Təbii qazın verilməməsi böyük narazılıq yaradıb




Sosial şəbəkələrdə qazsızlığa həsr olunan statuslar çoxalıb; “Azəriqaz” problem yoxdur deyir...




Ölkəmizin bir çox bölgələrində vətəndaşlar təbii qazın olmamasından şikayət edirlər. Gəncə, Bakının Yasamal, Sabunçu, Binəqədi rayonlarında sakinlər qaz sayğaclarında balans olduğu halda qazın verilməməsindən və təzyiqin azlığından gileylənirlər.


Bir neçə gündür ki, Gəncə şəhərinin təbii qazla təminatında problemlər yaşanır. Bu barədə missiya.az-a şəhər sakinləri xəbər verib. Sakinlər bildiriblər ki, bu hal dəfələrlə təkrar olunduğundan aidiyyəti qurumlara müraciət ediblər. Lakin bu günə qədər məsələnin həlli tapılmayıb: “Bütün şəhər üzrə qaz kəsilib. Bunun əvəzində bizə boş hava ötürürlər. Sayğaclar isə dayanmadan hesablayır. Havalar soyuq keçir. Məişət işlərimizdə qaz mühüm rol oynayır. Bununla yanaşı, ərazidə yerləşən təhsil ocaqlarının da soyuq olması şagirdlərin məktəbə davamiyyətində bir sıra problemlər yaradır. Əlaqədar orqanlara müraciət etsək də köməyimizə çatan yoxdur” deyə, narazı sakinlərdən biri bildirib.
Əldə etdiyimiz məlumata görə, bir neçə gün öncə Gəncə Qaz İstismar İdarəsində yoxlamalar aparılıb və nəticədə ciddi çatışmazlıqlar aşkar edilib. Ehtimallara görə, hazırda şəhərə təbii qaz əvəzinə boş havanın buraxılması həmin çatışmazlığı ört-basdır etmək məqsədi daşıyır.
Bir neçə gün əvvəl özünün sosial şəbəkədəki divarında hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı da qaz xətlərinə hava vurulması iddialarına “Azəriqaz”dan izahat tələb etmişdi.


Hüquq müdafiəçisinin statusu belə idi: "Ətraflı izahat versin “Azəriqaz”! Hər evdə, hər həftə qaz kəsilir, 7-8 saatdan sonra 15-30 dəqiqə arası qaz əvəzinə hava gəlir. Və sayğac fırlanır. Yazılan məbləğə izahat versinlər. Hesablasınlar ölkə üzrə bu məbləği. Niyə bu sərf, istehlakçının hesabına ödənilməlidir? Bax bunun hesabını da versinlər".


Sabunçu qəsəbəsində yaşayan əməkdaşımız İlkin Muradov da təbii qazın verilməməsindən şikayətçidir.


Əməkdaşımız özünün facebook profilində yazır: “Qazı niyə kəsibsiniz? Əvvəl 20 manat qaza vuranda bir həftə görürdü. İndi 2-3 həftə görür. Çünki qazımız yoxdur”.


İ.Muradovun paylaşdığı fotolardan belə aydın olur ki, qazın verilməməsi ilə əlaqədar aidiyyəti qurumlara müraciət edib. Onun müraciəti Bakı Regional Qaz İstismarı Departamentinə yönləndirilib. Amma buna baxmayaraq, nəticə olmayıb.


Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yaşayan “Bizim Yol” qəzetinin əməkdaşı Rəşad Vaqifoğlu da qazsızlıqdan şikayət edən vətəndaşlardandır.


“Azəriqaz” İstehsalat Birliyinin (İB) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayev deyib ki, Gəncədə təbii qazla bağlı məhdudiyyət var: “Gəncədə, Yasamal rayonunda məhdudlaşma var. Yasamalda Alı Mustafayev küçəsində yeraltı qaz xəttində qaz sızması var”.


İ.Kərbalayev təbii qazın təzyiqinin az olmasından şikayətçi olan vətəndaşlara çağrı mərkəzinə müraciət etməyi məsləhət bildi: “104 çağrı mərkəzinə müraciət edən vətəndaşın şikayəti qeydiyyata alınır və rayon üzrə baxış keçirilərək tənzimlənmə aparılır”.


“Əməkdaşımız İlkin Muradov çağrı mərkəzinə müraciətindən sonra da tədbir görülməyib. Bu nə ilə əlaqədardır” sualına “Azəriqaz” rəsmisi belə cavab verdi: “Çağrı Mərkəzinə müraciət etsin. Tədbir görülər”.


Gəncə sakinlərinin “qaz kəsiləndən sonra hava verilir və sayğaclar havanı qaz kimi hesablayır” fikirlərinə də İ.Kərbalayevin münasibətini öyrəndik: “Sayğac havanı hesablamır. Qaz sayğacı qazı hesablayır. Hava söhbəti ola bilməz. Qaz xəttinə hava necə düşə bilər? Zərurət yarandıqda, qaz təchizatı dayandırıldıqda təmir işləri aparılarsa, bundan sonra təbii qazın verilişi təmin olunur. Həmin müddətdə də qaz təchizatı dayandırıldıqda təhlükəsizlik tədbiri olaraq mənzildəki qaz cihazları sönmüş olmalıdır. Vətəndaşlar təhlükəsizlik qaydalarına əməl etməlidir. Xəttə hava vurulması fikirləri doğru deyil”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu