Müharibədə olan Qarabağ döyüşçüsünün evini kim və necə satıb?


Qarabağ döyüşçüsü, ehtiyatda olan baş leytenant İsrayıl İsmayılov 1992-1999-cu illərdə döyüşdə olarkən ondan xəbərsiz mənzili özəlləşdirilib və satılıb.

AFN.az bildirir ki, bu barədə veteran qazilər.az saytına müsahibəsində deyib.

Qarabağ döyüşçüsünün dediyinə görə, 1981-ci ildən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Komitəsində raket-artilleriya qurğuları idarəsində çalışıb.

1983-cü ildə Komitənin Sumqayıt yolu, 6 ünvanında yataqxanası tikilib və İsrayıl İsmayılova həmin binadan iki otaqlı olmaqla 32 kv.metrlik xidməti mənzil verilib. O, 5 nəfər ailə üzvü ilə bərabər həmin mənzildə qeydiyyatda olub. 1990-cı ildə isə həmin mənzilin orderini də veriblər.

Döyüş yolu:

1992-ci ildə könüllü döyüşə gedən İsrayıl Ələkbər oğlu İsmayılov Ağdamda, Cəbrayılda, Tərtərdə Qarabağ torpaqlarını erməni işğalçılarından azad etmək üçün vuruşduğu zaman Bakıda onun maraqlı adamlar onun mənzilini gizlincə özəlləşdirərək satıblar. 1992-ci ilin aprel ayından Müdafiə Nazirliyinin əmri ilə İsrayıl İsmayılovu 708 saylı hərbi hissəyə göndəriblər. 1994-cü ildə başından kontuziya alır və Ağdam rayonunun Sarıcalı hospitalında müalicə olunur. 1999-cu ildə ehtiyatda olan baş leytenant kimi döyüş bölgəsindən evə qayıdır.

Geri dönərkən mənizilində başqa adamların yaşadığını görür. Onun mənzili satılan vaxt idarənin rəhbəri Zülfüqar Musayev adlı bir nəfər olub və hazırda həmin şəxs həyatda yoxdur.

“Təsəvvür edin ki, müharibənin, odun-alovun içindən çıxmış bir adam üçün bu cür hərəkətlə rastlaşmaq nə deməkdir…Mən canımı vətən torpaqları uğrunda verməyə getmişəm, amma burada mənim mənzilimi məndən xəbərsiz özəlləşdirərək satırlar. Həmin vaxt o yataqxana elə yerdə yerləşirdi ki, ətrafda yaşayış mənzilləri olmadığı üçün ailəmi orada qoymamışdım. Anamgilin yanında qoyub döyüşə getmişdim. Qayıdıb gələndən sonra rəhbərliklə aramızda mənzil məsələsinə görə söz-söhbət oldu və mən baş götürüb Rusiyaya getdim. 2002-ci ildə yenidən Vətənə döndüm. 2007-ci ildə adıçəkilən idarəni məhkəməyə verib mənzilimi geri istədim. 31 avqust 2007-ci ildə Bakı şəhəri, Nərimanov rayon məhkəməsində işə baxıldı. Lakin məhkəmə Milli Hidrometeorologiya Departamenti ilə mənim aramda Barışıq Sazişi bağladı. İdarədən məhkəməyə sənəd təqdim etmişdilıər ki, guya həmin binada məcburi köçkünlər məskunlaşıb”.

Məhkəmədə hakim Asif Allahverdiyev belə bir Qərardad çıxarır ki, əgər binadan hər hansı biri boşalarsa, İsmayılov İsrayıl Ələkbər oğlu 15 ay müddətindən gec olmayaraq həmin mənzillərdən birinə köçürülsün. Lakin məhkəmənin qərarı indiyədək icra olunmadan qalıb.

03 avqust 2012-ci il tarixdə yenidən Bakı şəhəri, Nərimanov rayon məhkəməsində hakim Vüqar Məmmədovun sədrliyi ilə işə baxılır. Bu dəfə hakim Barışıq Sazişinin məcburi qaydada icraya yönəldilməsi haqda Qərardad çıxarır. Lakin bu Qərardad da icra olunmadan bu günə kimi qalıb.

Qarabağ döyüşçüsü bildirir ki, məhkəmə qərardadından sonra həmin binada dəfələrlə mənzillər boşaldılsa da, onun mənzilə köçürülməsi nədənsə icra olunmur. Onun sözlərinə görə, adıçəkilən binada cəmi bir məcburi köçkün ailəsi məskunlaşıb. Qalan insanların həmin idarəyə heç bir aidiyyatı yoxdur.

“Səni müharibəyə biz göndərməmişik. Canın çıxaydı oturaydın evində”

Bu sözləri isə Qarabağ döyüşçüsü İsrayıl İsmayılova Milli Hidrometeorologiya Departamentinin direktor əvəzi Xəlil Ramazanov deyib. Həmçinin onun müavini İmran Əbdülov da Qarabağ döyüşçüsüylə kobud davaranaraq müdirinin sözlərini təkrar edib. Heç bir yerə əli çatmayan ehtiyatda olan zabit İsrayıl İsmayılov da bu münasibətlərdən cana doyub. Məsələnin məhkəmə yolu ilə həll olunmadığını gördüyü üçün mətbuata üz tutub.



Müharibədə olan Qarabağ döyüşçüsünün evini kim və necə satıb?



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu