Futbol yığmamızın keçmiş baş məşqçisi dünyasını dəyişdi


2004-2005-ci illərdə Azərbaycan milli futbol komandasına rəhbərlik etmiş Karlos Ablerto Torres bu gün ürəktutmasından vəfat edib.

Virtualaz.org xatırladır ki, Karlos Alberto 17 iyul 1944-cü ildə Rio-de-Janeyroda anadan olub. 1970-ci ildə Braziliya milli futbol komandasının heyətində dünya çempionu olub. Həmin çempionatda komandasının kapitanı idi.

XX əsr simvolik futbol yığmasının heyətinə daxil edilib. Bəzi mütəxəssislərin fikrincə, Karlos Alberto 1970-ci il dünya çempionatının final oyununda futbol tarixində ən yaxşı qola imza atıb.

O, Azərbaycan yığmasına dünya çempionatı 2006-nın seçim turniri dövründə başçılıq edib. Həmin seçim yarışlarında komandamız Uels, Şimali İrlandiya və Avstriya ilə heç-heçə oynayaraq 3 xal yığmışdı.

Düzdür, avstriyalılarla oyunda Torres artıq yox idi. O, 2005-ci ilin iyununda ev matçında Polşaya 0:3 hesabı ilə məğlub olduqdan sonra baş məşqçi postunu tərk etmişdi. Yeri gəlmişkən, o həmin oyunun gedişində özünü saxlaya bilməyərək ehtiyat hakimi vurmuş və meydandan uzaqlaşdırılmışdı.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu