Goranboyun icra başçısı DTX-nın əməliyyatına mane olmağa çalışıb?


Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Goranboy rayonunda böyük əməliyyat keçirməsi və bir neçə məmurun saxlanması haqda bir neçə gündür mediada yazılar gedir. Bildirilir ki, yerli polisin də iştirak etdiyi əməliyyatda dövlətin təbii sərvətini ələ keçirməyə çalışan bir neçə məmur saxlanılıb.

Belə ki, rayonun Tapqaraqoyunlu kəndində yerləşən, aprel döyüşlərinə qədər neytral zonada qalan Qızıl Kurqan deyilən ərazidə gizli qazıntı işləri aparan şəxslər bu ayın 11-dən 12-nə keçən gecə ifşa olunub.

Məlum olub ki, cəbhədəki son döyüşlərdən sonra tam nəzarətimizə keçən həmin ərazi bir sıra yerli məmurlar tərəfindən neçə günlərdir ki, ekskavatorlarla qazılır. Güman edilir ki, həmin ərazidən qızıl çıxarılırmış.

İlk olaraq Aznews.az saytında yayılan xəbərlərdə əraziyə nömrəsiz avtomobillə gələn rayon icra başçısının köməkçisi Fuad Əliyevin, eləcə də 22 AA 010 xidməti avtomobillə orada olan rayon Yol İdarəsinin («Azəryolservis») rəis müavini Misir Ələkbərov və bir neçə başqa vəzifəli şəxslər DTX əməkdaşları tərəfindən saxlanıldığı bildirilirdi. Sakinlərin bildirdiyinə görə, qızıl kurqanında qazıntı işlərinə yüksək vəzifəli şəxslər, eləcə də iş adamları rəhbərlik edirmiş. Saxlanılan məmurlar isə həmin adamların yaxın qohumlarıdır.

AFN.az-a həmin hadisə ilə bağlı ilginc məlumat daxil olub. Goranboydakı mənbənin verdiyi xəbərə görə, həmin gün hadisə yerinə
gələn nömrəsiz maşında icra başçısı Nizaməddin Quliyevin özü də olub. Onun da aparılan qazıntı işlərində şərik olduğu bildirilir: "Köməkçi mətbuata açıqlamasında guya xəstə olduğunu, işə çıxmadığını deyib, halbuki həmin hadisə baş verən ərəfədə onun işdə olduğunu görənlər olub. Nizaməddin Quliyev isə ora köməkçisini aradan çıxarmaq üçün gəlibmiş, görünən odur ki, məqsədinə nail olub. Başçının hətta DTX-nin əməliyyatına problem yaratmağa çalışması haqda da rayonda söz-söhbət gəzir".

Qeyd edək ki, jam.az da məsələ ilə bağlı araşdırma aparıb və ilginc məqamlar üzə çıxarıb. Rayon sakinlərinin verdiyi məlumata görə, Tap və Qaşaltı kəndləri arasında yerləşən, 16-cı əsrə aid Osmanlı İmperiyası dönəminə aid olan Osmantəpə tarixi abidə iyunun 12-dən 13-nə keçən gecə nəqliyyat naziri Ziya Məmmədov, onun əsas şəriklərindən biri olan, bu yaxınlarda Ukraynaya qaçmış iş adamı Qulam Ələkbərovun göstərişinə əsasən ekskavatorlarla qazılıb.
Məlumata görə, texnikalarla qazıntı işləri aparan şəriklərdə həmin ərazidə xəzinənin olduğuna dair bilgi olub. Elə bu səbəbdən də qazıntıların dərinliyi 9 metrə qədər çatdırılıb. İşin üstünü isə DTX-nın yerli şöbəsinin rəisi açıb. O məsələdən xəbər tutan kimi, dərhal Bakıya məlumat verib və ardından paytaxtdan əməliyyat qrupu Goranboya ezam edilib.
İlkin araşdırma zamanı saxlanılanlardan biri saxlanılsa da, digəri aradan çıxa bilib. Qazıntılarda istifadə olunan texnikanın bir qismi isə Goranboydakı dövlət müəssisələrindən birinə məxsus olub. Rayon camaatının dediyinə görə, ərazidən xeyli miqdarda qızıl-ziynət əşyaları tapılıb və onların bir qismi Bakıya göndərilib. Bakıya çatdırılan həmin qızıllar Ziya Məmmədovla Qulam Ələkbərova verilib.
Qeyd edək ki, Osmantəpədə qızıl axtaran, DTX əməkdaşları tərəfindən saxlanılan şəxslərdən biri elə Ziya Məmmədovun şəriki olan Qulam Ələkbərovun qardaşıdır. 13 il həbsdə yatmasına rəğmən, Goranboy rayon Yol İstismarı İdarəsində rəis müavini işləyən Misir Ələkbərov əməliyyat zamanı aradan çıxsa da, qısa müddətdən sonra onu Bakıya gedərkən yaxalayıblar. Adı bir çox kriminal olaylarda keçən Misir Ələkbərovun azad edilməsi üçün qardaşı və nəqliyyat naziri bir xeyli cəhdlər etsələr də, nəticə olmayıb.

Aznews.az saytı da məsələ ilə bağlı yeni məlumat yayıb. Bildirilir ki, artıq məsələ ilə bağlı cinayət işi açılıb və bəzi məmurların cəzalandırılması istiqamətində işlər aparılır: "Hadisə ilə bağlı rayon polis şöbəsində saxlanılan şəxslərin sərbəst buraxılması üçün icra hakimiyyətinin başçısı Nizaməddin Quliyev hüquq-mühafizə orqanlarına tapşırıqlar verib. Lakin onun sözünə qulaq asan olmayıb. Hətta rayon polis şöbəsinin rəisi ilə icra başçısı arasında mübahisənin yarandığı barədə də məlumatlar var.

Bildirilir ki, N. Quliyev əməliyyat zamanı saxlanılan köməkçisi Fuad Əliyevin sərbəst buraxılmasına nail olsa da, digər şəxslərin azadlığa çıxmasına müvəffəq ola bilməyib.

O da qeyd olunur ki, hazırda polis şöbəsində saxlanılan “Azəryolsevis”in əməkdaşı Misir Ələkbərov Azərbaycanın ən sanballı oliqarxlarından birinin qardaşıdır. Həmin oliqarx isə nazirlərdən birinin ortağı, yaxın adamıdır. Əməliyyatda saxlanılan şəxslərin sərbəst buraxılması üçün icra başçısının rəislə “danışıqlar”ı zamanı həmin nazirin də adı çəkilib. Lakin polis rəisi nazirliyin göstərişi olmadan belə bir addım ata bilməyəcəyini deyib. Elə bu da rəislə icra başçısının mübahisəsinə səbəb olub".

Bu arada Azpolitika.info saytı məlumat yayıb ki, bu məsələyə görə rayonda vəziyyət kifayət qədər gərgindir. Hətta icra başçısının bu səhvinə görə postdan uzaqlaşdırılacağı barədə şayiələr dolaşır.

Həmin hadisənin iştirakçısı olduğu deyilən, icra başçısının köməkçisi Fuad Əliyev yenidən məsələ ilə bağlı AzNews.az-a açıqlama verib. O, Dövlət Təhlükəsizlik Xidmətinin rayonda belə bir əməliyyat apardığını təsdiqləyib: “Əməliyyat keçirilib. Bizə məlumat verildi ki, burada qazıntı işləri aparılır. Biz bilmirik ki, orada qızıl, yoxsa gümüş çıxarırlar. Goranboy Rayon İcra Hakimiyyəti də məsələ ilə bağlı aidiyyəti orqanlara məlumat verib. Aidiyyətı orqanlar da öz işlərini aparırlar. Məlumatla bağlı araşdırma aparılıb. Düzdür, hadisə yerinə gedib baxmamışıq. Lakin bizə çatan məlumata görə, nə isə etmək istəyiblər, amma vaxtında qarşısı alınıb”.

F.Əliyev əməliyyat zamanı heç bir məmurun həbs olunmadığını iddia edib. Başçının köməkçisi hazırda iş başında olduğunu, onunla bağlı heç bir problem olmadığını deyib: “Mən dünən işdə deyildim. Amma bu gün işə qayıtdım ki, başqa problemlər yaranmasın. Mənim həqiqətən heç bir problemim yoxdur, hazırda işimin başındayam. O əməliyyatla da heç bir əlaqəm yoxdur”.

İcra başçısının nümayəndəsi bu işlə heç bir əlaqəsinin olmadığını desə də, aidiyyəti qurumlar bu işdə günahı olan adamların cəzalandırılması istiqamətində fəaliyyətə başlayıblar.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu