Səlim Müslümov Goranboyda sakinlərlə görüşüb




Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Goranboy rayonunda bu rayonun, Yevlax və Ağdaş rayonlarının, Mingəçevir və Naftalan şəhərlərinin sakinləri ilə görüşüb.



Vətəndaşların müraciətləri əsasən imtiyazlı şəxslərin mənzillə təminatı, bərpa müalicəsi xidmətinin göstərilməsi, sığorta və pensiya münasibətləri, məşğulluğun təmin edilməsi, özünüməşğulluq fəaliyyətinin qurulmasının dəstəklənməsi, əmək hüquqlarının müdafiəsi və s. məsələləri əhatə edib. Nazirliyin aidiyyəti rəhbər vəzifəli şəxslərinin də iştirakı ilə hər bir müraciətin araşdırılaraq cavablandırılması təmin olunub.

S.Müslümov vətəndaşlarla görüşündə vurğulayıb ki, dünyada qeyri-sabit, gərgin vəziyyətin mövcud olduğu bir vaxtda ölkəmizin sosial-iqtisadi inkişaf tempinin davam etməsi üçün Azərbaycan Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi islahatlar kursu uğurlu nəticələrini verir: “Cari ilin ilk rübündə qeyri-neft sektorunda 2,4 faiz, o cümlədən kənd təsərrüfatında 3,5 faiz, ixracda təqribən 50 faiz artımın olması, əlavə olaraq iş yerlərinin yaradılması, ölkənin valyuta ehtiyatlarının 1 milyard dollar çoxalması respublikanın artıq yeni bir inkişaf yoluna çıxdığını göstərir. Müsbət dinamikanın sosial sahədə davamı kimi, cari ilin yanvar-fevral aylarında orta aylıq əmək haqqı 5,9 faiz, əmək pensiyalarının orta aylıq məbləği 2017-ci ilin əvvəli ilə müqayisədə birinci rübdə 5,3 faiz artıb”.

Görüşdə nazir dövlət başçısının 20 iyun 2014-cü il tarixli Sərəncamının icrası işləri çərçivəsində nazirlik tərəfindən son iki ildə Goranboy, Yevlax, Ağdaş rayonları, Mingəçevir, Naftalan şəhərləri üzrə də 30 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsinin mənzillə təmin edildiyini bildirib. S.Müslümov eyni zamanda son illərdə Goranboy rayonunda yeni inşa olunmuş 54 mənzilli yaşayış binasının da Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim olunduğunu, hazırda bu bölgədə qeyd olunan kateqoriyalara aid şəxslər üçün evlərin tikintisinin davam etdirildiyini diqqətə çatdırıb: “Bölgə üzrə məşğulluğun təminatı da diqqətdə saxlanılır. Nazirliyin məşğulluq orqanlarının xətti ilə bu 5 rayon və şəhər üzrə cari ilin ilk rübündə 1815 nəfər işsiz və işaxtaran şəxs işlə təmin edilib, 100 nəfərə yaxın şəxs peşə hazırlığına cəlb olunub. Özünüməşğulluq proqramı çərçivəsində Goranboy, Yevlax, Ağdaş rayonlarından, Mingəçevir, Naftalan şəhərlərindən də təlim kurslarına cəlb olunmuş şəxslərdən 63 nəfərin biznes-planları uğurlu hesab edilib, artıq onlardan bir qrupuna ailə təsərrüfatlarını qurmaları üçün aktivlər (mal və materiallar) alınıb verilib. Digərləri də qısa vaxt ərzində ailə bizneslərini formalaşdırmaları üçün aktivlərlə təmin olunacaqlar”.

Görüşdə bir sıra müraciətlərdə əksini tapan məsələlərin yerindəcə həll olunması üçün müvafiq tədbirlər görülüb. İşlə təmin olunmaq üçün müraciət edən şəxslərə boş iş yerləri (vakansiyalar) təqdim olunub və seçimlərinə uyğun iş yerlərinə göndərişlər verilib. Həmçinin bir sıra imtiyazlı şəxslər bərpa müalicəsinə cəlb edilmələri, reabilitasiya vasitələri ilə təmin olunmaları üçün qeydiyyata götürülüblər. S.Müslümov bildirib ki, nazirliyin bu bölgə üzrə əlilliyi olan şəxslər üçün iki reabilitasiya müəssisəsi – Yevlaxda və Naftalanda Əlillərin Regional Bərpa Mərkəzləri vardır: “Cənab Prezidentin tapşırığı əsasında reabilitasiya sisteminin təkmilləşdirilməsi üçün aparılan işlər bu mərkəzləri də əhatə edir. Hazırda hər iki mərkəzdə əsaslı təmir və yenidənqurma işləri aparılır, nazirliyin Respublika Əlillərin Bərpa Mərkəzində və Uşaq Bərpa Mərkəzində olduğu kimi, onlarda da ən müasir tələblərə uyğun reabilitasiya şəraiti yaradılacaq”.

Vətəndaşlar ölkədə sosial-iqtisadi inkişaf proseslərinin davamlı xarakter almasından, sosial müdafiə sisteminin gücləndirilməsi tədbirlərindən, eyni zamanda respublikanın regionlarında yeni iş yerlərinin yaradılmasından və məşğulluq imkanlarının artırılmasından razılıqlarını bildirib, sosial məsələlərin həllinə daim xüsusi diqqət və qayğı göstərildiyinə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Qəbul zamanı nazirliyin səlahiyyət dairəsinə aid olmayan məsələlərə dair müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.










AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu