Bakıda direktorun qətli ilə bağlı gizli məqamlar ortaya çıxdı




"Bakı Taxıl Kombinatı"nın direktoru Qalib Bağırovu qətlə yetirməkdə təqsirləndirilənlər Ehtiram Həsənov, Mübariz Əliyev və Mahnurə Hüseynovanın apellyasiya şikayətinə baxılacaq.



Qətl hadisəsi 2016-cı il yanvarın 8-də Q.Bağırovun Suraxanı rayonu, Hövsan qəsəbəsi, "Bağlar" yaşayış massivindəki evində baş verib. E.Həsənov, M.Hüseynova və M.Əliyev qabaqcadan əlbir olaraq həmin gün səhər saat 7 radələrində Qalib Bağırovun yaşadığı bağ evinə gəlib çoxsaylı xəsarətlər yetirməklə və iplə boğmaqla onu öldürüblər. Sonra mənzildə olan 300 manat, 30 avro, 10 dollar, 10.000 Belarus rublu məbləğində pulu, mərhuma məxsus gödəkcə və papağı, mobil telefon və planşeti götürərək hadisə yerindən gediblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər üç şəxs 20 il müddətinə azadlıqdan məhrum edilib. Onlar hökmdən apellyasiya şikayəti veriblər. İş Bakı Apellyasiya Məhkəməsində icraata götürüldükdən sonra müdafiə tərəfinin prosesin tam istintaqla keçirilməsi üçün verdiyi vəsatət təmin edilməyib. Təqsirləndirilən şəxslər məhkəmənin bu qərarından kassasiya şikayəti veriblər. Ali Məhkəmə qərarı dəyişməyib, işə yenidən apellyasiya şikayəti üzrə baxılacaq. Məhkəmə prosesi martın 31-də davam etdiriləcək. Prosesə hakim Rizvan Səfərov sədrlik edir.

İlk instansiya məhkəməsində ifadə verən adıçəkilən şəxslər qətli etiraf ediblər. Ehtiram Həsənov deyib ki, evə girərkən Qalib Bağırov onları tanıyıb: "Mənim maskam üzümdən çıxdı, rəhmətlik dedi ki, mən sizi tanıyıram, kimin göndərdiyini də bilirəm. Amma kimin göndərdiyini demədi".

M.Əliyev deyib ki, evdə olarkən E.Həsənov ona Qalibi öldürməyi əmr edib: "Mən iki bıçaq vurandan sonra dedi sən bacarmırsan, bıçağı alıb özü də dörd dəfə vurdu".

Qeyd edək ki, təqsirləndirilənlərdən biri, Ehtiram Həsənov Çelyabinskdə, sonra isə Almaniyada hərbi xidmətdə olub. Qarabağda könüllü döyüşüb, 1993-1994-cü illərdə Türkiyədə hərbi kurslarda iştirak etdikdən sonra Azərbaycanda bir il Daxili qoşunların hərbi hissələrindən birinin kəşfiyyat idarəsinin rəisi olub. Sonradan dələduzluqda təqsirləndirilərək bir dəfə 7 il, növbəti dəfə 12 il müddətinə azadlıqdan məhrum edilib. Amnistiyaya düşdüyü üçün cəzasını tam çəkmədən azadlığa çıxıb. Bundan sonra Mahnurə Hüseynova ilə qeyri-rəsmi olaraq birlikdə yaşayıb. M.Hüseynova isə Q.Bağırovun evində xadimə işləyib. (Qafqazinfo)






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu