Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Xocalı soyqırımının 25-ci ildönümü qeyd edilib



Fevralın 24-də Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyində Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunan anım tədbiri keçirilib.

Əvvəlcə Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin və Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törədikləri vəhşiliklər və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Bildirib ki, bu faciənin geniş ictimaiyyətə çatdırılmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük əməyi olub. Məhz Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisində ilk dəfə bu məsələyə siyasi-hüquqi qiymət verilib, faciənin dünya ictimaiyyətinə çatdırılması məqsədilə tədbirlərə başlanılıb. Bu tədbirlərin nəticəsidir ki, hər il faciənin ildönümü istər respublikamızda, istərsə də onun hüdudlarından kənarlarda geniş qeyd olunur, soyqırımı qurbanlarının xatirəsi yad edilir, dünya ictimaiyyətinə ermənilərin iç üzü göstərilir.

Bəxtiyar Əsgərov bildirib ki, bu qanlı faciə zamanı dinc əhaliyə amansızlıqla divan tutulub, 613 nəfər qətlə yetirilib, cəsədlər təhqir olunub, 1275 nəfər girov götürülüb. Onlardan 150 nəfərinin taleyi hələ də məlum deyil. Qətlə yetirilənlərin 63-ü uşaq, 106-sı qadın, 70-i qocadır. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Qadınlar, qocalar, uşaqlar, hətta südəmər körpələr qəddarlıqla qətlə yetirilib, süngüdən keçiriliblər.

Daimi nümayəndəliyin rəhbəri bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin inamla həyata keçirdiyi daxili və xarici siyasət, erməni qəsbkarlığının ifşası istiqamətində uğurlu addımlar bəhrəsini verməkdədir. Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqı və ümumən insanlıq əleyhinə törədilmiş bu son dərəcə ağır hərbi cinayətin beynəlxalq miqyasda siyasi-hüquqi qiymətini alması məsələsi dövlət siyasətinin mühüm istiqamətini təşkil edir.

İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyev və Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin baş məsləhətçisi Ramazan Abbasov da faciə ilə bağlı fikirlərini söyləyiblər. Onlar Xocalı soyqırımının ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində dəhşətli bir vəhşilik aktı olduğunu bildiriblər. Ermənilərin mənfur əməllərinin beynəlxalq səviyyədə qınaq obyektinə çevriləcəyinə, Xocalı qətliamının təqsirkarlarının haqlı cəzalarına çatacaqlarına, işğal altındakı bütün ərazilərimizin yağı düşməndən tezliklə azad ediləcəyinə, əzəli torpaqlarımızdan didərgin düşmüş həmvətənlərimizin öz ata-baba yurdlarına qayıdacaqlarına və ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına əminlik ifadə olunub.

Çıxışlardan sonra İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivinin ifasında Xocalı faciəsinə həsr edilən bədii kompozisiya göstərilib.

Anım tədbirində, həmçinin Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinə hədiyyə olunmuş, AMEA-nın müxbir üzvü, geologiya-mineralogiya elmləri doktoru, professor, Əməkdar Elm və Texnika Xadimi Kərim Kərimovun müəllifi olduğu, Xocalı soyqırımına həsr edilmiş rəsm əsərləri nümayiş etdirilib.














AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu