"Yaxın illərdə neftin qiyməti kəskin düşsə belə, gəlirlərimiz artacaq"




Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ölkə daxilindəki emal layihələri ilə yanaşı, şirkət 2016-cı ilin əvvəlinədək xarici layihələrə ümumilikdə 4,487 mlrd.ABŞ dolları sərmayə qoyub. Bu sərmayənin 3/4 hissəsi - 3,334 mlrd. dolları Türkiyəyə, 414,5 mln. dolları İsveçrəyə, 334,3 mln. dolları Gürcüstana, 280,8 mln. dolları Ukraynaya və 71,3 mln. dolları isə Rumıniyaya qoyulub.

Bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev "Natural Gas World" (NGW) jurnalına verdiyi müsahibəsində bildirib.

Rövnəq Abdullayev bildirib ki, şirkət eyni zamanda, Kot-d’İivuarda ildə 4,15 mlrd. kubmetr tutuma malik LNG-nin təkrar qazlaşdırması terminalının 26% səhmlərini satın alıb. "SOCAR Trading" Almaniyanın "Siemens" şirkətinin də daxil olduğu konsorsiumun tərkibində Malta adasında LNG-nin təkrar qazlaşdırma təsisinin və dəyəri 175 mln. avro olan Qaz Elektrik Stansiyasının qurulması üzrə tenderin qalibi olub.

R.Abdullayev ölkədaxili layihələrdən danışarkən deyib ki, SOCAR-ın davamlı inkişaf strategiyası hətta dəyişkən bazar şəraitində dəyə biləcək zərərlərə qarşı qorunmaqda mühüm rol oynayacaq: "Hazırda SOCAR həm qaz hasilatı, həm də neft və qaz emalı, neft-kimya məhsulları üzrə nəhəng layihələr üzərində işləyir. Məsələn, Azərbaycanda polimer istehsalı üzrə sənaye komleksinin yaradılması istiqamətində işlər gedir. Neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, bu və ya bu qəbildən olan digər layihələr davam edir. Bütün bunlar dəyər zəncirini gücləndirərək, yaxın illərdə bazarda baş verə biləcək təlatümlərə müqavimət gücünə malik davamalı inkişafın sağlam təməllərini qoyur."

O bildirib ki, nəticə etibarilə işlər şirkətin Türkiyədəki strateji aktivi olan "Petkim"in nümunəsinə uyğun şəkildə qurulsa, neft emalından gələn gəlirlər neftin qiymətinin kəskin aşağı düşməsi şəraitində belə o qədər də azalmaz, hətta bəzi hallarda arta da bilər: "Odur ki, "SOCAR Polymer", "SOCAR Karbamid", "STAR" Neft Emalı Zavodu və emal sənayesinə aid digər layihələrə yaxın illərdə qoyulmuş investisiyalar özünü doğruldacaq."

Onun fikrincə, Azərbaycanın neft sənayesinin davamlı şəkildə böyüməsi digər sektorların da inkişafına gətirib çıxaracaq: "Yeni iş yerlərinin açılmasından əlavə, SOCAR-ın "Azərikimya", "SOCAR Polymer", "SOCAR Karbamid" və digər təsisləri iqtisadiyyatın davamlı inkişafına töhfə verə bilər. Bu zavodların ara məhsullarından ölkənin kiçik və orta istehsal müəssisələrində xam maddə kimi istifadə oluna bilər. 750 mln. dollar dəyərə malik "SOCAR Polymer" zavodu 2018-ci ilin ilk rübündə ildə 180 min ton polipropilen, 120 min ton yüksək sıxlıqlı polietilen istehsal edəcək və 2021-ci ildə bu rəqəm 570 min tona yüksələcək. Dəyəri 750 mln. dollar olan digər layihə -"SOCAR Karbamid" də eyni vaxtda istismara veriləcək. Bu müəssisə ildə 1,5 mln. kubmetr qazı 438 min ton ammonyaka və 730 min ton karbamidə çevirəcək. Azərbaycanın "Şahdəniz" layihəsindən başqa, qaz hasilatı layihələri də var."

SOCAR prezidenti diqqətə çatdırıb ki, onlardan bəziləri indi gündəliyə daxil edilib: "Ən önəmli layihələrdən biri Fransanın "Total" şirkətinin operatoru olduğu "Abşeron" yatağıdır ki, onun işlənməsi 2019-cu ilin sonunda həyata keçirilə bilər. Azərbaycanın qaz təchizatı sahəsində tam müstəqilliyi əsas məqsədimiz olduğuna görə, birinci fazadan hasil olunacaq 1,5 mlrd. kubmetr qaz daxili bazara yönəldiləcək" (Report).



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu