Ziya Məmmədovun qardaşı Qusardakı qətldən danışdı


Millət vəkili Elton Məmmədov Qusar rayonunun Çiləgir kəndində qardaşı Nəriman Məmmədovun qudası Ramiz Vəliyevin odlu silahla qətlə yetirilməsinə münasibət bildirib.

O, bildirib ki, hazırda hadisə ilə bağlı istintaq gedir: “Bu cinayət araşdırılır. Qətl zamanı qardaşımın orada olduğu bildirilsə də, mən hadisə yerində olmamışam. Heç nə deyə bilmərəm. Dolğun məlumat əldə etmək istəyirsinisə,Qusar rayon prokurorluğuna müraciət edə bilərsiniz. Onlar ehtiyac duyulan məlumatı sizə verəcəklər”.

Xatırladaq ki, bu hadisənin təfərrüatları barədə dünən virtualaz.org saytı olaraq məlumat yaymışdıq. Məlumatda deyilirdi: "İyunun 30-da Qusar rayonunun Çiləgir kəndində qətl törədilib. Bakı şəhər sakini, 70 yaşlı Ramiz Gülməmməd oğlu Vəliyev odlu silahla qətlə yetirilib.

Yerli sakinlər R.Vəliyevin Eynulla Hacıyev adlı kənd sakini tərəfindən namus üstə öldürüldüyünü bildirir. Hadisə biznesmen Ramiz Vəliyevin Çiləgir kəndindəki villasında baş verib. Eynulla Hacıyev bu villada gözətçi, onun bacısı isə qulluqçu işləyirmiş. O, qətli də bacısının şərəfini qorumaq üçün törədib.

Eynulla Hacıyev hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Qusar rayon prokurorunun köməkçisi Anar Salehov Çiləgir kəndində baş verən qətl hadisəsini “Amerikanın səsi”nə təsdiqləyib. Onun sözlərinə görə, faktla bağlı Qusar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi qaldırılıb.

Cinayətin motvinə gəlincə isə Anar Salehov bu barədə məlumat verməyib.

“Hazırda istintaq gedir. Cinayətin motivi və gedişi ilə bağlı rəsmi məlumat yayılacaq” - deyə prokuror köməkçisi qeyd edib.

“Turan” agentliyinin xəbərində isə deyilir ki, gözətçi öz ailəsinin şərəfini qorumaq üçün R.Vəliyevi güllələyib.

“Amerikanın səsi” qətlə yetirilmiş biznesmen Ramiz Vəliyevin nazirlərdən birinin qohumu olduğunu bildirir.

Virtualaz.org saytı Qusardakı mənbələrdən dəqiqləşdirib ki, həmin şəxs nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Nəriman Məmmədovla quda olub. Və qətl hadisəsi də nazirin qardaşının yanında baş verib.

Mənbənin bildirdiyinə görə, hadisə vaxtı N.Məmmədov qudasının villasında istirahətdə imiş. Gözətçi E.Hacıyev R.Vəliyevi güllələyəndə nazirin qardaşı da euhi sarsıntı keçirib, onun hətta qorxudan dili tutulub. Onu əvvəlcə rayon xəstəxanasına, oradan isə Bakıya gətiriblər".(qafqazinfo)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu