Hökumətdən daha bir bahalaşma QƏRARI




Azərbaycanda suyun qiyməti artırılacaq.

AFN.AZ xəbər verir ki, bu, “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”ndə əksini tapıb. Sənəddə qeyd olunur ki, elektrik enerjisi və təbii qaz istehlakında olduğu kimi, Azərbaycan Respublikasında bütün istehlakçı qrupları üzrə, o cümlədən ev təsərrüfatları və sənaye sahələri üçün su istehlakının səmərəliliyi yüksəldilməlidir. Bunun üçün optimal istehlakçı qiymətinin tətbiqi və ünvanlı investisiyaların qoyulması nəzərdən keçiriləcək: “Xüsusən də, ölkədə manatın ABŞ dollarına nisbətdə devalvasiyasını nəzərə aldıqda qeyd etmək olar ki, içməli və tullantı su qiymətləri Azərbaycan Respublikası ilə müqayisə edilə bilən ölkələrə nisbətən aşağıdır. Ölkədə su ehtiyatlarının və onlardan istifadənin uçotunun təkmilləşdirilməsi, sudan ödənişli istifadənin təyinatının müəyyənləşdirilməsi, bu sektor üzrə vahid tarif siyasətinin həyata keçirilməsi, su ehtiyatlarından səmərəli istifadə və ümumilikdə su təsərrüfatının idarə olunmasında effektivliyin yüksəldilməsi məqsədilə ölkənin su təsərrüfatı balansının tərtibi, suyun mənbədən götürülməsindən tutmuş son istehlaka qədər olan bütün mərhələlər üzrə sudan istifadə haqqının sərfəli tənzimlənməsi istiqamətində tədbirlər görüləcəkdir.”

Bunun üçün müvafiq dövlət qurumu istehlak həcmlərindəki dəyişikliklərin tariflərə mümkün təsirlərini təhlil edərək, habelə GINI indeksi və ya istehlak gücü nəzərə alınmaqla, qiymətlərin cəmiyyət üçün optimal səviyyəsinin müəyyənləşdirilməsi məqsədilə müqayisəli araşdırmalar apararaq, su və kanalizasiya xidmətləri üzrə mövcud qiymətlərin araşdırmalar nəticəsində müəyyən edilmiş optimal tarif səviyyəsinə uyğunlaşdırılması məsələsinə baxacaq. Həmçinin istehlakçı kateqoriyaları üzrə minimal tariflərin tətbiq edildiyi istehlak həcmi səviyyələrinin müəyyənləşdirilməsini
və bu səviyyələri aşan izafi istehlak üçün daha yüksək tariflərin (dövlət tərəfindən müəyyənləşdirilmiş həddə qədər) tətbiqini nəzərdə tutan ikisəviyyəli tarif sistemi nəzərdən keçiriləcək. Bu sistem minimum qiymətqoymanı təmin etməklə və sərfiyyata əsaslanmaqla, qiymətlərin tədricən artımını nəzərdə tutacaq. Su və kanalizasiya xidmətlərindən istifadə edən xüsusi istehlakçı qrupları üzrə sosial proqramlar hazırlanacaq. Sosial proqramların əhatə edəcəyi aztəminatlı əhali və strateji əhəmiyyətli digər istehlakçı qruplarının müəyyənləşdirilməsi məqsədilə aidiyyəti dövlət orqanları ilə işlərin əlaqələndirilməsi istiqamətində tədbirlər görüləcək. Müvafiq dövlət qurumu tarif siyasətini bu sosial proqramlara uyğun olaraq müəyyənləşdirilmiş istehlakçı kateqoriyaları üçün güzəştlər tətbiq etməklə həyata keçirəcək. Qeyd olunan meyarlar əsasında müəyyənləşdirilmiş tariflərin tətbiqindən sonra uzunmüddətli perspektivdə fasiləsiz və keyfiyyətli su təchizatını təmin etmək məqsədilə “Azərsu” ASC suyun istehlak səviyyəsindəki dəyişiklikləri nəzərə almaqla, gələcəkdə sudan istifadə üzrə proqnoz göstəricilərini müəyyənləşdirəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu