"Azercell" abunəçisi: "Müştəri Xidmətlərində mənə gülürdülər"-ŞİKAYƏT


"Azercell"in Online Müştərilər Xidmətindən mediaya şikayət daxil olub.

AFN.az xəbər verir ki, Sumqayıt sakini olan İlkin Məmmədkərimov qaynar.info-nun elektron ünvanına göndərdiyi şikayət məktubundan əlavə bir məqamı da xüsusi vurğulayıb. Bildirib ki, bu məktubu hansı media qurumuna ünvanlayıbsa, bizim "Azercell" ilə reklam əməkdaşlığımız var, dərc edə bilmərik" cavabını alıb.

Nəticədə dərdini nə "Azercell"in özündə, nə də mediada kimsəyə çatdıra bilməyən abunəçi son ümid yeri kimi qaynar.info-ya üz tutub. Biz də İ.Məmmədkərimovun şikayət məktubunu olduğu kimi təqdim edir və qeyd edirik ki, yazıda səslənən bütün fikir və iradlar abunəçiyə aiddir. Qarşı tərəfin də mövqeyi olacaqsa, dərc etmətə hazırıq:

"Mən Sumqayıtda yaşayıram. 22 noyabr 2015-ci il tarixində 051 623 35 97 nömrəsini öz adıma almışam. Elə başıma bütün oyunlar da bundan sonra gəldi. Hər kəs bilir ki, "Azercell" mobil operatorlar arasında qiymətlərin yüksəkliyinə görə 1-ci yerdədir və şirkət rəsmiləri qiymətlərin yüksək olmasını hər zaman guya keyfiyyət və xidmət səviyyəsinin də yükək olması ilə əsaslandırırlar. Lakin bu heç də belə deyil.

Deməli, "Azercell"də belə bir xidmət var: Online Müştəri Xidmətləri. Bu xidmətdən istifadə edərək abunəçi sualını Azercell-in rəsmi saytından online şəkildə verir və sualına cavab alır. Başqa sözlə desək online çat xidməti. Telefon Mərkəzinə zəng etmək üçün balansımda vəsait olmadıqda online müştəri xidmətlərinə müraciət edirəm. Lakin burda təmsilçilər şəxsən mənim bir abunəçi kimi müraciətlərimi qeydə almır, üstəlik məni borclu çıxardırlar. Mən şəxsən onlardan normal xidmət görəməmişəm. Online Müştəri Xidmətlərində Orxan, Cəmilə, Gülüstan adlı təmsilçilər şəxsən mənim bir abunəçi kimi tələblərimi yerinə yetirmir, mənə xidmət göstərmədən əlaqəni kəsirlər.

Məsələn: Mən nömrəmdə reklam xarakterli sms-ləri dayandırmaq üçün Azercell-in təqdim etdiyi 5010, 5011, 9005, 9008 qısa nömrələrinin hamsına STOP yazıb gönərsəm də yenə də mənə reklam sms-ləri daxil olur. Mən bundan şikayət edəndə Online Müşətəri Xidmətlərində Gülüstan adlı təmsilçi mənə bildirdi ki, şikayətinizi qeydə ala bilmərik. Mən isə Gülüstan xanıma bildirdim ki, mənə reklam smsləri yenə gəlir. Lakin Gülüstan xanım mənə yardım göstərməkdən imtina etdi. Mən də məcbur olub, telefonumda 1 manatlıq kredit götürüb, Azercell-in 2002 saylı Telefon Mərkəzinə müraciət etdim. Şikayətimi deyən kimi sağ olsun operator, Gülüstan xanımdan fərqli olaraq dərhal müraciətimi qeydə aldı.

Online Müştəri Xidmətlərindən dəfələrlə Telefon Mərkəzinə şikayət etsəm də tədbir görülmür. Zəng edib deyirlər ki, gələcəkdə təklifiniz nəzər alınacaq. Yəni şablon sözlər deyilir və Online Müşətəri Xidmətləri düzəlmir ki, düzəlmir. Mən də qərar verdim ki, Sumqayıtdakı Müştəri Xidmətlərinə gedib, yazılı şəkildə şikayət edim. Telefon Mərkəzinə bir neçə gün əvvəl axşam zəng edib, səhərisi üçün Müştəri Xidmətlərinin iş rejimi öryənmək istədim. Zəng etdikdə operator bildirdi ki, Sumqayıtda 2 ofisimiz var və saat 16:00-dək hər 2-si çalışır. Mən də bu gün Sumqayıtda İcra Hakimiyyətinin yaxınlığında yerləşən Müştəri Xidmətlərinə getdim. Ofisin içinə girdikdə gördüm içəridə mühafizədən başqa heç kim yoxdur və mühafizəçi mənə bildirdi ki, bu gün çalışmırıq, yanvarın axırında çalışacağıq, xahiş olunur Sülh küçəsindəki ofisə müraciət edəsiniz.

Elə bil başıma qaynar su tökdülər. Axı dünən Azercell-in Telefon Mərkəzindən "Sumqayıtdakı hər 2 ofisimiz çalışır" məlumatını almışdım. Özümü axmaq yerinə qoyulmuş kimi hiss elədim. Kor peşman marşuruta minib Sülh küçəsində yerləşən Azercell Express ofisinə getdim. Ofisə girib, aparatdan talon götürüb növbəmi gözlədim.

Onu da deyim ki, həmin gün şənbə günü olduğundan içəri dolu adam idi və bütün adamları da yalnız 1 təmsilçi qəbul edirdi. Digər kassalarda isə xidmət göstərilmirdi. Nəhayət növbəm çatdı və mən kassaya yaxınlaşdım və Nərgiz Xıdırova adlı təmsilçiyə Online Müştəri Xidmətlərindən rəhbərliyə yazılı şəkildə şikayət etmək istədiyimi bildirdim. Nərgiz xanım da mənə kobudcasına: "Niyə şikayət edirsiniz ilin günün bu vaxtında" deyə bildirdi. Nərgiz xanım mənim israrla "yazılı şəkildə rəhbərliyə şikayət etmək istəyirəm" tələbimi görüb şəxsiyyət vəsiqəmi istədi və aldıqdan sonra mənə qələm kağız verib rişxəndlə dedi ki, buyurun, bütün ürək sözlərinizi bura yazın və mən də online müştəri xidmətlərindən ətrafı şəkildə hansı təmsilçidən şikayətçiyəmsə hər bir təmsilçinin adını yazıda qeyd edərək yazılı şəkildə şikayətimi yazıb qurtardıqdan sonra Nərgiz xanım yazdıqlarıma göz gəzdirdi və mənim konkret təmsilçilərin adını çəkdiyimi görüb gülərək: "Ad da çəkmisiniz ki... Krizis vaxtı heç də yaxşı olmadı, birdən həmin təmsilçiləri işdən çıxartdılar?" deyərək mənə gülürdü. Mən isə Nərgiz Xıdırovaya cavabımda: "Bəs mən hər gün o təmsilçilərə görə stress, əsəb keçirdəndə yaxşı idi? Hələlik yazılı şəkildə şikayət edirəm, gördüm rəhbəriniz əhəmiyyət vermir, o zaman məhkəməyə mürcaiət edəcəm" deyə bildirdim. Elə bu sözümü demişdim ki, Azercell-də təmsilçidən tutmuş, satıcı, mühafizəyə qədər hər kəs mənə gülməyə başladı. Deyəsən əsəbləşməyim onlara ləzzət ediridi. Özümü sözün əsl mənasında alçalmış hiss etdim və əsəbi halda ofisi tərk etdim, yoxsa, inanın allaha, bir az da orada qalsa idim indi bəlkə də beynimə əsəbdən qan sızmışdı. Bu mənim təkcə bu gün ərzində yaşadıqlarım idi, görün indi bütün abunəçilər nələr çəkirlər Azercell-dən.

Xahiş edirəm, problemimi olduğu kimi işıqlandırın ki, hər kəs Azercell-dəki rəzilliyi görsün. Azercell-in və şirkətin əsas sərmayədarı olan TeliaSonera şirkəti haqda ölkə mediası ilə yanaşı Reuters, The Financial Times, Bloomberg kimi dünyaca nüfuzllu mediada dəfələrlə korrupsiya məqalələri dərc edilib. Lakin heç bir dövlət qurumu Azercell ilə bağlı ölçü götürmür. Bütün dünyada ən bahal mobil rabitə bizdə olmağı azmış kimi hər gün mobil operatorlara görə mənim kimi əsəb keçirən də zavvalı ölkə vətəndaşlarıdır".




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu