Eldar Həsənov qaçdı, 38 mərtəbəli bina yarımçıq qaldı


Rusiyanın Saratov şəhərində inşa edilən 38 mərtəbəli yaşayış binasının tikintisi azərbaycanlı bankirə görə yarımçıq qalıb.

Virtualaz.org saytı Rusiya regional KİV-lərinə istinadən xəbər verir ki, “Yelena” elit yaşyış kompleksinin tikinti 10 il əvvəl başlayıb, lakin moskvalı bankir Eldar Həsənov tikintini ləngidib və daha sonra səssiz-soraqsız yoxa çıxıb.

Sahibsiz qalan beton monolitə “Stroy-Menecment “Otkrıtıe” ASC sahib çıxıb və şəhər meriyası ilə razılaşma əsasında tikintini davam etdirib. Saratovda ən yüksək bina olan və “Yelena qülləsi” adlandırılan həmin binanın yaxın aylarda istifadəyə veriləcəyi bildirilir. Bu haqda şirkətin direktoru Vladimir Pinçuk bildirib.

Eldar Həsənov Moskvadakı “Bələdiyyə İnvestisiya Tikinti Bankı”nın (“İnostroybank”) Direktorlar Şurasının sədri olub. Rusiya Mərkəzi Bankı onun lisenziyasını 2013-cü ildə ləğv edib. Buna səbəb bankın müflis olması və banklar haqqında Rusiya qanunvericiliyinin tələblərini pozmasıdır.

Rusiya mənbələrində yer alan məlumatlara görə, Saratovda inşa edilən həmin mübahisəli bina Moskvanın keçmiş meri Yuri Lujkovun arvadı, biznesvumen Yelena Baturinanın layihəsi olub.

Bankir Eldar Həsənovun barəsində isə geniş məlumat yoxdur, həmçinin onun bankı çox tanınan deyil.

Bununla belə 2012-ci ildə Eldar Həsənov Saratovda “Yaşıl ada” superlayihəsinin təqdimatını keçirərkən jurnalistlər qarşısına çıxıb.

Biznesmen-bankir bildirib ki, “Yaşıl ada”da 270 hektar ərazisi olan nəhəng əyləncə kompleksi, Birləşmiş Ərəb Əmirliklərində olduğu kimi göydələnlər tikəcək. Adaya kanat yol çəkiləcək. Təkcə bu yol 40 milyard avroya başa gələcək. “Yaşıl ada” özü isə infrastruktur nəzərə alınmasa 7 milyard dollara tikiləcək.

E.Həsənov Hacı İbrahim Nehrəmlinin fantastik “Xəzər adaları” layihəsini xatırladan on milyardlarla dollarlıq layihəsinin təqdimatında özünü peşəkar inşaatçı, indiki bankir kimi təqdim edib.

Mətbuat konfransında onu Saratov vilayət hökumətinin investisiya siyasəti naziri Roman Fedoseyev müşaiyət edib. Jurnalistlərin Saratovda çox az adamın tanıdığı bu bankirin fantastik layihə barədə düşüncələrinə axıra qədər qulaq asmağa hövsələsi çatmayıb və onlar mətbuat konfransını yarımçıq tərk ediblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu