“Azərsun” prezidentə dəstək olmaqdansa...- YENİ BAHALAŞMA QƏRARI




Mağazada alıcı ilə satıcının davası diqqətimizi çəkdi. Alıcı qiymətlərin hər gün bahalaşmasına etiraz edir, satıcını günahlandırırdı. O isə öz növbəsində günahın onda yox, firmalarda olduğunu deyirdi. Alıcı ilə satıcının dialoqundan:

- Hər həftə qiymət qaldırırsız, bir az da camaatı düşünün...

- Xanım, vallah bizlik deyil, bunları biz istehsal etmirik, istehsalçı qiyməti qaldırandan sonra biz nə etməliyik?

- Allah istehsalçının...


Olay diqqətimizi çəkir və bahalaşan mallarla maraqlanırıq. Məlum olur ki, yenə “Azərsun Holdinq”in məhsullarında bahalaşma var. Satıcının AFN-ə dedikərindən: “Təxminən 10-15 gün əvvəl “Chempion”, “Beta”, “Berqa” çayları bahalaşdı – 11-12 faiz. Onda bildik ki, “Azərsun” da öz çaylarını bahalaşdıracaq. Çünki artıq adətdir, başqaları qiyməti qaldıranda “Azərsun” da qaldırır. Bir-iki gündür “Azərçay”, “Final” qarğıdalı yağları, “Novoe Zelandiya” kərə yağı da bahalaşıb. Qalmışıq alıcıların əlində, hamı elə bilir bizdən asılıdı. Çoxuna demişəm ki, biz ümumiyyətlə, firma mallarının üzərinə qiymət qoymuruq, faizə işləyirik”.

Bəs qiymətlər nə qədər qalxıb? Satıcı ilə söhbətdən məlum oldu ki, qeyd edilən bütün mallar üzrə 11-12 faizliki artım var. Belə ki, əvvəl 11.5 manata satılan “Novoe Zelandiya” kərə yağı 12.5 olub. Mağaza satıcısı deyir ki, bu məhsul ötən ilin sonunda və bu ilin əvvəlində olmaqla son təxminən 2 aya yaxın müddətdə iki dəfə qiymət artımına uğrayıb: “Ötən ilin sonlarında deyirdilər ki, 2017-ci ilin ilin əvvəlində ərzaq bahalaşacaq, onda “Azərsun “Novoe Zelenadiya”nı 9.7 manatdan 11.5 manata qaldırdı. Bir də bir neçə gün əvvəl qiymət artımı oldu, onda da daha 1 manat bahalaşaraq 12.5 manat oldu”.

“Azerchay Buket” böyük qutu 7.7 manatdan 8.6 manata qaldırılıb ki, bu da 90 qəpiklik bahalaşma deməkdir. “Azerchay Buket” orta qutu 4.5 manatdan 5 manata, kiçik qutu isə 1.8 manatdan 2 manata qaldırılıb. “Final” qarğıdalı yağlarında da artım var. 2 litrlik yağ 7.4 manatdan 8.2 manata, 1 litrlik 3.8-dan 4.2 manata, yarım litrlik isə 2.2-dən 2.4 manata qaldırılıb.

Satıcılar bildirirlər ki, “Azərsun”un digər məhsullarının da qiymətinin bahalaşacağı ilə bağlı anonslar verilib: “Yəqin ki, ay ərzində bir neçə dəfə qiymət bahalaşması olacaq. Görünür, şirkət hamısını birdən bahalaşdırmaq istəmir ki, ajiotaj yaranmasın. Amma mən internetdə oxudum ki, şirkətin adamları bahalaşma olmadığını deyiblər, təəccübləndim xeyli”.

AFN xatırladır ki, bir neçə gün əvvəl “Azərsun Holdinq”in İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Afiq Səfərov qiymət bahalaşmasına bu cür izah vermişdi: “Bizim indiyə qədər satdığımız məhsullar anbarlardakı ehtiyat məhsullarımız idi. Onlar bitdiyi üçün xaricdən xammal almalı olduq. Bu xammal isə dolların yeni məzənnəsi ilə alınıb. Ona görə də bəzi məhsulların qiymətində cüzi bahalaşma müşahidə edilə bilər”.

Şirkət rəsmisi qeyd edib ki, ölkə prezidentinin verdiyi son göstərişlər, Neft Fondundan Mərkəzi Banka transfertlərin reallaşması qısa müddətdə iqtisadiyyatda öz effektini verəcək: “Bu addımlar sabit, stabil mühitə zəmin yaradır. Hazırda iqtisadiyyatda yaranan stabillik qiymətlərə də təsir göstərəcək”.



Vitrinlərdəki qiymətlərlə şirkət rəsmisinin açıqlamalarını müqayisə edəndə ortaya bir məntiq çıxır: “Azərsun” iqtisadiyyatda stabillik yaranana qədər “öz yükünü götürmək” istəyir. Yəni qiymətlər indi mümkün qədər bahalaşdırılacaq, stabillik yarananda isə artıq şirkət ölkə rəhbərliyinin yaratdığı şəraitdən istifadə edərək öz qazancında olacaq. Görünən odur ki, “Azərsun Holdinq”in rəhbərliyi bu ağır durumda prezidentə arxa-dayaq olub stabillik yaranmasına öz töhvəsini verməyə çalışmaqdansa ona arxadan zərbə vurmaq, durumu daha da qəlizləşdirmək qərarındadır. Əks halda hər ay, hər həftə qiymət bahalaşmasına getməzdi. Axı 20 ildən çoxdur ki, ölkənin ərzaq bazarını monopoliyada saxlayan “Azərsun” kifayət qədər böyük resurslara malikdir. Üstəlik, başqa bir sual da kifayət qədər ciddi cavab tələb edir: “Azərsun”dan başqa da ərzaq bazarında təminatçı şirkətlər var, niyə məhz hər dəfə bu şirkət bahalaşmaya gedir?

Həbibə ABDULLA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu