Özəl klinikaların ceyranın belində olan qiymətləri- UZİ 50,MRT 180 manat-ARAŞDIRMA




Ölkədə özəl xəstəxanaların sayı günü-gündən artsa da, qiymətlər dəyişmir. Özəl klinikaların demək olar ki, hamısında tibbi xidmətlərin qiyməti bahadır.



Bu gün hansı özəl klinikaya üz tutsan ultrasəs müayinəsinin (UZİ), qan analizlərinin, MRT-nin, rentgenin, endoskopiyanın, kompyuter tomoqrafiyanın, biokimyəvi testlərin və sair tibbi xidmətlərin qiyməti biri-birindən çox az fərqlənir. Özəl səhiyyənin bu qədər bahalı olması illər əvvələr özəl klinikaların say azlığı ilə əlaqələndirilsə də, illər keçsə də heç nə dəyişmədi. Baxmayaraq ki, illər keçdikcə ölkəmizdə özəl klinikaların sayı nəzərəçarpacaq dərəcədə artdı. Özəl klinikalar bunu tibbi xidmətin yüksək səviyyədə təşkili, dəqiq diaqnostika ilə əlaqələndirsələr də, tibbi avadanlığın baha olmasını da əsas gətirənlər oldu. Movqe.az ın əməkdaşı özəl klinikalarda qiymətin baha olmasının səbəblərini araşdırıb: “Baku Clinic”-dən qiymətin yüksək olmasının səbəbini izzah etməsələr də, hazırda vətəndaşların daha çox müraciət etdiyi ultrasəs müayinəsinin qiymətinin təkcə qarın boşluğu üçün 37 manat olduğunu söylədilər. Əgər pasiyent böyrəklərini də UZİ-dən keçirmək istəyirsə, bu zaman qiymət 57 manata qalxır. Əhalini özəl klinikalara aparan MRT müayinəsi isə bu klinikada 135 manatdır. Əgər xəstəyə bu müayinədən öncə kontrast adlı iynə vurulursa, qiymətin üzərinə 59 manat da əlavə olunur. Tehran-Baku klinikasında isə qarın boşluğunun ultrasəs müayinəsi 39 manat təşkil edir. Modern Hospitalda bu qiymət 35 manatdır. City Hospitalda isə böyrəklər daxil olmamaq şərtilə qarın boşluğunun UZİ-nin qiyməti 30 manatdır. Böyrəklərin UZİ ilə müayinəsinə görə isə 25 manat əlavə tələb olunur. Med Era klinikasında qarın boşluğunun ultrasəs müayinəsi 50 manat təşkil edir. Burada kompyuter tomoqrafiya müayinəsinin qiyməti 85, MRT-nin qiyməti isə 130 manatdır. Əgər kontrast iynə vurulursa kompyuter tomoqrafiyasının qiyməti 188, MRT-nin qiyməti isə 180 manata qalxır. Qan analizlərinin qiymətində də özəl klinikalarda fərq çox azdır. Qiymətlər 17 manatdan başlayaraq 108 manata qədər dəyişir. Bunun səbəbini klinikalardan labarator analizlərin aparılmasında istifadə edilən reaktivin qiymətinin baha olması ilə əlaqələndirdilər. Qeyd edək ki, bu paytaxtda fəaliyyət göstərən özəl klinikaların çox az bir qisminin təklif etdiyi bəzi tibbi xidmətlərin qiymətidir. Özəl klinikalarda fəaliyyət göstərən həkimlərin qəbul haqqının qiymətini də bu müayinələrin üzərinə gəlsək qiymətin kifayət qədər yüksək olduğu danılmazdır.

Professor Adil Qeybulla deyir ki, özəl klinikalarda tibbi xidmətin bahalığının səbəbi devalivasiyadır: “Tibbi avadanlıqlar əsasən xaricdən gətirilir. Devalivasiyadan öncə beş dollara alınan tibbi avadanlıqları bu gün özəl tibb müəssisələri on manata alırlar. Bu təbii ki, qiymətə öz təsirini göstərir. Nəzərə almaq lazımdır ki, bu gün özəl tibb müəssisələrində diqanozun düzgün qoyulması, labarator müayinələrin dəqiq aparılması üçün müasir tibbi avadanlıqlardan istifadə edilir. Reaktivlərin qiyməti çox baha olduğundan, bu labarator analizlərin qiymətinə öz təsirini göstərir. Müasir tibbi avadanlıqlarla işləyən yüksək dərəcəli kadrlar da özəl tibb müəssisələrində çalışır. Bütün bunlar özəl klinikalarda qiymətə öz təsirini göstərir”.
Millət vəkili Fərəc Quliyev isə özəl klinikalarda qiymətin baha olmasına tələbatın da səbəb olduğunu söyləyir. Onun sözlərinə görə, özəl tibb müəssisələrində qiymətin ucuzlaşması üçün bu cür yüksək tibbi xidmət dövlət xəstəxanalarında da təmin olunmalıdır: “Mən həmişə demişəm ki, təhsillə səhiyyə sahəsini özəl sektordan asılı vəziyyətə salmaq olmaz. Bu gün pasiyentləri özəl klinikalara aparan səbəb, dövlət xəstəxanalarında eyni keyfiyyətdə tibbi xidmətin olmamasıdır. Ona görə də, dövlət xəstəxanalarında da özəl klinikalardakı kimi yüksək tibbi xidmət təşkil olunmalıdır ki, xəstə özəl klinikaya getmək məcburiyyətində qalmasın. Bu zaman özəl klinikalar da xəstələrin çıxılmaz vəziyyətdə qalmasından sui istifadə etməyəcəklər”.
F. Quliyevin sözlərinə görə, özəl səhiyyədə qiymətin baha olmasının qarşısını almaq üçün mütləq dövlət tibb müəssiələrində eyni keyfiyyətdə tibbi xidmət təşkil edilməlidir.

İqtisadçı ekspert Natiq Cəfərli isə ölkədə icbari tibbi sığorta işə düşməyənə və özəl klinikaların sayı arzuolunan saya gəlib çatmayana qədər qiymətlərin ucuzlaşmayacağını söyləyir: “Bu gün özəl klinikalarda qiymətin ucuzlaşması üçün ilk növbədə icbari tibbi sığorta işə düşməlidir. Xarici ölkələrin özündə də özəl klinikalarda tibbi xidmət o qədər də ucuz deyil. Sadəcə olaraq həmin ölkələrdə pulun 50 faizdən 70 faizə qədəri sığorta şirkətləri vasitəsilə ödənilir. Digər səbəb isə özəl tibb müəssisələrinin sayının o qədər də çox olmamasıdır. İllər öncə ilə müqayisədə Azərbaycanda özəl tibb müəssisələrinin sayı artıb. Amma bu tələbata uyğun saya gəlib çatmayıb. Bu gün hansı özəl klinikaya getsən xəstə əlindən tərpənmək olmur. Demək ki, özəl klinikaların sayı bir qədər də artmalıdır ki, rəqabət yaransın”.
Həmsöhbətimizn sözlərinə görə, özəl səhiyyədə qiymətin bahalığına tibbi avadanlıqların qiyməti də təsir göstərir: “Tibbi avadanlıqlar, reaktivlər bəlli ölkələrdən gətirilir. Təbii ki, belə olan halda özəl klinikalarda qiymətin kəskin fərqlənməsini gözləmək olmaz. Üstəlik özəl klinikalarda çalışan həkimlərin də əksəriyyətinin eyni həkimlər olduğunu nəzərə alsaq qiymətin hansı səbəbdən fərqlənməməsi üzə çıxır. Bu gün bir tanınmış həkim, bir neçə klinikada çalışır.Təbii ki, qəbulu da hər klinikada eyni olur. Bütün bunların nəticəsində özəl xəstəxanalarda qiymətlər təxminən fərqlənmir və ucuzlaşmır”.

ZÜLFİYYƏ QULUYEVA, Mövqe.az



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu