Nardaranda jurnalistlərin döyülməsinə- Mətbuat Şurasından reaksiya


“Bu gün Nardaranda baş vermiş iğtişaş son dərəcə xoşagəlməz vəziyyət yaradıb. Durumun ağırlığını təsdiqləyən ilk cəhət insan tələfatının və zorakılığın qeydə alınmasıdır. Məsələnin ikinci tərəfi isə peşə vəzifəsini yerinə yetirən jurnalistlərə qarşı xoşagəlməz rəftarın müşahidə olunmasıdır. Bildiyiniz kimi, Nardaranda ATV və İTV telekanallarının, “Report” İnformasiya Agentliyinin, azvizion.az xəbər portalınin əməkdaşları təzyiqlərlə üzləşiblər. APA TV, APA və Trend Agentliklərinə də çəkiliş aparmağa imkan verməyiblər. Jurnalistlərə qarşı belə təzyiqin qeydə alınması təəssüf və üzüntü doğurur. Hesab edirik ki, bu, Nardaran hadisəsinin siyasi mahiyyəti ilə bağlı cəmiyyətdə dolaşmaqda olan fikirlərin təsdiqi baxımından tamamlayıcı faktordur. Görünür, kimlərsə iğtişaş və xaos mənzərəsinin formalaşdırılması üçün mediaya təzyiq planını da düşünüb. Əks halda peşə borcunu yerinə yetirmək üçün hadisə yerinə gələn media mənsublarının fəaliyyəti əngəllənməzdi”.

Report-ın xəbərinə görə, bunu Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri, millət vəkili Əflatun Amaşov özünün “facebook” səhifəsində yazıb.

MŞ sədri qeyd edib ki, ictimaiyyət içərisində iğtişaşların bir qrup maraqlı şəxs tərəfindən hazırlandığına və həyata keçirildiyinə dair baxışlar var: “Haqlı olaraq irəli sürülən əsaslandırılmış məntiqi fikir və düşüncələrə də rast gəlinməkdədir. Mediaya təzyiq isə söz və ifadə azadlıqları kontekstində dəyərləndirilən məsələdir. Mövcud durumda jurnalistlərin peşə fəaliyyətini məhdudlaşdırmağa yönələn hərəkətin də sıradan bir vəziyyət olmadığını düşünmək mümkündür. Azərbaycan Mətbuat Şurası belə qənaətdədir ki, iğtişaşı yaradan amillərin aşkarlanması nə qədər aktual əhəmiyyət kəsb edirsə, jurnalistlərə qarşı kobud rəftarı doğuran səbəblərin müəyyənləşdirilməsi də bir o qədər zəruridir, mütləqdir.

Azərbaycan Mətbuat Şurası Nardaranda baş vermiş iğtişaşları işıqlandıran jurnalistlərə təzyiqi qətiyyətlə pisləyir. Şura ümid edir ki, hüquq-mühafizə orqanları məsələyə dərindən yanaşacaq, müvafiq hüquqi ölçü tədbiri götürəcəklər”.

Ə.Amaşov vurğulayıb ki, Mətbuat Şurası günahkarların layiqli cəzalarını almaları üçün səlahiyyətləri çərçivəsindəki bütün mümkün vasitələrdən istifadə edəcək, müvafiq dövlət qurumları qarşısında məsələ qaldıracaq: “Azərbaycan Mətbuat Şurası həmçinin media orqanlarını Nardaranda baş vermiş iğtişaşların işıqlandırılmasına həssas yanaşmağa, hadisənin mahiyyətini düzgün şəkildə çatdırmağa, cəmiyyətdə təfriqə yarada biləcək fikir və düşüncələri yaymamağa, ümumən peşə borcunu məsuliyyətlə yerinə yetirməyə çağırır”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu