Polkovnikə 8 il cəza verildi




Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı Dəmir Yolu Qovşağı Mülki Müdafiə Qərargahının sabiq rəisi, polkovnik Əlövsət Məhərrəmovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Virtualaz.org saytının xəbərinə görə, məhkəmə iclasına hakim Rahib Salmanov sədrlik edib. Məhkəmənin hökmü ilə Ə. Məhərrəmov 8 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Əlövsət Məhərrəmov müxtəlif şəxslərdən külli miqdarda pul alaraq onları FHN-də işə düzəldəcəyini vəd edib. Vədinə xilaf çıxan Ə.Məhərrəmov tərəfindən aldanıldığını başa düşən qurbanlar sonda hüquq-mühafizə orqanlarına müraciət etmək məcburiyyətində qalıblar. Ə.Məhərrəmovun vətəndaşları aldatması halları 2014-cü ilin sonlarında edilən çoxsaylı şikayətlərdən sonra məlum olub.

Cinayət işi üzrə zərərçəkmişlərin sayı 50 nəfərdən çoxdur. Zərərçəkmişlər FHN-ə işə düzəlmək üçün 4-10 min manat arasında nağd pulu Ə.Məhərrəmova verdiklərini deyiblər.

Şikayətlər nəticəsində Ə.Məhərrəmov 2015-ci ilin fevralında həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu