İstanbulda Türkiyə- Azərbaycan-Gürcüstan biznes forumu keçirilib



Fevralın 17-də İstanbulda Türkiyənin Xarici İqtisadi Əlaqələr Təşkilatının (DEİK), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Gürcüstanın Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə 5-ci Türkiyə-Azərbaycan-Gürcüstan biznes forumu keçirilib.

Tədbirdə Azərbaycan rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, sənaye, tikinti, maliyyə, səhiyyə və s. sahələrdə fəaliyyət göstərən 50-ə yaxın iş adamı ilə təmsil olunub. Ümumilikdə isə, biznes forumda hər üç ölkədən 250-dən çox iş adamı iştirak edib.

Əvvəlcə Azərbaycan, Türkiyə və Gürcüstan iqtisadiyyatına dair video çarxlar nümayiş olunub. Sonra çıxış edən Türkiyənin Xarici İqtisadi Əlaqələr Qurumunun (DEİK) İdarə Heyətinin üzvü Rona Yırcalı qonaqları salamlayaraq 5-ci Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumunun ölkəsində keçirilməsindən məmnunluğunu bildirib. Qarşılıqlı əlaqələrin ölkələrimiz üçün əhəmiyyətini vurğulayan Rona Yırcalı birgə əməkdaşlığın hər üç ölkəyə böyük fayda gətirdiyini, regionda birgə həyata keçirilən iri infrastruktur layihələrinin bunun əyani göstəricisi olduğunu qeyd edib. Rona Yırcalı Türkiyənin xarici investorlar üçün açıq olduğunu, bugünkü biznes forumun, keçirilən görüşlərin qarşılıqlı əlaqələrin daha da genişlənməsinə töhfə verəcəyinə əminliyini vurğulayıb.

Azərbaycan Respublikasının İqtisadiyyat naziri Şahin Mustafayev qeyd edib ki, Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin inkişafına və genişləndirilməsinə böyük önəm verir və artıq 5-ci dəfədir ki, keçirilən üçtərəfli formatda biznes forum da məhz Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü əsasında reallaşdırılır. Ölkələrimiz arasındakı regional əməkdaşlığın dünyada örnək olduğunu diqqətə çatdıran nazir Şahin Mustafayev dünyanın bir sıra ölkələrindəki siyasi-iqtisadi qeyri-sabitlik fonunda Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumunun 5-ci dəfə keçirilməsinin ölkələrimiz arasındakı birliyi və dostluğu nümayiş etdirməklə, gələcək əməkdaşlığımızda əhəmiyyətli olacağını bildirib. Dövlət başçılarının siyasi iradəsi, strateji tərəfdaşlıq, tarixən formalaşan dostluq, qonşuluq münasibətləri, iqtisadi sahədə yaradılmış müvafiq qanunvericilik bazası, hər üç ölkədə əlverişli investisiya mühitinin, zəngin təbii ehtiyatların, ixtisaslı kadr potensialının mövcudluğu, ölkələrimiz arasında geniş ticarət və investisiya əməkdaşlığı, əlverişli coğrafi mövqe və böyük tranzit imkanları, Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars, “Azərbaycan-Türkiyə-Gürcüstan Enerji Körpüsü” kimi strateji layihələr, işgüzar dairələr arasındakı yüksək səviyyəli əlaqələr, AZPROMO, ASK, TİKA, DEİK, KOSGEB, “İnvest in Georgia” və s. qurumların məhsuldar fəaliyyəti Azərbaycan-Türkiyə-Gürcüstan uğurlu regional əməkdaşlığını şərtləndirən başlıca amillərdir. Nazir Şahin Mustafayev qeyd edib ki, bütün bunlar sülhə, firavanlığa, regionda yaşayan xalqların rifahına xidmət edir. Regionda sabitliyi pozan, işğalçılıq siyasəti aparan və qonşu ölkələrə ərazi iddiaları irəli sürən Ermənistan bu cür əhəmiyyətli layihələrdən kənarda qalıb.

Nazir Şahin Mustafayev qeyd edib ki, ölkələrimiz regional sabitliyə, təhlüksəizliyə böyük önəm verir və terrorun bütün formalarını pisləyir. Ötən il Türkiyədə baş vermiş çevriliş cəhdindən, bütün Azərbaycan xalqı narahat oldu. Bu əslində nəinki Türkiyədə, hətta regionda sabitliyi pozacaq bir cinayət hadisəsi idi. Türkiyə xalqının və dövlətinin nümayiş etdirdiyi birlik nəticəsində bu cinayətin qarşısı vaxtında alındı. Azərbaycan dövləti bu hadisəni ilk gündən birmənalı şəkildə ən yüksək səviyyədə qətiyyətlə pisləmiş və Türkiyə xalqının və dövlətinin yanında olduğunu bildirmiş, bu cəhdləri qəbuledilməz hesab etmişdir. Beynəlxalq terrorizmin bütün cəhdlərinə baxmayaraq, Türkiyə dövləti və xalqı bu vəziyyətdən şərəflə çıxdı. Türkiyə yaşayır, inkişaf edir və bu bizi sevindirir.

Qardaş Türkiyə ilə iqtisadi əlaqələrə gəlincə, nazir Şahin Mustafayev diqqətə çatdırıb ki, hazırda Azərbaycanda Türkiyə sərmayələri əsasında 3 minə yaxın, Türkiyədə isə Azərbaycan investisiyalı 2 minə yaxın şirkət fəaliyyət göstərir. Türkiyənin Azərbaycana investisiyaları 11 mlrd. ABŞ dolları, Azərbaycan şirkətlərinin Türkiyəyə investisiyaları isə 9 mlrd. ABŞ dollarıdır. Təkcə, SOCAR-ın Türkiyəyə investisiyalarının həcmi 2020-ci ilədək 17 mlrd. dollara çatacaq. Türkiyə Azərbaycanın xarici ticarət dövriyyəsində 1-ci yeri tutur.

Azərbaycanın Gürcüstanla iqtisadi əlaqələrindən danışan nazir Şahin Mustafayev deyib ki, Gürcüstanda Azərbaycan sərmayələri əsasında 200-dən çox şirkət, Azərbaycanda isə 270-dən artıq gürcü şirkəti fəaliyyət göstərir. Gürcüstan Azərbaycanın ən çox investisiya yatırdığı 2-ci ölkədir. İndiyədək Azərbaycan Gürcüstana 3,4 mlrd. ABŞ dolları investisiya yatırılıb. 2012-2016-cı illərdə ölkəmiz Gürcüstana ən çox investisiya yatıran ölkə olub. Gürcüstan isə Azərbaycanın qeyri-neft sektoruna 76 mln. ABŞ dolları investisiya yatırıb.

Bununla belə, ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensial mövcuddur. Biznes forum çərçivəsində müzakirə edilən məsələlər və aparılan danışıqlar üç dost ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafına, iş adamları arasında işgüzar əlaqələrin genişlənməsinə şərait yaradacaqdır. Nazir Şahin Mustafayev ölkələrimizin nəqliyyat, investisiya, sənaye, İKT, turizm və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensiala malik olduğunu da diqqətə çatdırıb. Bildirilib ki, Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi kimi birgə strateji layihələrin vaxtında tamamlanması ölkələrimizin iqtisadi inteqrasiyasını sürətləndirəcək, yeni iş yerlərinin açılmasına, iştirakçı ölkələrin rifah halına müsbət təsir edəcək. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi 2017-ci ildə tamamlanacaq. TANAP və digər layihələrin icrası vaxtında başa çatdırılacaq. Azərbaycana investisiya qoyuluşu üçün əlverişli imkanların yaradıldığını vurğulayan Şahin Mustafayev Türkiyə və Gürcüstan iş adamlarını iqtisadiyyatın digər sahələri ilə yanaşı, ölkəmizdə yaradılan sənaye parklarına və aqroparklara investisiya yatırmağa dəvət edib. Bundan başqa, tranzit yükdaşımaları, Azərbaycan peyklərindən istifadə, turizm sahələrində, eləcə də ticarət əlaqələrinin genişləndirilməsi üçün geniş potensial mövcuddur.

Türkiyənin Elm, Sənaye və Texnologiya naziri Faruk Özlü və İqtisadiyyat nazirinin müavini Fatih Mətin Türkiyənin iqtisadi uğurları, həyata keçirilən layihələr, ticarət dövriyyəsinin artırılması sahəsində görülən tədbirlər, iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafı istiqamətində tətbiq olunan elmi yeniliklər, müasir texnologiyaların tətbiqi barədə danışıblar.

Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Georgi Gakharia son illər Azərbaycan və Türkiyə tərəfindən Gürcüstan iqtisadiyyatına iri həcmli investisiyaların yatırıldığını, hər üç ölkənin iştirakı ilə rellaşdırılan layihələrin regionun inkişafında və ölkələrimiz arasında əməkdaşlığın genişlənməsində əhəmiyyətini qeyd edib, əlaqələrin bundan sonra da inkişaf edəcəyinə və biznes forumun iş adamları arasında əməkdaşlığın genişlənməsində əhəmiyyətli olacağına əminliyini bildirib.








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu