Biləsuvarda 12 şagird sinif yoldaşlarını döyən müəllimin üzünə durdu




Müəllimi tərəfindən vəhşicəsinə döyülən, sonra isə həkimlər tərəfindən şikəst edilən, ölümcül vəziyyətə qoyulan Biləsuvarın Əlimərdan Hüseynov adına Çaylı kənd orta məktəbinin şagirdi Əfsun Rəcəbli ilə bağlı məhkəmə prosesi keçirilib.

AFN xəbər verir ki, bu barədə bakipost.az-a Əfsun Rəcəblinin vəkili Məzahir Şahmarov məlumat verib.

O bildirib ki, məhkəmə mayın 8-də Biləsuvar Rayon Məhkəməsində baş tutub: "Məhkəmədə İman Rəcəbovun (Əfsun Rəcəblinin atası – red.) mülki iddiaçı kimi tanınması ilə bağlı qaldırdığımız vəsatət tanındı. Həmçinin cinayət nəticəsində vurulmuş maddi və mənəvi ziyanla bağlı qaldırdığımız mülki iddia da qəbul edildi.

Ümumiyyətlə, təqsirləndirilən şəxs cinayət məcəlləsinin 127.1 maddəsi ilə ittiham olunur. O, ifadəsində baş vermiş hadisə ilə əlaqədar özünü qismən təsirli bilsə də, şagirdi döymədiyini, xəsarət yetirmədiyini bildirir. Amma sinifdəki 18 şagirddən 12-si Əfsunun idman müəllimi Elməddin Əzizov tərəfindən vəhşicəsinə döyüldüyünü, yerdə uşağın ağız və baş nahiyəsinə yumruq və təpiklə vurulduğunu təsdiq edir. Bir sözlə Əfsunun döyülməsi həm faktlarla, həm də şahidlərlə tam sübut olunub.

Bundan başqa, Elməddin etiraf edir ki, hadisədən sonra Əfsunun evinə adam göndərib. Əgər döyməyibsə niyə adam göndərirb? Niyə şikayət etməmələri üçün şagirdin ailəsinə xahiş-minnət etdirib?

Əfsunun döyülməsi ilə yanaşı həmin dərsin 40 dəqiqəsi, ictimai qayda şagirdlərin təhsil hüququ və dərs kobudcasına pozulub. Hətta şagirdlər məcbur qalıb evə gediblər”.

Vəkil müvəkkilinin ailəsinə dəyən əmlak zərərindən də danışıb: "Zərərçənin xəsarət alması, üzərində olan paltarlarına ziyan vurulması, ona məxsus olan mobil telefonun sınması əmlak zərəridir. Bütün bunlar, yəni ictimai qaydanın kobudcasına pozulması, vətəndaşın xəsarət alması, əmlakına ziyan vurulması və digər cəmiyyət üzvlərinə qarşı hörmətsizliyin edilməsi xuliqanlıqla xarakterizə olunan əməldir.

Cinayət Məcəlləsinin 318-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə iclasında əməldə ağır ittihamlar aşkarlanarsa, zərərçəkmişin vəsatəti əsasında məhkəmə işi prokurora qaytara bilər.

Yəni biz qanunun verdiyi hüquqdan istifadə edərək vəsatət qaldırdıq ki, Elməddinin əməlində 127.1-ci maddə yox, 127.2.3-cü maddəyə uyğun olan xuliqanlıq niyyəti ilə əməlin törədilməsi əlamətləri aşkarlandığından, ağır ittihamın verilməsi ilə iş prokurora qaytarılsın. Amma hakim həmin vəsasəti təmin etmədi”.

Vəkil qeyd edib ki, şahidlərin gəlməsinə baxmayaraq, proses təxirə salınıb: "Növbəti proses mayın 16-da olacaq. O zaman şahidlərin və ekspertin dindirilməsi olacaq. Çünki Əfsunun döyülməsinə, burnunun sınmasına, alt çənəsində sınıqların olmasına baxmayaraq, ekspert müayinə etdikdən sonra xəstədə hər hansı xəsarət izlərinin aşkarlanmadığı haqda rəy yazıb. Bu səbəbdən işə xitam verilib. Yalnız zərərçəkmişin ərizəsi nəticəsində Daxili işlər naziri Ramil Usubov və Baş Prokurorluq tərəfindən iş nəzarətə götürülüb. Daxili işlər nazirinin və Baş Prokurorluğun təkidi ilə məsələ ilə bağlı cinayət işinin başlaması haqda qərar qəbul olunub. Ona görə də növbəti prosesdə ekspertin dindirilməsi vacibdir”.

Qeyd edək ki, bədən tərbiyəsi müəllimi Elməddin Əzizov 2015-ci ilin oktyabrın 14-də şagirdi 1999-cu il təvəllüdlü Ə.Rəcəblini vəhşicəsinə döyüb. Şagirdin həkimlərin də səhlənkarlığı nəticəsində vəziyyəti kritikləşib, hazırda onun vəziyyəti çox ağırdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu