Naxçıvan abidələri dünya memarlığının nadir inciləridir- FOTOLAR




Naxçıvan abidələri dünya memarlığının nadir inciləridir-FOTOLARYUNESKO-nun Abidələrin Mühafizəsi Məsələləri üzrə Beynəlxalq Şurasının qərarı ilə 1982-ci ildən etibarən hər il aprelin 18-i dünyada “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” kimi qeyd olunur.



Naxcivantv.az-ın məlumatına görə, Azərbaycanın, o cümlədən dünyanın ən qədim yaşayış və mədəniyyət mərkəzlərindən biri olan Naxçıvan min illərin tarixini yaşadan qədim yaşayış yerləri baxımından səyyahları, alimləri, tədqiqatçıları özünə cəlb edən bir məkan kimi tanınmışdır. Qədim diyarımızın ərazisindəki mağaralar, qalalar, qədim yaşayış yerləri, qayaüstü rəsmlər, daş qoç heykəlləri və türbələr bu torpaqda tarixin və mədəniyyətin qədimliyini göstərir. Gəmiqaya abidəsi Naxçıvanın ilkin yaşayış məskəni olmasını elmi və tarixi əsaslarla təsdiq etməklə xalqımızın ən qədim dövr incəsənətinin, mənəvi və maddi-mədəniyyət nümunələrini bu günə daşıyan əvəzsiz tarixi abidədir. Gəmiqaya daşları üzərində həkk olunmuş müxtəlif kompozisiyalı təsvirlər, həndəsi işarələr, piktoqrafik yazılar əcdadlarımızın dünyagörüşünün və təsəvvürlərinin, yaşam tərzinin tariximizin minilliklərin dərinliyindən bu günə çatdırılması baxımından dəyərli mənbələrdir. Naxçıvan ərazisində mövcud olan Qazma mağarası, "Əshabi-Kəhf" Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksi, Kilit mağarası, I və II Kültəpə, Xarabagilan, Quyulu dağ, Qarabağlar Türbə Kompleksi, Möminə xatın, Yusif Küseyiroğlu, Gülüstan türbələri, Əlincə qalası, Qızılburun, Qızqala, Ovçular təpəsi, Oğlanqala, Xələc, Naxçıvanqala, tarixi təbiət abidələrindən Haçadağ, Duzdağ, Batabat, Babək qalası, Dəvəboynu və yüzlərlə başqa abidələr keçmişimizi bu günə daşıyan tarixi yaddaşımızdır.

Naxçıvan Muxtar Respublikasında 20 il bundan əvvəl tarix və mədəniyyət abidələrinin qorunması, təbliği və tədqiqi istiqamətində başlanan ardıcıl tədbirlər öz bəhrəsini verməkdədir. Ali Məclis Sədrinin 2001-ci il aprelin 26-da imzaladığı “Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq edilməsi haqqında” Sərəncamından sonra Gəmiqaya rəsmləri elmi əsaslarla öyrənilmiş, bu mövzuda onlarla elmi məqalə və kitablar yazılmışdır. 2005-ci ildə Gəmiqaya abidəsinə beynəlxalq ekspedisiya təşkil edilmiş, Gəmiqaya ətrafındakı arxeoloji abidələrdə tədqiqatlar aparılaraq etno­qrafik, folklor və onomastik materiallar toplanmışdır. Ali Məclis Sədrinin “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” 2005-ci il 6 dekabr tarixli Sərəncamı isə muxtar respublika ərazisindəki tarix və mədəniyyət abidələrinin tədqiqində yeni mərhələnin başlanğıcını qoymuşdur. 2006-2016-cı illərdə muxtar respublikada 1200-dən çox abidə qeydə alınaraq pasportlaşdırılmışdır.

Abidələrə, xalqın, torpağın canlı yaddaşı sayılan tarixi-mədəni incilərə diqqət muxtar respublikamızda onların bərpası istiqamətində də həyata keçirilir. Son illər Möminə Xatın türbəsi konservasiya edilmiş, “Əshabi-Kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksində yenidənqurma işləri aparılmış, Yusif Küseyiroğlu və Nuh türbələri, imamzadələr, muxtar respublika ərazisindəki buzxana abidələri, “Came” məscidi, Zaviyyə mədrəsəsi, İsmayılxan hamamı, Xan sarayı, Culfa rayonundakı Xanəgah Abidə Kompleksi, Ordubad rayonundakı Aza körpüsü, Qeysəriyyə, Naxçıvanqala və digər tarixi abidələr əsaslı bərpa olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı ildə “Nuh Peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü abidəsinin bərpa edilməsi haqqında”, 2010-cu ildə “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyinin yaradılması haqqında”, 2011-ci ildə “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin yaradılması haqqında”, 2013-cü ildə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması haqqında”, 2014-cü ildə “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında”, 2015-ci ildə “Gülüstan türbəsinin bərpası və tədqiq olunması haqqında”, 2016-cı ildə “Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında” imzaladığı sərəncamlar tarixi-mədəni irsimizin öyrənilməsi qorunması, tədqiqi və təbliği baxımından mühüm əhəmiyyətə malik olan dövlət sənədləridir. Ümumiyyətlə, son 20 ildə muxtar respublikada 60-dan çox tarix və mədəniyyət abidəsi əsaslı təmir və bərpa olunmuşdur. 2016-cı il bu sahədə xüsusilə əlamətdar olmuşdur. Azərbaycan xalqının əyilməzlik rəmzi olan Əlincəqalada, Azərbaycan memarlığının əvəzsiz nümunələrindən sayılan Gülüstan türbəsində, Şərur rayonunun Xanlıqlar kəndindəki Parçı imazadəsində bərpa işləri yüksək səviyyədə başa çatmışdır. Hazırda XII-XIV əsrlərə aid Qarabağlar Türbə Kompleksində, Şərur rayonunun Yengicə kəndində XVIII-XIX əsrlərə aid hamamın bərpa işləri davam etdirilir.

Naxçıvanın abidələri bu qədim yurdun tarixi keçmişini özündə yaşatmaqla bərabər, həm də müasir dövrdə turizm potensialının artmasına xidmət edir. Bu gün Naxçıvan tarixi abidələr və görməli yerlər üzrə səyahət turizminin ən ideal məkanlarındandır. Naxçıvana səfər edən hər bir qonaq buradan xoş təəssüratlarla ayrılır. Muxtar respublikada tarixi abidələrin bərpası, geniş tədqiqi və təbliği turistlər tərəfindən də rəğbətlə qarşılanır.






































AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu