İlin sonunadək neftin qiyməti 60 dollar olacaq




Bu ilin sonunadək neftin bir barelinin qiyməti 55-60 dollar səviyyəsində olacaq.

İranın Neft İxrac edən Ölkələr Təşkilatındakı (OPEC) sabiq nümayəndəsi Cavad Yarjani bu fikirdədir. O bildirib ki, Rusiya və Səudiyyə Ərəbistanının neft hasilatının azaldılması üzrə sazişin müddətinin uzadılmasına dəstəyi bazar tərəfindən müsbət qarşılandı və bu, qiymətlərə öz təsirini göstərdi: “Neftin barrel qiymətinin 55-60 dollar səviyyəsində olması sektorun bütün nümayəndələri üçün ən optimal variant kimi görünür. Düşünürəm ki, ilin sonuna qədər qiymətdəki dəyişkənlik tarazlıqla əvəzlənəcək”.

Qeyd edək ki, 24 ölkənin nümayəndələri mayın 25-də Vyanada toplaşaraq sazişin müddətinin uzadılmasını nəzərdən keçirəcək. Azərbaycanın energetika naziri Natiq Əliyev də həmin iclasda iştirak edəcək.

Xatırladaq ki, OPEC üzrə gündəlik neft hasilatının 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə edilib. Bundan başqa, OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən də Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıblar. Saziş bu ilin birinci yarısı üçün bağlanıb və onun müddətinin uzadılması, yaxud digər başqa bir qərarın qəbulu OPEC Nazirlər Şurasının mayın 25-də Vyanada keçiriləcək 172-ci iclasında müəyyənləşəcək. (AzərTAc)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu