Azərbaycan iqtisadiyyatı nə qədər kiçilib?




Ötən il Azərbaycanda istehsal olunmuş ÜDM dollar ifadəsində 2008-ci il səviyyəsindən də 10 faizdən çox aşağı düşüb.



AFN xəbər verir ki, bu barədə iqtisadçı ekspet Qubad İbadoğlu bildirib. Onun sözlərinə görə, ötən il formalaşmış ÜDM 35 milyard ABŞ dolları olduğu halda 2008-ci ildə eyni göstərici 40 milyard ABŞ dolları təşkil edirdi.

2007- ci il səviyyəsində adambaşına ÜDM
Müvafiq olaraq ötən il adambaşına ÜDM istehsalı 2007-ci il səviyyəsinə enib. Müqayisələr göstərir ki, ötən il adambaşına ÜDM 3 min 900 dollar, 9 il əvvəlsə 3 min 842 dollar olub. Göründüyü kimi adambaşına ÜDM göstəricisi üzrə enmə səviyyəsi daha dərindir. Çünki, hər il əhalinin sayında artım qeydə alınır. Beləliklə də Azərbaycan Dünya Bankının təsnifatına görə ortadan yuxarı gəlirli ölkələr ( $4,036-dən $12,475-dək) qrupundan çıxaraq ortadan aşağı ölkələr ( $1,026-dən $4,035-dək) qrupunda yer alıb.

2007- ci il səviyyəsində dövlət büdcəsi gəlirləri
Ötən il Azərbaycan Respublikasının dövlət büdcəsinin gəlirləri dollar ifadəsində 10,2 milyard təşkil edib ki, bu da 2008-ci il səviyyəsindən aşağı, 2007-ci il səviyyəsindən isə yuxarıdır.

2007 - ci il səviyyəsində orta aylıq əmək haqqı
Ötən il üzrə Azərbaycanda orta nominal əmək haqqı 387,3 dollar təşkil edib ki, bu da 2007-ci ilin səviyyəsinə qədər azalmanı ifadə edir.

2007- ci il səviyyəsində minimum aylıq əmək haqqı
Hazırda Azərbaycanda minimun əmək haqqı 67,4 dollar təşkil edir ki, bu da 2007-ci ilin birinci yarısının səviyyəsinə uyğundur. Xatırladım ki, 2007-ci ilin sonunda minimum əmək haqqı 76,7 dollar təşkil edirdi.

2005-ci il səviyyəsində ixracat, 2010-cu il səviyyəsində idxalat
Ötən il ixrac əməliyyatlarının həcmi 9 milyard 143 milyon ABŞ dollarına, idxal əməliyyatlarının həcmi 8 milyard 532 milyon ABŞ dollarına çatıb. Beləliklə də ötən il ixracat üzrə göstərici isə 2006-cı il səviyyəsindən aşağı 2005-ci il səviyyəsindən isə yuxarı, idxalat üzrə göstərici 2010-cu il səviyyəsindən yuxarı 2011-ci il səviyyəsindən aşağı olub.

2008-ci il səviyyəsində AMB-nin valyuta ehtiyarları, 2012-ci il səviyyəsində DNF-nin aktivləri
2017-ci il yanvarın 1-ə Dövlət Neft Fondunun (DNF) aktivləri 33 milyard 147 milyon ABŞ dollarına, Azərbaycan Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları isə 3 milyard 974 milyon ABŞ dollarına bərabər olub. Bu o deməkdir ki, DNF-nin 2017-cı il yanvarın 1-nə olan aktivləri 2012-ci il səviyyəsindən, eləcə də AMB-nin valyuta ehtiyatları 2008-ci ilə səviyyəsindən də aşağı düşüb. Bütövlükə Azərbaycan Respublikasının strateji valyuta ehtiyatları 2017-cı il yanvarın 1-nə 37 milyard 121 milyon ABŞ dolları təşkil edib ki, bu da 2011-ci ilin əvvəlinə olan vəziyyəti xarakterizə edir.
Göründüyü kimi ötən ilki böhranın nəticəsində Azərbaycan iqtisadiyyatının durumunu xarakterizə edən bir sıra göstəricilər üzrə nəticələr 10 il bundan əvvəlki vəziyyətə, 2007-ci ilə səviyyəsinə düşüb. Bu isə o deməkdir ki, iqtisadiyyatımız kiçilir, geri gedir. Bəlkə də bu məqsədli şəkildə edilir, çünki, ildən-ilə kiçilən iqtisadiyyat həm də azalan istehlak deməkdir. Belə olan halda ölkə vətəndaşlarının ehtiyaclarını qarşılama daha da asanlaşır, amma ölkə dünya üzrə orta inkişafdan geri qalıb.

Müqayisə üçün onu da eyd edim ki, ötən 10 il ərzində Azərbaycana dövlətin faktiki xarici borcları 3,63 dəfə artıb, istehlak qiyməti indeksi 60 faizə qədər yüksəlib, işsizlik kütləvi və xroniki xarakter alıb, təbii ki, bütün bunların nətcisəində yoxsulluq həddindən aşağıda olan əhalinin sayı da çoxalıb. Nəticədə də ölkənin perspektivlərini tutqun görən yüz minlərlə ağıllı, təhsilli və pullu Azərbaycan vətəndaşları ölkəni tərk edib. Baxmayaraq ki, bu hələ son deyil.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu