Azərbaycan və Çexiya arasında Qarışıq Komissiyanın iclası keçirilib



Yanvarın 18-də Bakı Biznes Mərkəzində Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 4-cü iclası keçirilib. Tədbirdə Qarışıq Komissiyanın həmsədrləri - Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini Sahil Babayev və Çexiya Respublikasının sənaye və ticarət nazirinin müavini Jiri Koliba, eləcə də hər iki tərəfdən komissiyada təmsil olunan müvafiq qurumların nümayəndələri iştirak ediblər.

İclasda çıxış edən Komissiyanın həmsədri, iqtisadiyyat nazirinin müavini Sahil Babayev Azərbaycan və Çexiyanın strateji tərəfdaşlar olduğunu və bu barədə 2015-ci ildə Bəyannamənin imzalandığını, ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni əlaqələrin inkişaf etdiyini vurğulayıb. Qeyd edilib ki, Azərbaycan-Çexiya arasında əməkdaşlığın genişlənməsində dövlət başçılarının, rəsmi nümayəndə heyətlərinin və işgüzar dairələrin qarşılıqlı səfərləri böyük əhəmiyyət kəsb edir. İndiyədək 40-a yaxın qarşılıqlı səfər həyata keçirilib, 25 sənəd imzalanıb.

Hazırda Azərbaycanda 19 Çexiya investisiyalı şirkət fəaliyyət göstərir və indiyədək bu şirkətlər tərəfindən ölkəmizə əsas kapitala 1,3 mlrd. dollar investisiya yatırılıb. Çexiya şirkətləri dəyəri 1,6 mlrd. manat olan 6 layihə üzrə podratçı qismində də iştirak edirlər. 2008-2015-ci illərdə iş adamlarının iştirakı ilə 6 biznes forum və işgüzar görüş keçirilib. Dünən növbəti Azərbaycan-Çexiya biznes forumu keçirilib.

Qarışıq Komissiyanın 3-cü iclasından ötən müddət ərzində ticarət, enerji, investisiya qoyuluşu, kənd təsərrüfatı, maliyyə sahələrində, Tvinninq aləti çərçivəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğunu qeyd edən Sahil Babayev ölkələrimiz arasında ticarət əlaqələrinin genişləndirilməsi, Çex şirkətlərinin Azərbaycandakı sənaye parklarında və aqroparklarda yaradılmış əlverişli imkanlardan yararlanmaqla, ölkəmizə investisiya yatırması, bu sahədə təcrübə mübadiləsi üçün imkanları diqqətə çatdırıb. Azərbaycanda həyata keçirilən iri layihələr - Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi, Bakı-Tbilisi-Qars, Dəniz Ticarət Limanı barədə məlumat verən Sahil Babayev Çexiyanın ölkəmizin nəqliyyat infrastrukturu və tranzit imkanlarından istifadə edə biləcəyini qeyd edib, çex şirkətlərini Ələtdə yaradılacaq XİZ-ə investisiya yatırmağa dəvət edib. Bundan başqa, Azərbaycanın Çexiyaya ixrac missiyaları, turizm sahəsində əməkdaşlığın genişləndirilməsi üçün qarşılıqlı infoturlar təşkil edilə bilər.

Çexiya Respublikasının sənaye və ticarət nazirinin müavini Jiri Koliba çıxışında ölkəsinin Azərbaycanla əlaqələrə önəm verdiyini qeyd edərək, komissiyanın ölkələrimiz arasında əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynadığını vurğulayıb. Müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi perspektivlərinə dair fikirlərini bölüşən cənab Koliba çıxışında Çexiya iqtisadiyyatına dair məlumat verib.

İclasda komissiyanın üzvləri müzakirə olunan məsələlərlə bağlı fikirlərini bildirib.

İclasın sonunda Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 4-cü iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi Qarışıq Komissiyanın həmsədrləri – Azərbaycan respublikasının iqtisadiyyat nazirinin müavini Sahil Babayev və Çexiya Respublikasının sənaye

İqtisadiyyat Nazirliyi

və ticarət nazirinin müavini Jiri Koliba imzalayıb. Protokola əsasən, ticarət, investisiya qoyuluşu, sənaye, maliyyə, nəqliyyat, enerji, kənd təsərrüfatı, səhiyyə, təhsil, elm və texnologiya, əmək, məşğulluq, sosial müdafiə, mədəniyyət və turizm sahələrində əməkdaşlığın davam etdirməsi nəzərdə tutulur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu