcıl nümayişlər və mitinqlər təşkil edərək Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında müstəsna rol oynadılar, ictimai rəyin məqsədli şəkildə yanlış məlumatlandırılmasının qarşısını aldılar.
Qeyd edək ki, «Qulb studio» tərəfindən hazırlanmış «Bir mətbuat konfransının tarixi» sənədli filmində mətbuat konfransının iştirakçısı olmuş şəxslərin, habelə 20 Yanvar faciəsi ilə bağlı Bakıya səfər etmiş keçmiş SSRİ Ali Sovetinin deputatlarının, dövrün nüfuzlu ictimai xadimlərinin fikirlərinə geniş yer verilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu