AFN.AZ / Sərhədboyu ərazilərdə logistika və ticarət mərkəzləri yaradılacaq

Sərhədboyu ərazilərdə logistika və ticarət mərkəzləri yaradılacaq

Azərbaycanın sərhədboyu ərazilərində yeni logistika və ticarət mərkəzləri yaradılacaq.

Trend-in məlumatına görə, bu barədə "Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi"ndə qeyd olunur.

Strateji yol xəritəsində bildirilir ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Heydər Əliyev Beynəlxalq Aeroportunda və ölkənin daxili ticarət şəbəkəsinə çevik inteqrasiyasını təmin etməkdən ötrü avtomobil və dəmir yolu əlaqələri gücləndiriləcək.

Rayonlararası əlaqənin yaxşılaşdırılması məqsədilə avtomobil yollarının tikintisi və təmiri əsas prioritet olacaq, yükdaşıma həcmi iqtisadi səmərəliliyi təmin edəcək səviyyəyə çatdıqdan sonra dəmir yolu əlaqələri də qurulacaq. Daha sonra qarşıya qoyulmuş məqsədlərin reallaşdırılması üçün sərhədboyu ərazilərdə (məsələn, Qırmızı körpü, Astara, Xaçmaz və s.) yeni logistika və ticarət mərkəzlərinin yaradılmasına başlanılacaq.

2025-ci ildən sonrakı dövr üçün qarşıya qoyulmuş vəzifələrin bir hissəsi kimi, ölkədə logistika şəbəkəsinin digər regionlarda da genişləndirilməsi davam etdiriləcək. Həmin dövrə qədər Azərbaycanın sərhədləri boyunca logistika və ticarət mərkəzlərinin tikintisinin ikinci mərhələsi başa çatdırılacaq, logistika və ticarət müəssisələrinin regionlarda fəaliyyətinin stimullaşdırılması diqqət mərkəzində saxlanılacaq. Bu cür əlavə logistika və ticarət mərkəzlərinin mövcudluğu qonşu ölkələrlə ticarət əlaqələri olan şirkətlər tərəfindən Azərbaycan ərazisindən beynəlxalq ticarət əməliyyatlarının həcmini daha da artırmağa imkan verəcək.

Bunlardan əlavə, Bakıdan keçən ticarət həcmlərindən daha çox fayda əldə etmək məqsədilə Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni logistika qovşağının (“hub”) yaradılması nəzərdən keçiriləcək.
8-01-2017, 15:42
Geri qayıt