Azexport İmişlidə Aran bölgəsinin sahibkarlarına təqdim olunub




İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Azexport portalı sahibkarlarla görüşü çərçivəsində İmişlidə Aran bölgəsinin iş adamları ilə görüşüb.

Mərkəzdən AFN-ə verilən məlumata görə, İmişli rayon Gənclər Mərkəzində keçirilən tədbirə Şirvan, Beyləqan, Biləsuvar, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad və Salyandan 200 sahibkar qatılıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Azexport komandasının region sahibkarları ilə keçirilən görüşləri bəhrəsini verir. Sahibkarlar arasında fəallıq və portalla əməkdaşlıq təşşəbbüsləri getdikcə artır. Çünki Azexport portalı sahibkarlara sertifikatlaşdırma, nəqliyyat, logistika, bazarlara çıxış, ödəmə imkanları yaradır. Bundan sonra isə Prezident İlham Əliyevin Fərmanı əsasında yaradılan Rəqəmsal Ticarət Qovşağı bu istiqamətdə olan işləri daha da sürətləndirəcək. İxracda vahid pəncərə sistemi ilə sahibkarlar daha az resurs sərf etməklə ixrac prosedurlarını daha sürətlə həyata keçirəcəklər.

V.Qasımlı qeyd edib ki, Rəqəmsal Ticarət Qovşağı yerli sahibkarlarımıza elektron müqavilələrdən istifadə etməklə dünyanın istənilən nöqtəsilə əlaqə yaratmaq imkanı verəcək, habelə elektron pul kisəsi köçürmələr üçün əlverişli imkan yaradacaq.

Azexport.az portalının rəhbəri Zaur Qardaşov portaldan istifadə qaydalarını izah edib. Sahibkarlara Azexport-dan istifadə qaydaları barədə yazılı broşür, video təlimat və elektron təlimat təqdim olunub. Görüşdə Azexport portalı üzərindən sifariş alan bir neçə sahibkar da çıxış edib.

Qeyd edək ki, bu, artıq iqtisadi rayonlarda keçirilən yeddinci görüşdür. İndiyədək portalın Şəki, Şamaxı, Gəncə, Yevlax, Lənkəran və Xaçmazda sahibkarlarla görüşü baş tutub. Sahibkarların tam məlumatlılığını təmin etmək, onların problemlərini dinləyib müzakirə etmək üçün "Azexport" komandası indiyə qədər Bakıda və bölgələrdə minlərlə sahibkarla görüş keçirib. Portalın növbəti görüşü Ağdamda, Quzanlı qəsəbəsində keçiriləcək.








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu