Azərbaycan-İran iqtisadi əlaqələrinə dair mətbuat konfransı keçirilib





Fevralın 25-də Bakı Biznes Mərkəzində İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev Azərbaycan-İran iqtisadi əlaqələrinə dair mətbuat konfransı keçirib. Tədbirdə nazir Şahin Mustafayev Azərbaycan-İran iqtisadi əlaqələrinə, əməkdaşlıq perspektivlərinə və Azərbaycan nümayəndə heyətinin bu yaxınlarda İran İslam Respublikasına səfərinə dair KİV nümayəndələrini maraqlandıran sualları cavablandırılıb.

Nazir Şahin Mustafayev qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İran İslam Respublikası ilə əlaqələrə böyük önəm verir. Son 3 ildə Azərbaycan və İran prezidentləri 7 dəfə görüşüb, Azərbaycan və İran nümayəndə heyətləri 100-ə yaxın qarşılıqlı səfər həyata keçirib, 40 sənəd imzalanıb, Dövlət Komissiyasının 3 iclası təşkil olunub. Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində 538 İran investisiyalı şirkət fəaliyyət göstərir və İran tərəfdən Azərbaycan iqtisadiyyatına ümumilikdə 2,7 milyard ABŞ dolları investisiya yatırılıb. Bununla belə, ölkəmizə investisiya qoyuluşu üçün geniş imkanlar var. Azərbaycan şirkətləri də İranda fəaliyyət göstərir. İran Azərbaycanın mühüm ticarət tərəfdaşlarındandır və 2016-cı ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 70%-ə yaxın artıb.

Azərbaycan və İran arasında imzalanmış “Xudafərin” və “Qız Qalası”, eləcə də “Ordubad” və “Marazad” sazişləri hər iki tərəfdən qüvvəyə minib. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin I mərhələsi yekunlaşmaq üzrədir. Artıq Azərbaycanda 8,3 km-lik dəmir yolu xətti və dəmir yolu körpüsü hazırdır. Hazırda İranda 1,7 km dəmir yolu xəttinin və terminalın tikintisi davam edir. Nəqliyyat dəhlizinin tərkib hissəsi olan Qəzvin-Rəşt dəmir yolu xətti üzrə isə işlərin 90%-dən çoxu tamamlanıb və 2017-ci ildə yekunlaşdırılacaq. Ötən il 330 kV Muğan (İmişli-Parsabad) elektrik xətti istismara verilib, elektrik satışı üzrə Çərçivə Sazişi imzalanıb.

2016-cı ildə Neftçala Sənaye Zonasında birgə avtomobil istehsalı zavodunun, bu ilin yanvarında isə Pirallahı Sənaye Parkında Azərbaycan-İran birgə layihəsi olan əczaçılıq zavodunun təməli qoyulub. Şahin Mustafayev vurğulayıb ki, İran tərəfi ilə aparılan danışıqlar və keçirilən görüşlər, eləcə də iş adamları arasında əməkdaşlığın genişləndirilməsinə göstərilən maraq belə birgə layihələrin sayının çox olacağını deməyə əsas verir.

Ötən il həmçinin, Azərbaycan və İran arasında iqtisadi, nəqliyyat və turizm sahələrində əməkdaşlığın davamlı inkişafına töhfə verəcək Naxçıvan-Culfa-Təbriz-Tehran-Məşhəd dəmir yolu ilə sərnişin qatarı işə düşüb. Bu yolla il ərzində 12 min sərnişin daşınacaq. Yaxın vaxtlarda Urmiya-Qəbələ birbaşa hava reysi açılacaq.

2016-cı ildə iş adamlarının iştirakı ilə 15 biznes forum, işgüzar görüş və sərgilər keçirilib.

Viza rejiminin sadələşdirilməsi nəticəsində 2017-ci ilin əvvəlindən başlayaraq İran vətəndaşları 3 gün ərzində elektron vizalar ala bilir. Prezident İlham Əliyevin yeni Sərəncamı ilə bütün sərhəd-keçid məntəqələrində viza verilməsi təmin ediləcək, turistlərin sürətli keçidi üçün xüsusi zolaqlar yaradılacaq, sərhəd məntəqələrinin iş saatları artırılacaq. Bütün bunlar isə, iş adamları arasında əlaqələrin genişlənməsinə imkanlar açır. 2017-ci il üçün beynəlxalq yükdaşımalarında mübadilə edilən icazələrin sayının 10 minə çatdırılması barədə razılığa gəlinib. Bütün bunlar əlaqələrin inkişafı, iş adamları arasında əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar yaradır.

Azərbaycan nümayəndə heyətinin İran İslam Respublikasına fevralın 22-23-də baş tutan səfəri barədə məlumat verən nazir Şahin Mustafayev qeyd edib ki, səfər çərçivəsində əsasən İranın regionları ilə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib, bu məqsədlə bir sıra ikitərəfli görüşlər keçirilib, Ərdəbil və Urmiyada biznes forumlar təşkil edilib, AZPROMO, Sahibkarlar Təşkilatları Milli Konfederasiyası, Urmiya və Ərdəbilin Ticarət, Sənaye və Kənd Təsərrüfatı palataları arasında 4 anlaşma memorandumu imzalanıb. Biznes forumların hər birində 400-dən çox iş adamının iştirak etməsi özəl sektorun əməkdaşlığın genişləndirilməsi göstərdiyi maraqdan xəbər verir. Səfər zamanı həmçinin, Azərbaycan nümayəndə heyəti bir sıra istehsal müəssisələri və İranın Qərbi Azərbaycan vilayəti şirkətlərinin istehsal etdiyi məhsulların nümayiş etdirildiyi sərgi ilə tanış olub.

İranın Ərdəbil və Qərbi Azərbaycan vilayətləri ilə əməkdaşlıq imkanlarından danışan Şahin Mustafayev Qərbi Azərbaycan vilayəti ilə əlaqələrin əsasının 1992-ci ildə Ümummilli Lider Heydər Əliyevin Urmiyaya səfəri zamanı qoyulduğunu diqqətə çatdırıb. O zaman Ulu Öndər və hazırkı vali Qurbanəli Səadət Qarabağ Şahtaxtı-Poldəşt körpüsünün açılışında iştirak ediblər. Bildirilib ki, İran regionları ilə kənd təsərrüfatı, qida sənayesi, nəqliyyat, turizm və s. sahələrdə əməkdaşlıq imkanları genişdir. Belə ki, İran şirkətləri Azərbaycanda yaradılan sənaye parklarına və aqroparklara investisiya yatıra bilərlər. İranın Qərbi Azərbaycan vilayəti Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə həmsərhəd olması Naxçıvan Muxtar Respublikası-İran-Türkiyə üçtərəfli əməkdaşlığının inkişafına geniş imkan yaradır. Bildirilib ki, İran tərəfinə Azərbaycan-Türkiyə-Gürcüstan formatında biznes foruma qoşulmaq təklif olunub və ilk belə dördtərəfli tədbirin Naxçıvanda keçirilməsi nəzərdən keçirilir.

Urmiyalı sahibkarlar Azərbaycanın imkanlarından yararlanmaqla xarici bazarlara çıxa bilər. Həmçinin, Urmiyadakı Maku Azad Ticarət Zonası ilə əməkdaşlıq yaradıla bilər. Neftçala və ya Masallı sənaye zonalarında texnika üçün servis xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlıq imkanları mövcuddur. Bundan başqa, Urmiya əyaləti ilə birgə üzüm bağının və kişmiş zavodunun yaradılması, kənd təsərrüfatı məhsullarının birgə istehsalı, o cümlədən alma, şəkər çuğunduru, qarğıdalı, pomidor əkini, xurma konsentratı fabrikinin yaradılması, günəbaxan yağının, balın birgə istehsalı, eləcə də şüşə istehsalı, qablaşdırma sahələrində əlaqələrin qurulması imkanları genişdir. İran tərəfi Azərbaycanın peyklərinin xidmətlərindən istifadə edir və bu sahədə əməkdaşlıq genişləndirilə bilər.

Səfər çərçivəsində İran tərəfi ilə birlikdə Araz çayı üzərində reallaşdırılan “Xudafərin və Qız Qalası” layihəsinin icrası ilə tanış olduğunu diqqətə çatdıran nazir Şahin Mustafayev qeyd edib ki, hələ sovet dövründə bu məsələ uzun müddət müzakirə mövzusu olub və bu istiqamətində xeyli danışıqlar aparılıb. Yalnız Azərbaycan Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi və qətiyyəti nəticəsində 2016-cı il 23 fevral tarixində "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində "Xudafərin" və "Qız qalası" hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Saziş”i imzalanıb. “Xudafərin və “Qız Qalası”, eləcə də “Ordubad” və “Marazad” sazişləri hər iki tərəfdən qüvvəyə minib. Qeyd edim ki, bu sənədlər İran Parlamenti tərəfindən ən tez ratifikasiya olunmuş sənədlərdəndir.

Azərbaycan nümayəndə heyətinin “Xudafərin” və “Qız qalası” layihəsinin icrası ilə tanışlığı da məhz bu əlamətdar tarixə - 23 fevrala təsadüf edir. 2017-ci ilin yanvarında Azərbaycan Prezidenti tərəfindən 36 MVt gücündə Ordubad SES-in təməli qoyulub.

“Xudafərin və “Qız Qalası” layihəsinin böyük siyasi və iqtisadi əhəmiyyəti var. Bu Azərbaycana layihənin idarəetməsində fəal iştiraka və suvarmaya böyük imkan yaradacaq. Layihə çərçivəsində tikilmiş bəndin hündürlüyü 64 metr, uzunluğu 400 metrdir. Su tutumu 1.6 mlrd. kub metrdir.

“Xudafərin və “Qız Qalası” Sazişində hər iki ölkənin suverenliyi və ərazi bütövlüyünə hörmət prinsipləri bəyan edilir, BMT qətnamələrinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinin zəruriliyi, hər iki tərəfin su və enerji ehtiyatlarına bərabər hüquqları vurğulanır. İşğal olunmuş ərazilərdə Azərbaycanın suveren hüquqlarını tanıyan bu mühüm Sənədin imzalanması Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsi, dövlətimizin beynəlxalq aləmdə yüksək nüfuzunun göstəricisi, İran ilə sürətlə inkişaf edən, dostluq və mehriban qonşuluq prinsiplərinə

əsaslanan münasibətlərin təzahürüdür. Bu layihə bir daha göstərir ki, işğalçı Ermənistanın səylərinə baxmayaraq beynəlxalq hüquq və haqq-ədalət Azərbaycanın tərəfindədir. Bu ərazilərin işğal altında olmasına baxmayaraq, Azərbaycan iqtisadi fəaliyyət göstərir. Ermənistanın işğalçı siyasəti heç bir nəticə vermir və bu ərazilər üzərində Azərbaycan öz suveren hüquqlarını həyata keçirir.

Nazir Şahin Mustafayev qeyd edib ki, Azərbaycan nümayəndə heyəti layihənin gedişi ilə tanış olarkən erməni vandalizminin, vəhşiliyinin bir daha şahidi olub. Azərbaycanın Xudafərin kəndi ermənilər tərəfindən tamamilə dağıdılıb, evlər yerlə yeksan edilib, infrastruktur tamamilə məhv edilib. Dəmir yolu xətləri belə erməni acgözlüyünün qurbanı olub, reyslər və şpallar sökülərək daşınıb.

Şahin Mustafayev bildirib ki, artıq torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində ən ciddi addımlar atılır. “Xudafərin” və “Qız qalası” layihəsinin Azərbaycanın işğal olunmuş ərazilərində icrasına başlanılması da bunu bir daha sübut edir.

İşğaldan azad edilmiş Cocuq Mərcanlıda Prezident İlham Əliyevin tapşırığı ilə bərpa və geniş quruculuq işlərinə başlanılıb.

“Xudafərin” və “Qız qalası” layihəsi Prezident İlham Əliyevin və İran Prezidenti Həsən Ruhaninin siyasi iradəsinin, ölkələrimiz arasında strateji əməkdaşlıq səviyyəsinə yüksəlmiş əlaqələrin təzahürüdür. Nazir Şahin Mustafayev vurğulayıb ki, “Xudafərin” və “Qız qalası” layihəsində İran Prezidentinin siyasi dəstəyi, İran Parlamentinin və hökumətinin xüsusi rolu olub və bu baxımdan İran tərəfinə minnətdarlığını bildirib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu