Yavər Camalovun da adı “MTN İŞİ”ndə…- ŞOK FAKTLAR ÜZƏ ÇIXDI

Xəbərin çap versiyası
Tarix: 6-01-2017, 21:29    |    Xəbər oxunub: 183 dəfə
Yavər Camalovun da adı “MTN İŞİ”ndə…- Xəbər verildiyi kimi ləğv edilmiş MTN-də fəaliyyət göstərmiş mütəşəkkil cinayətkjar qruplaşmanın daha bir qrup üzvünün işi baxılmaq üçün məhkəməyə göndərilib. Bu qrupa MTN-in Monitorinq Mərkəzinin rəhbəri olmuş general Teymur Quliyev, Transmilli Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi olmuş general Sübahir Qurbanov, onun müavini, polkovnik Füzuli Əliyev və digərləri daxildir.

Qrup üzvlərinə qarşı çoxsaylı ittihamlar üzrə aparılmış istintaqın materiallarından məlum olur ki, generallar Sübahir Qurbanov, Teymur Quliyev və digərləri heç də indiyədək Eldar Mahmudovun yaratdığı bədheybət sistemin ən məşhur personası hesab edilən general Akif Çovdarovdan geri qalmayıblar, hətta törətdiyi əməllərin statistikası baxımından bəzi göstəricilər üzrə onu da geridə qoyublar. Belə məlum olur ki, Azərbaycanda az qala bu cinayətkar qruplaşmanın caynağına keçməyən orta sahibkar, müəssisə və biznes subyekti qalmayıb.
Seyfullayev və MMC-ləri: “Külli miqdarda qazanırsan, MTN-ə də verməlisən”
Belə epizodlardan biri də “Bakı Tikinti”, “Alfa” adlı MMC-lərin faktiki sahibi olmuş, hazırda isə özünün dediyi kimi “Fazenda” adlı MMC-ni işlədən Seyfullayev Kamal Məmmədağa oğlunun başına gələnlərdir. İstintaq materiallarından məlum olur ki, general Sübahir Qurbanovun əmri ilə onun müavini Füzuli Əliyev və Transmilli Cinayətkarlıqla Mübarizə idarəsinin digər əməkdaşları Seyfullayevi tutaraq onun şirkətlərinin bank hesablarından 2 milyon manat vəsaiti nəğdləşdiriblər və ələ keçiriblər.
Qeyd etmək lazımdır ki, cinayət işinin bu epizodu xeyli dolaşıqdır, iş üzrə şahid qismində dindirilənlərin ifadələri arasında fərqlər var. Belə ki, Seyfullayevin ifadəsinə əsasən MTN-çilər onu 2014-cü il dekabrın sonlarında, axşam saat 19 radələrində Bakının Səməd Vurğun bağı yaxınlığındakı “Niaqara” restoranının yaxınlığında bibisi oğlu İlkin İbadovla birlikdə “Niva” avtomobilində olarkən saxlayıblar. Əməliyyatı ötən epizodlarda olduğu imi Füzuli Əliyev özünün “Audi Q7” avtomobili ilə keçirib. Avtomobilin sükanı arxasında Natiq Alıyev (MTN əməkdaşı) olub.
Paqonlu əcinnələr heç bir izahat vermədən Seyfullayevi və bibisi oğlunu tutub MTN-ə aparıblar. Füzuli Əliyev orada onlara səbəbi başa salıb: “Bizneslə məşğul olursan, külli miqdarda pul qazanırsan, deməli bizə də verməlisən”. Seyfullayev müqavimət göstərir: “Nəyə görə? Halal yolla qazandığım puldan sizə niyə verməliyəm?”
“Generalın göstərişidir, heroini qoyarıq boynuna…”
Füzuli Əliyev “niyə”ni belə izah edir: “Generalın, Baş idarənin rəisi Sübahir Qurbanovun göstərişidir. 2 milyon manat verməlisən, əks halda həbs olunacaqsan”. Və polkovnik otaqdan çıxır. Ardınca Natiq Alıyev söhbətə müdaxilə edir: “İndi gətirib 1 kiloqram heroni qoyarıq boynuna, onda ağıllanarsan”. Bu vaxt Seyfullayev heroin istifadəçisi olmadığını sübut etmək üçün qollarını çirmələyir, “ekspertiza tələb edirəm” deyir.
Natiq Alıyev və idarənin digər əməkdaşı Zaur Məmmədov isə təbii ki, buna məhəl qoymur. Gecəni Seyfullayev və bibisi oğlu İlkin İbadov MTN-də keçirir. Nəhayət Seyfullayev “təzyiqlərdən bezərək” tələb olunan 2 milyon manatı verməyə razılaşır. Onları MTN-dən buraxırlar. İki gün sonra MTN-çilərin müşaiyəti ilə “Texnikabank”a gedir, orada şirkətlərinin bank hesablarından 2 milyon manat çıxararaq Füzuli Əliyevə verir.

MTN-nin “Texnikabank” əməliyyatı haqda xatırlatma
Bu arada haşiyə çıxaraq qeyd etmək lazımdır ki, həmin əməliyyat “Texnikabank”ın MTN-nin nəzarəti altında olduğu vaxtlarda baş verirdi. 2012-ci ildə MTN-nin qara maskalılarının “Texnikabank”ın baş ofisinə basqın edərək bankın rəhbəri Etibar Əliyevi necə apardıqları, onu bankdan əl çəkməyə məcbur etdikləri məlumdur. Etibar Əliyev bankın səhmlərini ona görə milli təhlükəsizlik naziri Eldar Mahmudova və qudası Cahangir Hacıyevə verməli olmuşdu ki, “Texnikabank”ın beynəlxalq səviyyəli çirkli pulların yuyulması əməliyyatında iştirakına dair kompromatlar ələ keçmişdi.
“Xəzər” filialından milyonlar
Beləliklə, cinayət işinin materiallarına əsasən Seyfullayev 2 milyon manatı “Texnikabank”ın “Xəzər” filialından çıxarıb vermişdi. Pullar çıxarılarkən filialın müdiri Fərid Məmmədov “Texnikabank”ın Baş idarəsinin təhlükəsizlik xidmətinin rəisi, eyni zamanda MTN-in əməkdaşı olan Ayaz Gərayzadəyə zəng vurur. Füzuli Əliyev və dəstəsi Seyfullayevin hesabından pulları Gərayzadənin gözü qarşısında çıxarır.
İstintaq zamanı Füzuli Əliyev Kamal Seyfullayevlə üzləşdirmədən imtina edib. Natiq Alıyev isə Seyfullayevin saxlanılması və “Xəzər” filialından pulların çıxarılması əməliyyatında iştirakını təsdiqləyib.

İbadov deyir: “Seyfullayev bankdan 3-4 kisə pulu çıxarıb maşına yüklədi”
Seyfullayevin bibisi oğlu İlkin İbadovun ifadəsində isə deyilir ki, “Bakı Tikinti” MMC və “Alfa” MMC şirkətlərinin direktoru olub, ayda cəmi 500 manat məvacib alırmış. İşi-gücü isə bu şirkətlərin hesablarından onun adına köçürülmüş pulları nəğdləşdirərək qohumuna verməkdən ibarət idi.
İbadovun dediyinə görə həmin gün o, Seyfullayevlə birlikdə “Texnikabank”ın S.Vurğun küçəsində, “Niaqara” restoranı yaxınlığında yerləşən filailına gediblər. Seyfullayev banka daxil olub, ona deyib ki, bankdan pul çıxarıb aparmalıdır və bu işə kömək etsin. Təxminən 1 saat sonra Seyfullayevin iştirakı ilə bank işçiləri 3-4 bank kisəsi dolu pulu inkassasiya maşınına yükləyib. İnkassasiya maşını yola düşüb. İbadovla Seyfullayev isə özlərinin “Niva” avtomobilində onun arxasınca hərəkət ediblər. “Niaqara” restoranının yaxınlığındakı qaraja çatanda inkassasiya maşınından pulları götürüb “Niva”ya yükləyirlər, bankın maşını çıxıb gedir.
Təxminən 20 dəqiqə sonra həmin qaraja qara rəngli “Cip” yaxınlaşır, maşından düşən hündürboy, 40 yaşlarında biri pul kisələrini “Niva”dan götürüb gəldiyi maşına yükləyir və çıxıb gedir. 3-5 dəqiqə sonra onlar da qarajın yanını tərk edirlər, “Olimpik Star” əyləncə mərkəzinə yaxınlaşanda qarşılarını qara rəngli bir neçə “Cip” kəsir. Maşınlardan düşən 15 nəfərə yaxın mülki geyimli şəxs özlərini MTN əməkdaşları kimi təqdim edib Seyfullayevlə İbadovu aparırlar.

Həmin “Sultan” kafesinə, MTN-çilərin mağarasına…
MTN-in yanına çatanda onları nazirliyə yox, yaxınlıqdakı “Sultan” kafesinə gətiriblər. Bu arada daha bir haşiyə çıxaraq qeyd edək ki, əməkdaşlarımız ötən gün adı MTN işində 100-ə yaxın epizodda keçən “Sultan” kafesində olub. Son iki ildə kafeni işlədən şəxslə söhbətləşib. Həmin şəxs kafenin cəmi bir otaqdan ibarət olduğunu deyib, MTN-çilərin oranı adamları tutub “yolmaq” üçün istifadə etdikləri haqda deyilənləri təkzib etməyə çalışıb. Lakin tamamilə mümkündür və hətta yəqindir ki, görünür bu kafedə əvvəl əsas girişdən sağa və sola, kabinetlərə açılan qapılar olub. Və MTN-dəki qruplaşma dağıdılandan sonra sahibi həmin girişləri bağlayıb, nəticədə kafenin cəmi bir otaqdan ibarət olduğu görüntüsü yaranıb.
İbadov deyir ki, Kamal Seyfullayevlə birlikdə 3 nəfər MTN əməkdaşı həmin kafenin zalından təcrid olunmuş ayrıca otağa keçmiş, onu isə kafenin ümumi zalında saxlayıb, digər MTN əməkdaşları da kafenin zalında oturublar. Onlar kafedə təxminən 5-6 saat, gecə saat 02-03 radələrinə kimi qalıblar. Kamal Seyfullayev isə kafenin kabinetində saxlanılırdı.
Saat 02-03 radələrində Kamal Seyfullayevi kafenin kabinetindən çıxardıqda İbadov «gedirik?» soruşub, Kamal Seyfullayev isə, bizi saxlayırlar, sabah banka gedib pulun qalanını da götürüm, sonra bizi buraxacaqlar» deyib. Seyfullayevi və qohumunu kafedən çıxarıb MTN-ə aparırlar, orada səhərə qədər saxlayırlar. Səhər iki MTN əməkdaşı onları nazirlikdən çıxarır, yenidən “Sultan” kafesinə aparır və birlikdə yemək yeyirlər. Daha sonra təzədən nazirliyə geri qaytarırlar. Həmin gecəni də MTN-də saxlayırlar, ertəsi gün yenə “Sultan” kafesində yemək yeyirlər. Nəhayət həmin günün axşamı Seyfullayev “məsələni həll edir”, onları nazirlikdən buraxırlar.
Filial müdiri: “Seyfullayevin hesablarına həmişə külli miqdarda pullar köçürülürdü”

“Texnikabank”ın “Xəzər” filialının müdiri (Mahmudovçu qruplaşmanın kadrı) Fərid Məmmədov isə ifadəsində deyir ki, Kamal Seyfullayev bankın VİP müştərisi idi, hesablarına həmişə böyük məbləğlərdə pullar köçürülürdü. 2014-cü il dekabrın 24-27-i aralığında Seyfullayevin 4-5 şirkətinin bankdakı hesabna külli miqdarda pullar köçürülür. Seyfullayev pulları hesabdan çıxarmaq üçün ona müraciət edib. Filial rəhbəri bankın baş idarəsinə sifariş göndərərək 18 milyon manat nəğd pul göndərilməsini sifariş verib. Pullar gəldikdən sonra Seyfullayev yenidən banka gəlib, 12 milyon manatı nəğd götürüb, qalan 6 milyon manatı özünün şəxsi bank hesabına ötürüb. 12 milyon manat 3 bank kisəsinə doldurulub və Seyfullayevə verilib.
Haşiyə: Seyfullayevin hesabına həmin 18 milyon manatın niyə köçürüldüyü göstərilmir, lakin istintaq materiallarından görünür ki, bu, növbəti cinayətdən xəbər verən detaldır. Pullar köçürülür və Seyfullayev onun 12 milyonunu nəğdləşdirib hansısa qarajın yanında qara “Cip”də gələn naməlum şəxsi çatdırır. 6 milyonunu isə öz hesablarına köçürür. Niyə?
Seyfullayev 2 gün sonra qayıdır, yanında da MTN-çilər…
İki gün sonra Seyfullayev yenidən banka gəlib, bu dəfə MTN-çilərin müşaiyəti ilə. Filial müdirinin dediyinə görə, MTN-çilərdən Natiq Alıyev ona “MTN-in nəzarəti ilə bank əməliyyatı aparılacaq” deyib. Füzuli Əliyev Kamal Seyfullayevlə birlikdə filial müdirinin otağına daxil olur. MTN-çi deyir: “Bu adamın bank hesablarından külli miqdarda nəğd pul çıxarılması qeydə alınıb, əməliyyat aparılacaq”.

Filial müdiri dərhal bankın təhlükəsizlik xidmətinin rəisi Ayaz Gərayzadəyə zəng vurur. Gərayzadə gəlir. O, Seyfullayev, Füzuli Əliyev və MTN-çilərlə gələn tanımadığı şəxs otaqda oturur. Həmin şəxsi tanımadığını deyir, ancaq belə başa düşür ki, adam pulların sahibi imiş. Beləliklə, Seyfullayevin hesablarından həmin 6 milyon manat çıxarılır, pulun 4.2 milyon manatını naməlum şəxs, qalanını Füzuli Əliyev götürür. MTN-çilər çıxıb gedirlər, daha sonra Seyfullayev bankı tərk edir. Və Gərayzadə filial müdirinə tapşırır ki, bu əməliyyat barədə əmr “yuxarıdan” gəlib və gördüklərini heç kimə danışmasın…
Gərayzadə-həm bankirdir, həm MTN-çi, Füzuli Əliyev də dostudur
İstintaq həmin Gərayzadəni də dindirib. O deyib ki, 1993-cü ildən 2015-ci ilə kimi MTN-də müxtəlif vəzifələrdə işləyib. Paralel olaraq 2012-ci ildən 2015-ci ilə qədər “Texnikabank”ın idarə heyətinin sədr müavini işləyib. Təhlükəsizlik məsələlərini kurasiya edib. Füzuli Əliyevlə MTN Akademiyasında birlikdə oxuyub, onunla dost olublar.
Gərayzadə deyir ki, 2014-cü il dekabrın sonunda Füzuli Əliyev ona zəng vurur. “Sizin bankda bir gün əvvəl külli miqdarda pulların nəğdləşdirilməsi əməliyyatı aparılıb. Bununla bağlı filialda görüşməliyik” deyib. Gərayzadə dərhal filial müdiri Fərid Məmmədova zəng vurur, dünən aparılan əməliyyatın (Seyfullayevin bankdan 12 milyon çıxarması) nədən ibarət olduğunu soruşur. Fərid Məmmədov isə “qanuni əməliyyat aparıldığını” deyir. Gərayzadə baş ofisdən çıxıb “Xəzər” filailına doğru yola düşür, bu vaxt Füzuli Əliyevin dəstəsi artıq banka çatmışdı.

Xoruzun quyruğu göründü: Pullar Yavər Camalovun nazirliyindən köçürülübmüş
“İçəri girəndə Fərid Məmmədovun otağında Füzuli Əliyevi, Natiq Alıyevi, əvvəllər uzun müddət bizneslə məşğul olan şəxs kimi tanıdığı Kamal Seyfullayevi və Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin adını bilmədiyim vəzifəli şəxsini gördüm. Məlum oldu ki, Füzuli Əliyev artıq dünənki əməliyyatla bağlı maliyyə sənədlərini araşdırıb, faizləri hesablayıb. Onlar pulları çıxardılar, dəqiq bilmədiyim məbləği Müdafiə Sənayesi Nazirliyinin nümayəndəsinə verdilər, qalan1.8 milyon manatı isə özləri götürüb getdilər”-Gərayzadə deyir.
Beləliklə, filal müdiri Fərid Məmmədovun ifadəsində göstərdiyi “tanımadığım şəxs”in kimliyi də Gərayzadənin ifadəsində açılır. Məlum olur ki, Seyfullayevin MMC-lərinin hesablarına 18 milyon manatı (təkcə bir epizodda köçürən dövlət təşkilatı Müdafiə Sənayesi Nazirliyi imiş. Hansı ki, həmin puldan 2 milyon manatını MTN quldurları “haqq” kimi ələ keçirib. Özü də nazirliyin əməkdaşının iştirakı ilə. Bəs Nazirliyi Seyfullayevlə və onun MMC-ləri ilə nə bağlayırdı? Bu isə yeni istintaq prosesinin araşdıra biləcəyi məsələdir.
“Heç olmasa 150 mini qaytarsın…”
Gərayzadə bildirir ki, MTN-çilər gedəndə Seyfullayevi də özləri ilə apardılar. Bankdan pulun çıxarılıb bölüşdürülməsi haqda isə heç bir sənəd, protokol- filan olmadı. İki-üç gün sonra Seyfullayev Gərayzadəyə zəng vurur, onun Füzuli Əliyevlə dost olduğunu bildiyi üçün xahiş edir ki, MTN polkovnikindən apardığı pullardan heç olmasa 150 min manatını geri qaytarmağı istəsin. Gərayzadə F.Əliyevə zəng vurur, dostundan xahiş edir. MTN polkovniki isə cavab verir: “Sən bu işə qarışma!”
İstintaq Seyfullayevin telefon danışıqlarının general Sübahir Qurbanovun göstərişi ilə MTN-in Monitorinq Mərkəzi tərəfindən dinlənildiyini sübut edən dəlilləri də toplayıb. Lakin istintaq Müdafiə Sənayesi Nazirliyinin Kamal Seyfullayevlə birlikdə apardığı pul yuma əməliyyatının detallarını araşdırmayıb. Hansı ki, cinayət işinin bu epizodunun həmin hissəsindən daha bir qalmaqallı cinayət işinin iyi gəlirdi… (virtualaz.org)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru








Diqqətinizi çəkə biləcək digər xəbərlər
    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur