Ərköyün vergi ödəyiciləri-məhəllə marketləri...


Bazar iqtisadiyyatı şəraitində dövlətin qarşısında duran əsas vəzifələrdən biri iriliyindən-xırdalığından asılı olmayaraq, bütün sahibkarlar üçün əlverişli vergi mühitinin yaradılmasıdır. Lakin təcrübə göstərir ki, əksər hallarda vergi inzibatçılığı iri və orta müəssisələr üzərində qurulur, uçot və hesabatların aparılması qaydaları daha çox onlara uyğunlaşdırılmış olur. Bu isə kiçik müəssisələrin və fərdi sahibkarların fəaliyyətinin vergiyə cəlb olunmasında bir sıra çətinliklər yaradır.

Müşahidələrimiz deməyə əsas verir ki, Azərbaycanda da bu məsələ xüsusi diqqət tələb edir. Yaşadığım kiçik bir məhəllədə gördüklərim əsasında qeyd edə bilərəm ki, bundan sonra şərti olaraq məhəllə marketləri adlandıracağım kiçik məhəlli mağazalarda vergi nəzarətindən yayınma imkanları çox genişdir. Lakin maraqlıdır ki, bu yayınmanın qarşılığında belə ticarət obyektlərində qiymətlər iri marketlərə nisbətən daha bahadır. Məsələn, bu sətirlərin müəllifinin iri marketdən 7 manat 90 qəpiyə aldığı “Yeni Zelandiya” yağı məhləmizdəki mağazaların birində 8 manat 80 qəpiyə, digərində 8 manat 90 qəpiyə satılır. Bu vəziyyət ilk olaraq məndə iri marketlərə qarşı vergi haqsızlığı edildiyi qənaətini yaratdı. Lakin sonrakı araşdırmalarım sübut etdi ki, burada durum bir qədər fərqlidir - yəni söhbət haqsızlıqdan yox, daha çox məhəllə marketlərinin fəaliyyətinin tam olaraq vergiyə cəlb olunmasını təmin edə biləcək mexanizmin formalaşmamasından gedə bilər.
Ölkədə sahibkarlıqla məşğul olmaq üçün yaradılan şəraitin həddən artıq yumuşaq olması da sui-istifadə hallarının yaranmasına səbəb olan amillər sırasında qeyd edilə bilər. Bu fikir heç də təsadüfi səslənməyib. Bir müddət əvvəl ölkə başçısı İlham Əliyev qətiyyətlə sahibkarlara şərait yaradılması tələbi qoydu: “Dövlət qurumları - həm mərkəzi dövlət orqanları, həm yerlərdəki icra orqanları sahibkarlar üçün bütün şəraiti yaratmalıdırlar. Onların işinə müdaxilə etməməlidirlər, əksinə, onları təşviq etməlidirlər və mütəmadi qaydada məlumat verməlidirlər ki, hər bir bölgə üzrə nə qədər investisiya qoyulub, investisiyanın mənbəyi nədir...”
Prezident eyni zamanda vergi bazasının genişləndirilməsi vacibliyini qeyd edib: “Buna nail olmaq üçün kifayət qədər ehtiyatlar var. Biz qeyri-formal iqtisadi fəaliyyəti leqal müstəviyə gətirməliyik və bu istiqamətdə çox ciddi addımlar atılmalıdır. Vergi Məcəlləsinə edilmiş bir sıra dəyişikliklər artıq qüvvəyə minib və daha da gözəl imkanlar yaradır”.
İlham Əliyevin bu mövqeyi dövlət orqanlarını nə qədər korrekt davranmağa məcbur edirsə, görünən odur ki, bir o qədər də sahibkarların özlərini ərköyün uşaq kimi aparmasına səbəb olub. Təsadüfi deyil ki, iri supermarket sahibləri bir müddət əvvəl vergi güzəştləri tələb edirdilər. Bu təsir özünü kiçik sahibkarlığın fəaliyyətində başqa cür göstərir. Yazımızın davamında bu və digər səbəblərdən yaranmış problemi və çıxış yollarını diqqətə çatdırmağa çalışacağıq.

Ərköyün vergi ödəyiciləri-məhəllə marketləri...

Məhəllə marketləri necə fəaliyyət göstərirlər?

Adının çəkilməsini istəməyən mühasib həmsöhbətimizin sözlərinə görə, onlar daha çox sadələşdirilmiş vergi ödəyiciləridir: “Onu bilirəm ki, bu mağazalarda qazanc daha çox olur, nəinki şəhərin mərkəzində böyük bir supermarketdə. Mən əvvəllər şəhərin müxtəlif yerlərində - “Gənclik”də və “Xalqlar Dostluğu”nda iki mağazası olan şəbəkənin, həmçinin onun rəhbərinin “Günəşli”də məhəllələrin birində yerləşən xırda mağazasının mühasibatını aparırdım. Həmin xırda mağaza iki böyük mağazadan daha çox gəlir gətirirdi, lakin onun vergisi də az idi, digər xərcləri də”.
Mühasib həmsöhbətimizin dediklərini iqtisadçı ekspert Qalib Toğrul reallıq sayır və deyir ki, hazırda əksər ölkələrin vergi sistemində kiçik sahibkarlıq subyektləri üçün sadələşdirilmiş vergi rejimlərinin müxtəlif növlərinin tətbiq olunması göstərilən problemin həlli yollarından biri kimi qiymətləndirilir. Lakin sadələşdirilmiş vergi rejiminin çatışmayan cəhəti də var. Belə ki, Q.Toğrulun sözlərinə görə, əksər hallarda bu rejimi tətbiq edən vergi ödəyicilərinin rentabellik səviyyəsi nəzərə alınmır.

Azərbaycan təcrübəsi...

Qeyd edək ki, Azərbaycanda da “sadələşdirilmiş” vergi sistemi tətbiq olunur. Vergi Məcəlləsi qüvvəyə mindikdən sonra sadələşdirilmiş vergi, onun tətbiqi halları və qaydaları müəyyən edilib. Belə ki, Məcəlləyə əsasən, illik dövriyyəsi 200 min manata qədər olan vergi ödəyiciləri verginin sadələşdirilmiş növünü seçə bilərlər. Bu zaman Bakı şəhərində fəaliyyət göstərən və fiziki şəxs olan ödəyicilər dövriyyənin 4 faizi, regionlarda fəaliyyət göstərənlər isə 2 faizi həcmində vergi ödəyirlər. Hüquqi şəxslər isə dövriyyə vergisindən əlavə, həm də xalis mənfəətin bölüşdürülməsi zamanı 10 faizlik dividend vergisi ödəməlidirlər.
Bu mexanizmin üstünlüklərindən biri odur ki, biznesi Bakıdan çıxarıb paytaxt ərazisindən kənarda rəsmiləşdirdikdə, vergi dərəcəsini 2 faizədək azaltmaq mümkündür. Bu, vergi ödənişlərinin optimallaşdırılması üçün son dərəcə əlverişli, qanuni üsuldur. Eyni zamanda mühasibatlığın aparılmasına və işə mühasib cəlb etməyə ehtiyac yoxdur. Bu xidmətlərin heç də ucuz başa gəlmədiyini nəzərə alsaq, burada əhəmiyyətli dərəcədə qənaətə nail olmaq mümkündür.
Vergi Məcəlləsinə son dəyişiklikdən sonra ticarət və ictimai iaşə sahəsində fəaliyyət göstərən subyektlər 200 min manatlıq məbləği aşdıqda belə sadələçdirilimiş vergi ödəyicisi ola bilər, ancaq vergini müvafiq olaraq 6 və 8 faizlə ödəməlidir.

Dünya təcrübəsi...

Q.Toğrulun fikrincə, kiçik sahibkarlıq subyektləri tərəfindən sadələşdirilmiş vergi rejiminin tətbiqinin həm vergi ödəyiciləri, həm də dövlət üçün səmərəli olması məqsədilə onun tətbiqi formalarının təkmilləşdirilməsinə xüsusi diqqət yetirilməlidir. Ekspert bu sahədə uğurlu təcrübə kimi Rusiya modelini görür: “Rusiyada 2012-ci ildən etibarən sadələşdirilmiş verginin patent növündən çox uğurla istifadə olunur. Ölkə qanunvericiliyinə əsasən, patent vergisi ilə işləmək istəyən fərdi sahibkarların illik gəlirinin maksimum məbləği onların qeydiyyatdan keçdiyi ərazi üzrə fərqlənir. Məsələn, bu hədd Moskva vilayətində ildə 60 mln. rubl, Buryatiyada isə 1 mln. rubl müəyyənləşdirilib.”
Həmsöhbətimiz deyir ki, istənilən sistemin müsbət və mənfi tərəfləri mövcuddur: “Fərdi sahibkarlar üçün patent vergisinin tətbiqinin əsas məqsədi kiçik biznesin inkişafı və vergi inzibatçılığının təkmilləşdirilməsi üçün daha əlverişli şəraitin yaradılmasıdır. Bu vergi sistemi vergi hesabatları ilə bağlı prosedurların sadələşdirilməsini nəzərdə tutur. Bu sistemdə kassa və mühasibat uçotu aparılmasına və gəlir bəyannaməsinin təqdim olunmasına ehtiyac qalmır. Bundan başqa, patent vergisinə keçid və əvvəlki sitemə (geriyə) qayıdış könüllüdür. Sadəlik və şəffaflıq patentin hesablanmasının əsas formuludur. Əgər fərdi təsərrüfat subyekti illik patent alarsa, o halda vergi orqanları həmin fərdi sahibkarın gəlir və xərclərinə nəzarət etmirlər, bu halda da sahibkarlarla vergi müfəttişlərinin ünsiyyətləri azalır. Bu da kiçik sahibkarlığin inkişafına mane olan inzibati baryerlərin azalmasına gətirib çıxarır”.

Repetitorlar, təmir-tikinti ustaları, müğənnilər-əsas hədəflər

Bütün dünyada əsas vergitutma bazasını iri ödəyicilərin təşkil etdiyini deyən digər həmsöhbətimizin sözlərinə görə, buna baxmayaraq, hökumətlər kiçik və orta sahibkarlığın inkişafı üçün xüsusi vergi rejimlərini də tətbiq edirlər: “Bunun çox sadə bir səbəbi var: iri ödəyicilər kiçik və orta sahibkarlıq subyektlərinin böyüməsindən yaranır. Digər tərəfdən isə bu subyektlər iş yerlərinin yaradılmasında heç də iri ödəyicilərdən az rol oynamırlar.”
Qeyd edək ki, rəsmi məlumata əsasən, 1 yanvar 2016-cı il tarixinə sahibkarlıq subyektlərinin sayı 677 231 olub. Sahibkarların ümumi bölgüsünə görə onların təqribən 14,8 faizini hüquqi şəxslər, 85,2 faizini isə fiziki şəxslər təşkil edir.
Müsahibimizin sözlərinə görə, kiçik və orta müəssisələrin yaranmasına və inkişaf etməsinə hərtərəfli kömək etməkdə dövlət daha çox maraqlıdır: “Bu baxımdan, kiçik və orta biznesin fəaliyyətinin vergilərlə nizamlanması istiqamətində aparılan dövlət siyasəti çox böyük əhəmiyyət kəsb edir. Bu subyektlərin inkişafının vergi siyasəti vasitəsi ilə stimullaşdırılmasında beynəlxalq praktikada (o cümlədən, Rusiya Federasiyasında) iki əsas üsuldan istifadə olunur: müxtəlif vergi növləri üzrə vergi güzəştlərinin və onlar üçün xüsusi vergitutma rejimlərinin tətbiq edilməsi.
Xüsusi vergitutma rejimlərinin tətbiq olunması kiçik və orta sahibkarlıq subyektlərinin vergi yükünü əhəmiyyətli dərəcədə azaldır. Lakin bəzi hallarda bu arzuolunan effektə, yəni vergitutma bazasının genişlənməsinə və büdcəyə vergi daxilolmalarının artmasına səbəb olmur. Buna görə də kiçik və orta biznesin fəaliyyətlərinin vergi nizamlanması barədə dövlət siyasəti hərtərəfli düşünülməli və təkmil olmalıdır.”
Müsahibimiz bildirir ki, Azərbaycanda patent vergisi repetitorluq və ev təmiri ilə fərdi məşğul olan briqadaların fəaliyyətinə, müğənnilərə və s. tətbiq olunarsa, daha uğurlu nəticə əldə etmək mümkündür: “Apardığımız təqribi hesablamalara görə, bu fəaliyyət növləri üzrə əldə olunan gəlirlər kifayət qədər böyükdür. Lakin buna baxmayaraq, bu gəlirlər demək olar ki, vergiyə cəlb olunmur. Bu sahələrdə fəaliyyət göstərən şəxslər faktiki olaraq əldə etdikləri gəlirləri vergidən yayındırırlar. Bu sahələrdə patent sisteminin tətbiqini yaranmış vəziyyətdən çıxış yolu kimi qiymətləndirmək olar”.

Kiçik biznes-aşağı vergi dərəcəsi

Mütəxəssis onu da qeyd edir ki, Avropa ölkələrinin böyük əksəriyyətində kiçik biznesin vergiyə cəlb edilməsində digər təsərrüfat subyektləri ilə müqayisədə aşağı vergi dərəcələri tətbiq edilir: “Beynəlxalq praktikada tətbiq edilən sadələşdirilmiş vergi rejimi kiçik biznes subyektlərini digər əsas vergiləri ödəməkdən azad edir. Bu sahədə Azərbaycanda tətbiq edilən vergi rejiminə oxşar vəziyyət Rusiyada tətbiq edilir. Lakin ölkəmizdən fərqli olaraq, Rusiyada öhdəlik edilmiş gəlirə vahid vergi və patent sistemi mövcuddur. Digər tərəfdən, Azərbaycanın vergi qanunverciliyində Avropa ölkələrinin əksəriyyətindən fərqli olaraq orta müəssisə, mikrofirma anlayışı yoxdur”.
Göründüyü kimi, Azərbaycanda böyük əksrəyiyyəti ticarət və iaşə sahəsində fəaliyyət göstərən kiçik və orta biznesin vergi ödəməyə stimullaşdırılması üçün maraqlı təkliflər var. Bu məsələnin həllində həm dövlət, həm də kiçik və orta sahibkarlar üçün qızıl ortanı tapmaq isə vergi orqanlarının üzərinə düşür.



Vergilər Nazirliyi: "Məqsəd vergi güzəştlərinin və vergidən azadolmaların sayını minimuma endirməkdir”

Vergilər Nazirliyindən sorğumuza cavab olaraq bildirildi ki, vergi bazasının genişləndirilməsi üçün kiçik sahibkarlığn vergi ödəməyə təşviqi ilə bağlı bir sıra mühüm addımlar atılıb: “Vergi Məcəlləsinin 1 yanvar 2016-cı il tarixdən qüvvəyə minən yeni müddəalarına əsasən, vergitutulan əməliyyatlarının həcmi 200.000 manat və ondan az olan şəxslər 2 faiz və ya 4 faiz dərəcə ilə sadələşdirilmiş vergitutma metodunu tətbiq edə bilərlər. Dəyişikliyə qədər həmin məbləğ 120.000 manat təşkil edirdi. Bu, kiçik sahibkarlıq subyektlərinə sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququnun verilməsi həmin vergi ödəyicilərinə münasibətdə vergi inzibatçılığını sadələşdirməklə yanaşı, adıçəkilən vergi ödəyicilərinin vergi yükünün azaldılması, ticarət dövriyyələrinin şəffaflaşması, dövriyyə vəsaitlərinə qənaət olunması və vergitutma obyektinin genişlənməsi məqsədini daşıyır. Vergilər Nazirliyi tərəfindən sadələşdirilmiş verginin ödəyicisi olan sahibkarlıq subyektlərində mənbəyi bəlli olan məlumatlar əsasında və ya vergi orqanının vergi ödəyicisi barəsində apardığı araşdırma nəticəsində vergidənyayınma riski yüksək olan vergi ödəyiciləri, əmək müqavilələrinin bağlanması, aksizli malların satışı zamanı aksizlərin tətbiqinə nəzarət və dövriyyənin müəyyənləşdirilməsi üçün xronometraj metodu ilə müşahidələrin aparılması istisna olmaqla səyyar vergi yoxlamaları və operativ nəzarət tədbirləri dayandırılıb. Bununla yanaşı, dövriyyəsi 200.000 manatdan aşağı olan vergi ödəyiciləri tərəfindən qanunvericiliyin tələblərinin pozulması və bununla da istehlakçıların hüquqlarının təmin olunmaması hallarına rast gəlindiyi halda, habelə qeyd olunan vergi ödəyiciləri bu məhdudiyyətdən sui-istifadə edərək onların barəsində vergidənyayınma faktları və vergi hüquqpozmaları haqqında vətəndaşlardan və digər vergi ödəyicilərindən Vergilər Nazirliyinə daxil olan rəsmi müraciətlər üzrə həmin vergi ödəyicilərində də vergi nəzarəti tədbirləri həyata keçirilir. Son illər həyata keçirilən vergi siyasətinin əsas istiqamətlərindən biri vergitutma bazasını genişləndirmək və vergi dərəcəsini aşağı salmaqla vergi güzəştlərinin və vergidən azadolmaların sayını minimuma endirməkdir”.

Həbibə ABDULLA

P.S. Yazı Mətbuat Şurasının və Vergilər Nazirliyinin “Azərbaycanın vergi sistemi yeni iqtisadi inkişaf mərhələsində” mövzusunda fərdi yazı müsabiqəsinə təqdim olunmaq üçün verilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu