Böyük şirkətlər banklardan imtina etdi- NARAHATLIQ




Əkrəm Həsənov: “Qeyri-şəffaf proses getdiyindən şirkətlər banklara etibar etmir”



Bağlanan bankların ləğvedicisi kimi çıxış edən Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) icraçı direktoru Azad Cavadov deyib ki, bağlanan 10 bankın 176 min əmanətçisinə hələlik kompensasiya verilməyib. Onun sözlərinə görə, indiyədək ödənilən kompensasiya məbləği isə 727 milyon manat təşkil edir. Bu banklarda ümumi əmanətlərin məbləği 1 milyard 130 milyon manatdır. Kompensasiya məbləği 22 min 666 nəfərə ödənilib. 175 min 943 nəfərə isə hələlik kompensasiya verilməyib. 106 min nəfərin əmanəti isə 1 manata qədər olanlardır. Ümumilikdə bu banklar üzrə 2,9 mlrd. manat ümumi öhdəlik var.



Nəzərə alsaq ki, bankların fəaliyyətinə uzun müddət öncə xitam verilib. Bu baxımdan qanuna uyğun olaraq bütün sığortalanan əmanətləri geri qaytarılmalı idi. Ancaq prosesin başa çatdırılmaması bir sıra qaranlıq məqamların olmasından xəbər verir.

Digər tərəfdən banklarda kifayət qədər sığortalanmamış əmanətlər var ki, onların taleyinin necə olacağı müəmmalıdır. Bir halda ki, ƏSF hələ sığortalanan əmanətlərin böyük bir hissəsini geri qaytarmayıb, sığortalanmayan əmanətlərin qaytarılacağı heç də inandırıcı görünmür.



“Fond vəsaitləri ödəməlidir”

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov sığortalanmış əmanətlərin uzun müddət qaytarılmamasının qanun pozuntusu olduğunu qeyd edib. Ə.Həsənov deyib ki, Əmanətlərin Sığortalanması Fondu həmin vəsaitləri maksimum 6 ay ərzində tam şəkildə ödəməlidir: “Bank bağlandığı andan 3 ay ərzində Əmanətlərin Sığortalanması Fondu əmanətləri kompensasiya etməlidir. Bu müddət maksimum 3 ay uzana bilər. Yəni, Fond maksimum 6 ay ərzində bu prosesi yekunlaşdırmalı idi. Əgər Fondun buna vəsaiti çatmırsa, Azərbaycan Mərkəzi Bankından kredit götürməlidir. Ola bilər ki, kreditlər götürülüb, sadəcə olaraq bunun miqdarı az olub. Ya da Mərkəzi Bank ümumiyyətlə, kredit verməyib. Bu halda demək olar ki, Fond özü bunu etmək istəyir. Çünki, müflis o şəxsdir ki, öz öhdəliklərini icra etmir. Sonuncu bağlanan bank Bank Standart isə ötən ilin oktyarbında bağlanıb. Bunun da üzərindən artıq 6 ay keçib. Yəni, Fond artıq bütün bağlanan banklarda olan əmanətləri kompensasiya etməlidir. Etməməsi ondan xəbər verir ki, Mərkəzi Bank kredit vermir. Çoxları deyir ki, dollar ucuzlaşır. Niyə ucuzlaşır? Çünki, Mərkəzi Bank dövriyyəyə pul buraxmır. O, cümlədən, hətta belə hallarda da kredit vermir”.

“Bağlanan bankların bütün aktivləri satılmalı və əmanətlər ödənilməlidir”

Ekspert hesab edir ki, əsas problem sığortalanmamış əmanətlərdir. Ə.Həsənov əlavə edib ki, sığortalanmamış əmanətlər bankların ümumi borcunun 75 faizini təşkil edir: “Bununla belə hesab edirəm ki, əsas problem sığrotalanmamış əmanətlərdədir. Əslində sığortalanmış əmanətlər bankların ümumi borcunun 25 faizini təşkil edir. Bu rəqəmlər təxminidir. Çünki, bu barədə rəsmi rəqəmlər yoxdur. Sadəcə, bəzi dövlət qurumlarının verdiyi rəqəmlərin uzlaşmasından bu qənaətə gəlmək olur. Deməli, qalan 75 faiz əmanətin sığortası yoxdur. Bu təkcə vətəndaşların əmanətləri deyil. Vətəndaşların əmanəti də təxminən 15-20 faiz təşkil edir. Qalan pullar isə şirkətlərin banklarda olan pullarıdır. Elə şirkət var ki, bağlanan bankda 60 milyon manat pulu qalıb. Belə şirkətlərin sayı çoxdur. Bu pulların qaytarılması haqqında da nə Maliyyə Bazarlarına Nəzarət Palatası, nə də bütün bankların ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu heç bir məlumat vermir. Həmin şəxslərə bankların vəziyyəti haqqında heç nə deyilmir. Halbuki, qanuna görə əmanət sahiblərinə hər ay bankın durumu haqqında məlumat verilməlidir.

Digər tərəfdən həmin şəxslər prosesə cəlb olunmalı və onlar gəlib baxmalıdırlar ki, Fond əmanətlərin qaytarılması üçün ümumiyyətlə, nə iş görür. Qanunla aydındır ki, Fond bu pulları hansı yollarla qaytarmalıdır. Bağlanan bankların bütün aktivləri satılmalı və əmanətlər ödənilməlidir. Sadəcə olaraq bu proses qeyri-şəffaf aparılır. Buna görə də heç bir məlumat vermirlər. Böyük ehtimalla da həmin pullar ümumiyyətlə, qaytarılmayacaq, ya da çox cüzi hissəsi qaytarılacaq”.

“Heç kim banklara etibar etmir”

Əkrəm Həsənov sonda bildirib ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının banklara verdiyi qanunsuz tapşırıqlara görə artıq şirkətlər banklarda pul saxlamır: “Digər tərəfdən şirkətlər artıq pullarını banklarda saxlamağa qorxurlar. Fikirləşirlər ki, sabah bu bank da bağlanacaq və bizim də pulumuz batacaq. Məhz buna görə də Maliyyə Bazarlarına Nəzarət Palatsı bir müddət öncə banklara qanunsuz göstəriş verdi ki, şirkətlər öz bank hesablarından 1 ayda maksimum 30 min manat vəsait çıxarda bilərlər. Bu tamamilə qanunsuz bir göstərişdir. Qanunda da belə bir maddə yoxdur. Palata isə bunu ona görə edir ki, artıq heç kim banklara etibar etmir. Bu etimadın olmamasının səbəbi isə məhz bağlanan bankların ləğvetmə prosesinin qeyri-şəffaf olmasıdır. Faktiki olaraq belə çıxır ki, Palata ölkə konstitutsiyasına zidd olaraq şirkətlərin şəxsi əmlakına həbs qoyur. Yəni, əslində Palata bank sisteminə etimadı artırmaqla şirkətlərin öz pulunu bank hesablarında saxlamağa nail olmalı idi. Amma bunu edə bilmir deyə, banklara tam etimadsızlıq var”. (Cebhe.info)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu