OPEC toplandı, gözlənilən qərar verildi, bəs sonra?


Ekspertlərə görə, dünya neft hasilatının yalnız üçdə birinə malik olan qurumun qərarı ciddi dəyişikliyə gətirməyəcək

Nəhayət ki, Neft İxrac edən Ölkələr Təşkilatı - OPEC neft hasilatı ilə bağlı gözlənilən qərarı verib. Əlcəzairdə Neft İxrac edən Ölkələr Təşkilatına üzv olan və olmayan ölkələrin toplantısında neft hasilatının məhdudlaşdırılması barədə razılığa gəlinib.

Ekspert Natiq Cəfərliyə görə, toplantıya reaksiya impulsiv olub və açıqlamadan sonra neft 4,5 faizə yaxın bahalaşaraq, 48 dollar civarında olub: “İndi bazar sakitləşib, bir az azalma da müşahidə olunur. Əslində ilkin qərar ondan ibarət oldu ki, hasilatın dondurulması və yaxud azaldılması ilə bağlı qərar noyabrın 30-da Vyanada qəbul ediləcək. Amma toplantıya hələ iki ay var və bu müddət ərzində müxtəlif problemlər meydana çıxa bilər. Əsas problem də odur ki, OPEC-in nəzarət mexanizmi yoxdur. İkinci məsələ: bəzi ölkələr, o cümlədən Liviya, İraq və İran hasilatı artırmağı düşünür ki, ilkin kvotalarına çatsınlar. Ya da daxili qarşıdurma ilə əlaqədar hasilatdan bazar payını tələb edir”.

Ekspertin sözlərinə görə, ölkələrin hərəsinin öz marağı olduğu bir şəraitdə razlıaşma əldə edib onu həyata keçirmək çox çətin olacaq: “Yəni qiymətin kəskin artımı üçün bu, kifayət deyil. Çünki bazarda neftdən başqa ciddi oyunçular da var. Məsələn, Rusiya keçən həftə tarixində rekord səviyyədə, gündə 12 milyon barel neft hasil edib. Amerikada hasilatın artması prosesi gedir. Bütün bu OPEC-dən kənar dövlətlərin üzvlərinin maraqları da var ki, neft bazarında öz payını itirməsinlər. Ona görə də OPEC-in son toplantısında verilən qərarın bazara təsir etmək qabiliyyəti yoxdur. Çünki OPEC-in hasilatı ümumiyyətlə dünya bazarının ancaq üçdə birini təşkil edir. Qalan üçdə ikisi digər ölkələrin payına düşür. Həmin ölkələrin tutduğu mövqedən də çox şey asılı olacaq”.

Qeyd edək ki, OPEC son səkkiz ildə ilk dəfə istehsalı azaltmağa gedir. Beləliklə, Səudiyyə Ərəbistanı və İranın, 2014-cü ildən bu yana davam etdirilən “istədiyin qədər istehsal et” yanaşmasının davam edəcəyini düşünən investorlar pis vəziyyətdə qalıb. Bildirilir ki, Səudiyyə Ərəbistanının getdikcə pisləşən maliyyə vəziyyəti Əlcəzairdə keçirilən OPEC toplantısında hasilat miqdarını azaltması qərarının verilməsinə səbəb olub. Səudiyyə Ərəbistanı dünyanın ən böyük 20 iqtisadiyyatı arasında ən çox büdcə kəsirinə malik olan ölkədir.

Qərarla Azərbaycan da daxil olmaqla, neft ixrac edən ölkələrin maliyyə sıxıntısı azala, həmçinin təxirə salınmış neft layihələri yenidən canlana bilər. Bildirilir ki, indi övbə Rusiya və digər sərbəst neft istehsalçılarının Səudiyyə Ərəbistanının qərarına dəstək verib-verməməsindədir. İran isə neft hasilatını dondurmayacağını açıqlayıb. Bu barədə Əlcəzairdə OPEC-ə üzv dövlətlərin qeyri-rəsmi görüşünün yekunlarını şərh edən İranın neft naziri Bican Namdar Zənqane bildirib. Yekun təklifin təşkilatın noyabrda keçiriləcək toplantısında səsləndiriləcəyini deyən Zənqane qeyd edib ki, ölkəsi neft hasilatını dondurmayacaq.
OPEC prezidenti Məhəmməd Saleh əs-Sədanın sözlərinə görə, kartelə üzv ölkələrin hər biri üçün fərdi istehsal səviyyəsini təşkilatın nəzdində yaradılacaq xüsusi komissiya müəyyən edəcək. Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih isə bildirib ki, İran, Liviya və Nigeriyaya maksimal səviyyədə neft hasil etməyə icazə veriləcək.

Dünyanın iri maliyyə xidmətləri şirkəti olan “Goldman Sachs Group Inc” isə OPEC-in neft istehsalını azaltmaq barədə verdiyi qərarının neft qiymətlərini 10 dollar/barel artıracağını açıqlayıb. «Goldman» bildirib ki, razılaşmaya OPEC-ə daxil olmayan istehsalçıların əməl edib-etməyəcəkləri naməlumdur. “Goldman Sachs”ın 28 sentyabr tarixli hesabatında, “neft hasilatının gündəlik 32,5 milyon barelədək məhdudlaşdırılması böyük ehtimalla, neft qiymətlərini dəstəkləyəcək. Ən azından yaxın perspektivdə” ifadəsi yer alıb. Buna baxmayaraq, bank, 2016-cı il və gələn il üçün qiymət proqnozlarını qoruyub. «Goldman»a görə, bazardakı qeyri-müəyyənlik gələcək aylarda da davam edəcək və sözügedən qərar noyabr iclasında rəsmi səviyyədə təsdiq olunsa belə, hasilat kvotası aşıla bilər. Goldman analitiklərinin məruzəsində, “Qərar 2017-ci ilin ilk yarısında tətbiq olunarsa, digər hər şeyin sabit qalması vəziyyətində, bu gün açıqlanan hasilat kvotasının neft qiymətlərinə 7 dollar-10 dollar arasında təsir edə bilər”, - deyə bildirilir.

ABŞ-da isə artıq həftəlik xam neft ehtiyatları 1,9 milyon barel azalıb. ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədə kommersiya xam neft ehtiyatlarının ötən həftə əvvəlki həftəyə nisbətən 1,9 milyon barel (0,4 faiz) azalaraq 502,7 milyon barelə düşdüyünü açıqlayıb. Bazar gözləntisi ehtiyatların 3 milyon barel artması istiqamətində idi. Bir əvvəlki həftə xam neft ehtiyatları 6,2 milyon barel azalmışdı. ABŞ-da strateji neft ehtiyatları dəyişməyərək, sözügedən həftədə 695,1 milyon bareldə qalıb. Bu dövrdə ABŞ-ın xam neft hasilatı əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 15 min barel azalaraq 8,5 milyon barelə çatıb. Ölkənin xam neft idxalı da sözügedən həftədə bir əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 474 min barel azalaraq 7,83 milyon barelə çatıb.

Bu arada ABŞ-ın həftəlik benzin ehtiyatları da sözügedən həftədə 2 milyon barel (0,9 faiz) artaraq 227,2 milyon barel olub. Fakta münasibətdə bazar gözləntisi 0,2 milyon barel artım olması istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftədə 3,2 milyon barel azalmışdı. ABŞ-ın həftəlik xam neft ehtiyatlarının azalması ilə əlaqədar xam neftin qiymətlərində artım baş verib. Brent neftin qiyməti isə 3 faizə yaxın qalxaraq 47,70 dollar olub.(musavat.com)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu