“Azərsu”nun küçəyə tökdüyü pullar




Dünya SAKİT

İki həftə əvvəl küçəmizdə su borusu partlamışdı. Baxmayaraq ki, su kiçik arx şəklində durmadan axırdı, “Azərsu”nun işçiləri onu yalnız 3 gündən sonra gəlib təmir etdilər.

Üstündən 3-4 gün keçməmiş qəza olan yerdən təxminən 20-30 metr aralıdan boru yenidən partladı – bu dəfə su daha güclü axırdı. Suyun axınını öz hasarlarından kənarlaşdırmağa çalışan qonşuların dediyindən məlum oldu ki, qış vaxtı olduğu üçün sudan istifadə azalıb, təzyiq artdığına görə köhnəlmiş boru davam gətirmir, gah bir, gah da başqa yerdən partlayır. Düzü, xeyli təəccübləndim – fərdi yaşayış evlərinin yerləşdiyi ərazidə yaşayırıq və bura su xətti ən uzağı 3-4 ildir çəkilib. Yəni boru belə qısa müddətdə bu qədər köhnələ bilməzdi - əlbəttə, əgər köhnə boru yeni adıyla istifadə olunmayıbsa. Digər tərəfdən, “Azərsu”nun mütəxəssisləri qış aylarında istehlakın azaldığını və bunun da boruda təzyiqi artırdığını hər halda nəzərə almalıdılar su verəndə.

Əraziyə toplaşan qadınlardan niyə “Azərsu”ya zəng vurmadıqlarını soruşdum, cavab bu oldu ki, “azı 10 dəfə zəng vurmuşuq, gələcəyik deyirlər, gələn yoxdur”.

Ötən həftə isə uşaqların bağçasının yaxınlığında – yaşayış binalarının arasında yerləşən 2 su anbarının dolub daşdığını gördüm – su əməlli-başlı göl yaratmışdı anbarların arasında. Artıq 10 günə yaxındır eyni hal təkrarlanır...

Qeyd edim ki, 3 ay əvvəl evimizin yanında hasar uçub küçəni təmin edən borunu partlatmışdı, su yolu yuyub-aparırdı – gün ərzində 3-4 dəfə “Azərsu”nun yerli xidmətinə müraciət etsək də, hər dəfə eyni cavabı alırdıq: “Qəza çoxdur, imkan olsa işçilər gələcək”. Gələn olmadı və yoldaşım özü borunu təmir etdi, 3-4 gün sonra isə bir də gördük “Azərsu”dan zəng vurublar ki, sizdən qəza ilə bağlı zəng gəlmişdi, necə oldu?!

Bu yazdığım faktlar son 3 ayda mənim müşahidə etdiyim, bilavasitə gördüklərimdir. Qohum-tanışlardan kimdən soruşdumsa, eyni halları onların da gördüklərini dedilər. Çoxları bu halları “Azərsu”nun yerli əməkdaşlarının məsuliyyətsizliyi kimi qiymətləndirə bilər - əslində isə problem sıravi işçilərlik deyil. Problem, fikrimcə, birbaşa ASC rəhbərliyinin dövlət malına yumşaq desəm, laqeyd yanaşmasındadır. O rəhbərlikdən ki, qəzaların vaxtında aradan qaldırılmaması üzündən minlərlə ton suyun israf olunmasından narahatlıq keçirmir – nə var ki, götürüb yazacaqlar paylanma itkilərinə çıxıb gedəcək...

“Azərsu” dövlət vəsaitlərinin (xarici kreditlər də dövlət zəmanəti ilə alınır, bəzənsə büdcə hesabına qaytarılır, buna görə də onları da dövlətinki hesab edirəm – D.S) axdıqca-axdığı, heç dolmaq bilməyən qara quyuya çevrilib artıq. Təkcə büdcədən bu quruma ayrılan investisiyaların ümumi həcmi 4 milyard manata yaxındır. 2013-cü ildə ASC-yə dövlət investisiyası 866 milyon manat, 2014-cü ildə isə 501 milyon manat təşkil edib. 2017-ci il olmasına baxmayaraq, 2015-ci ilin konsolidə edilmiş maliyyə hesabatını hələ də açıqlamayan ASC-nin son 2 ildə büdcədən nə qədər aldığını söyləmək mümkün deyil.

Bu gün “Azərsu”nun əhatə etdiyi ərazilərdə su təchizatı sistemi çox ciddi böhran keçirir – xidmətin keyifiyyəti bərbad, təchizat səviyyəsi ondan da betər. Bunun nəticəsidir ki, bu sistemdə itkilərin səviyyəsi yüksək olaraq qalır. Qeyd edim ki, ASC-nin saytında itkilərin həcminə dair hər hansı məlumat tapmaq mümkün deyil. “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”ndəki məlumatlardan aydın olur ki, 2011-ci illə müqayisədə 2015-ci ildə istehlakçıların içməli su ilə təchiz edilməsi üçün mənbədən götürülən suyun son istehlakçıya çatdırılması zamanı baş vermiş itkilərin səviyyəsi azalaraq 52 faiz təşkil edib.
İtkilərin təxminən 30-32 faizi paylanmada yaranır ki, bu da bir sıra ölkələrin müvafiq göstəricisi ilə müqayisədə (Türkiyə -12 faiz, Polşa - 10 faiz, Yunanıstan - 8 faiz, Almaniya - 4 faiz) dəfələrlə yüksəkdir. Yerdə qalan digər itkilər isə kommersiya itkiləri hesab edilməklə, təxminən 20 faiz həddində olub.

Qeyd etdiyim faktlar sübut edir ki, bu qədər itkinin yaranmasında təchizatçının məsuliyyətsizliyi heç də az rol oynamır.

Yol xəritəsində su və kanalizasiya təchizatı sistemində xüsusilə itkilərin azaldılması, infrastrukturun modernləşməsi üçün “Azərsu”nun üzərinə xeyli vəzifələr qoyulub, sistemə cəlb olunması nəzərdə tutulan çox böyük həcmli investisiyaların idarə olunması bu quruma həvalə olunur. Halbuki mövcud fəaliyyət prinsipi, yanaşma, xidmət keyfiyyəti qalacaqsa, hətta on milyardlarla manat sərf olunsa belə, bu sistemdə ciddi keyfiyyəət dəyişikliyi gözlənilən deyil.

Sistemdə keyfiyyət dəyişikliyinin əsas yolu paylanmanın istehsalçıdan alınıb, özəl əllərə verilməsindən keçir – ortada yarımçıq da olsa, “Barmek” təcrübəsi var. Buna gedilməyəcəksə, heç olmasa “Azərenerji”-“Azərişıq” ikilisi formatı su təchizatında da tətbiq oluna bilər. Yetər ki, paylanma fərqli əldə olsun, itkiyə gedən hər damlanın hesabı sorulsun... (Qafqazinfo)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu