SOCAR-ın istiqrazlarını alan yoxdur?


SOCAR-ın guya istiqrazlarını hər an geri alacağı haqda yalanını ifşa etdikdən sonra yeni fəndə əl atıb.

AFN.az xəbər verir ki, bu barədə hüquqşünas Əkrəm Həsənov bildirib. Onun sözlərinə görə, SOCAR istiqrazları hər an geri almağa hazır olduğunu iddia edirdi: "Halbuki, bir neçə gün əvvəl yazdığım kimi, istiqrazların Emissiya prospektinin 6-cı səhifəsində birmənalı olaraq deyilir: “İstiqrazların emitent tərəfindən geri satın alınması nəzərdə tutulmur”.
Emissiya prospektinə zidd olan ilkin bəyanatına haqq qazandırmaq üçün SOCAR bu gün bir sıra KİV-də məlumat yayıb ki, “PSG Kapital İnvestisiya Şirkəti” vasitəsilə istiqrazları nominal dəyərindən aşağı olmayan qiymətlə almaq öhdəliyi götürüb: "Bu o deməkdir ki, istiqraz sahibləri ödəniş müddətinin sonuna qədər (5 il) gözləməyə məcbur deyildirlər, hər an istiqrazlarını BFB-də geri satıb, yatırılan vəsaitlərini götürə bilərlər”.
Ə.Həsənov bildirir ki, əslində, bu, potensial istiqraz alıcılarını sakitləşdirmək üçün verilən bəyanatdan başqa bir şey deyil: "Buraxılan qiymətli kağız üzrə emitentin öhdəliyi qanunla və emissiya prospekti ilə müəyyən edilir. Onlara uyğun olaraq isə SOCAR-ın istiqrazlarını geri almaq öhdəliyi yoxdur. Deməli, almaya da bilər".
SOCAR-ın “PSG Kapital İnvestisiya Şirkəti” vasitəsilə hansısa öhdəlik götürməsi ilə bağlı hüquqşünas qeyd edib ki, həmin öhdəliklərin ortada olmaması ciddi suallar yaradır: "O öhdəliklər hanı, necə tərtib olunub, hansı formadadır? Mahiyyəti nədir: müqavilədir? Niyə dərc edilmir? Şərtləri nədən ibarətdir? Öhdəlik kimin qarşısında götürülüb? Hansı müddətə götürülüb? Bəlkə cəmi 1 günlük götürlüb? Biz bunları haradan bilməliyik? Belə bir öhdəlik varsa və SOCAR birmənalı öhdəlik daşıyırsa, həmin öhdəlik dərc edilməlidir. İstiqraz sahibi sabah istiqrazı sata bilməyəndə, hansı sənədə istinad edəcək? İnternetdəki hansısa yazıya?
Tutaq ki, lap belə öhdəlik, yəni hansısa müqavilə var. Həmin öhdəlik istiqraz sahibləri qarşısında deyil, Bakı Fond Birjası qarşısındadır. Deməli, Birja SOCAR-ı bu öhdəlikdən azad da edə bilər və istiqraz sahiblərindən soruşmalı deyil. Axı SOCAR-ın istiqraz sahibləri qarşısında heç bir öhdəliyi yoxdur!
Öhdəlik varsa belə, öhdəliyi kim götürüb: SOCAR, yoxsa marketmeyker olan “PSG Kapital İnvestisiya Şirkəti”? Ümumiyyətlə, “PSG Kapital İnvestisiya Şirkəti” vasitəsilə öhdəlik götürmək nə deməkdir? Xatırladıram ki, “Qiymətli kağızlar bazarı haqqında” Qanunun 1.0.18-ci maddəsinə əsasən “marketmeyker – qiymətli kağızlar bazarında mütəmadi olaraq öz hesabına və fond birjası ilə razılaşdırılmış qiymət dəhlizi çərçivəsində özünün müəyyənləşdirdiyi qiymətlərlə qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin alqı-satqısını həyata keçirən şəxs”dir. Yəni Birja qarşısında öhdəliyi SOCAR deyil, marketmeyker götürə bilər. Məlumat üçün: “PSG Kapital İnvestisiya Şirkəti”nin nizamnamə kapitalı cəmi 300 000 manatdır. Bu pulla 100 mln. dollara təminat verir?
Mən başa düşürəm ki, yəqin, SOCAR-ın istiqrazları planlaşdırıldığı kimi satılmır. Amma buna görə əhalini çaşdıran yeni fəndlərə əl atmaq lazım deyil. Etibar qazanmağın bir yolu var: qanuna riayət etmək, şəffaf, səmimi və məsuliyyətli olmaq. Təəssüf ki, hələlik biz bunun yalnız əksini görürük..."



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu