Bankların yeni oyunu- nəğd pul məhdudiyyəti varmı?



Məlum olduğu kimi, ilin əvvəlindən qüvvəyə minmiş "Nağdsız hesablaşmalar haqqında" Qanuna əsasən dövriyyəsindən (habelə ƏDV ödəyici olmasından) asılı olaraq fərdi sahibkarlar və hüquqi şəxslər təqvim ayı ərzində ümumi məbləği 15000 və ya 30000 manatdan artıq olan hesablaşmalar üzrə ödənişləri yalnız nağdsız qaydada həyata keçirməlidir.

AFN xəbər verir ki, bunu hüquqşünas Əkrəm Həsənov bildirib. Onun sözlərinə görə, son günlər sahibkarlar mənə müraciət edir ki, bəzi banklar bu məhdudiyyətə istinad edərək hesabdan sözügedən məbləğdən artıq nağd pul çıxarmağa qoymur:

"Əslində, bankların bu hərəkəti qanunsuzdur! Qanun vergi ödəyicilərini müvafiq məbləğdən yuxarı hesablaşmaları mütləq nağdsız qaydada aparmağa məcbur edir. Amma hesabdan pul çıxarmağa heç bir məhdudiyyət yoxdur. Yəni vergi ödəyicisi hesabdan istənilən qədər pul çıxara bilər. Sadəcə həmin pulla nağd qaydada kiməsə ödəniş etməsinə limit var. Məsələn, ƏDV ödəyicisi olan hüquqi şəxs hesabından 100000 manat çıxarır, buna görə bank ondan 1000 manat vergi (yəni əsassız, absurd və qanunsuz olan 1% sadələşdirilmiş vergini, amma bu başqa mövzudur və bu barədə yazmışam artıq) və, məsələn, 500 manat komisyon haqq tutur. Deməli, hüquqi şəxs əlinə nağd 98500 manat alır. Həmin vəsaitdən ay ərzində maksimum 30000 nağd ödəniş edə bilər. Qalan pulu isə növbəti aylarda limit çərçivəsində nağd xərcləyə və ya yenidən bank hesabına qoya bilər, bu, onun öz işidir.

Göründüyü kimi, banklar sadəcə vəziyyətdən sui-istifadə edir. Banklarda likvid vəsait çatışmamazlığı var, buna görə də min cür yolla müştərilərin hesabından pul çıxarılmasına mane olurlar. Likvidlik probleminin səbəbi də bəllidir: banklara etimad sarsılıb, xüsusilə sahibkarlar və hüquqi şəxslər arasında. Çünki müflis olmuş banklarda onların milyonlara vəsaiti batıb. Fiziki şəxslərin əmanətlərinin pis-yaxşı, heç olmasa sığortası var, amma sahibkarların və hüquqi şəxslərin nəinki sığortası yoxdur, onları heç müflis bankların ləğvetmə prosesinə yaxın buraxmırlar, heç bir məlumat belə vermirlər və s. Belə şəraitdə sahibkar niyə banka etimad edib pulunu orada saxlasın axı? 3 aya yaxındır ki, Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət etmişəm ki, müflis banklarda kreditorların ümumi yığıncağını və komitəsini yaradın ki, bank sisteminə etimad yavaş-yavaş bərpa olunsun. Quru vədlərdən başqa heç nə yoxdur (müflis bankların olan-qalan əmlakını da talan edəndən sonra yaradacaqlar?)! Əvəzində qanunsuz yollarla sahibkarların pulunu banklarda saxlamaq istəyirlər. Əbəsdir! Bank sistemi etimad əsasında qurulan bir şeydir. Etimad yoxdursa, sistem çökəcək və bunun günhkarı banklarla yanaşı sistemə nəzarət edənlər olacaq..."



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu