Vüsal Novruzov Aydın Əliyevi devirmək üzrə- ŞOK FAKTLAR




Azərbaycanda bir sıra qurumlar var ki, onların rəhbərləri tabeliklərində olan şəxslərlə bacarmırlar. Yəni bu şəxslər onların rəhbərliyində fəaliyyət göstərsələr də, əslində bu, sadəcə kağız üzərində belə olur. Reallıqda isə onlar rəhbərə nəinki tabe olmurlar, hətta qurum içində özləri üçün ayrıca qurum yaradırlar.

Belə bir durum Azərbaycan Dövlət Gömrük Komitəsində də mövcuddur. Belə ki, komitənin sədri Aydın Əliyevlə Bakı Şəhər Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzovun arasında münasibətlər məhz bu cür qurulub. V.Novruzov komitə sədrinə nəinki tabe olmur, üstəlik, rəgbərlik etdiyi idarə və şəxsən özü ilə bağlı A.Əliyevin verdiyi qərarları belə ləğv etdirə bilir. Görünür, bu qədər bacarıqlı(?) olması səbəbindəndir ki, ölkədə sahibkarlara zülüm edən məmurlar içərisində liderlərdən sayılır. Baxmayaraq ki, ölkə rəhbərliyi sahibkarlığın inkişafını prioritet elan edib, iş adamlarına qarşı haqsızlığı, onların incidilməsini qadağan edib, V.Novruzov bildiyini etməkdə davam edir. AFN-ə bununla bağlı danışan sahibkarlar bildirirlər ki, dəfələrlə göstəriş verilsə də, dəyişən heç nə yoxdur. İdarə rəisi “burda mənəm, Bağdadda kor xəlifə” prinsipi ilə fəaliyyətini davam etdirir.

Məlumat verildiyi kimi, bir neçə gün öncə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin müvafiq əmri ilə işlərində verdikləri ciddi nöqsanlara görə 4 yüksək vəzifəli şəxs orqandakı işlərindən azad olundular. Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsi, Əməliyyat idarəsinin rəis müavini Ceyhun Fərzəliyev, Əməliyyat-Axtarış şöbəsinin rəisi Malik Əliyev, eləcə də Biləsuvar və Astara Sərhəd Keçid Məntəqələrinin rəisləri işdən çıxarılıb. Biləsuvar Sərhəd Keçid Məntəqəsinin rəisi İlqar Abdullayevi Elçin Quliyev əvəzləyib. Astara Sərhəd Keçid Məntəqəsinin rəisi Sücəddin Hüseynovun yerinə isə Mirkazım Miratayev təyin edilib.

Mətbuatda yayılan məlumata görə, Aydın Əliyev əslində daha ciddi problemi – uzun müddətdən bəri qeyri-qanuni əməlləri ilə sahibkarlara zülm edən Bakı Şəhər Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzovla bağlı məsələni həll edə bilmir. Yəni V.Novruzovu vəzifəsindən azad etmək komitə sədri üçün hələ də mümkün olmayıb. İddia olunur ki, yanvar ayının 11-də Gömrük komitəsinin sədri Aydın Əliyevin əmri ilə vəzifələrindən azad edilənlərin arasında Bakı Şəhər Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzovun da adı olub: “Bütün əlaqələrini tez bir zamanda səfərbər edən Vüsal Novruzov son anda adını həmin siyahıdan çıxartdırmağa müvəffəq olub”.

V.Novruzov uzun illərdən bəri gömrük sistemində öz qaydalarını diktə edən generallardan biri kimi hər zaman gündəmdə olub. Onun hətta komitə sədrliyinə iddialı olması ilə bağlı söz-söhbətlər də zaman-zaman özünə yer alıb. Bu baxımdan A.Əliyevin onu mümkün qədər tez bir zamanda sistemdən uzaqlaşdırmağa çalışması normal qəbul olunmalıdır.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu