Ədliyyə Nazirliyi qəzetləri bağlatdıra biləcək


Ədliyyə Nazirliyinin Kollegiyası “Mətbu nəşrlərin təsis edilməsi barədə müraciətlərin qəbulu və uçotunun aparılması Qaydaları”nı təsdiq edib.

Qaydalara əsasən mətbu nəşrlərin təsis edilməsi barədə müraciətlərin uçotu Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsi tərəfindən aparılır.

Dövlət orqanları, bələdiyyələr, siyasi partiyalar, ictimai birliklər, idarə, müəssisə və təşkilatlar, Azərbaycan Respublikası ərazisində daimi yaşayan vətəndaşlar təklikdə və ya başqaları ilə birlikdə dövri mətbu nəşrləri təsis etmək hüququna malikdirlər. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum etmə yerlərində cəza çəkən, habelə fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən şəxslər, dövlət qeydiyyatından keçməyən, yaxud fəaliyyəti qanunla qadağan olunan ictimai birliklər və siyasi partiyalar mətbu nəşr təsis edə bilməzlər. Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan ərazisində mətbu nəşr təsis etməsi Azərbaycanın bağladığı dövlətlərarası müqavilə ilə tənzimlənir (xarici dövlətin hüquqi şəxsi dedikdə, hüquqi şəxsin nizamnamə kapitalının və ya səhmlərinin 30 faizindən çoxunun xarici dövlətlərin hüquqi şəxslərinə və vətəndaşlarına məxsus olduğu və ya təsisçilərinin 1/3 hissəsindən çoxunun xarici dövlətin hüquqi şəxsi və ya vətəndaşı olan hüquqi şəxslər başa düşülür). Azərbaycanın qanunvericiliyi ilə nəzərdə tutulan hallardan başqa xarici ölkələrin dövlət orqanlarının, hüquqi və fiziki şəxslərinin mətbu nəşrləri maliyyələşdirməsinə yol verilmir.

Mətbu nəşr təsis etmək istəyən hüquqi, fiziki şəxs və ya onların səlahiyyətli nümayəndəsi nəşrin çapından 7 gün əvvəl Ədliyyə Nazirliyinə rəsmi müraciət etməyə borcludur. Ərizəyə mətbu nəşr fiziki şəxs tərəfindən təsis olunduqda onun şəxsiyyətini təsdiq edən sənədin surəti, mətbu nəşr hüquqi şəxs tərəfindən təsis olunduqda hüquqi şəxsin (kommersiya və dini qurumlar olduqda) nizamnaməsinin notariat qaydasında təsdiq olunmuş surəti, mətbu nəşrin redaktorunun (baş redaktorunun) şəxsiyyətini təsdiq edən sənədin surəti, mətbu nəşrin redaktorunun (baş redaktorunun) ali təhsilini təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti, mətbu nəşrin adında dövlət təşkilatlarının, beynəlxalq qurumların, idarə və müəssisələrin, yerli özünüidarəetmə orqanlarının adından istifadə edildikdə buna dair həmin qurumların rəhbəri tərəfindən imzalanmış yazılı razılığı, mətbu nəşrin adında Azərbaycanın görkəmli şəxsiyyətlərinin adları əks etdirildikdə buna dair həmin şəxslərin yaxın qohumlarının (babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr) və ya vərəsələrinin yazılı icazəsi, səlahiyyətli şəxsin səlahiyyətini təsdiq edən sənədin surəti əlavə olunur. Təsisçi fiziki şəxs olduqda ərizədəki imzası notariat qaydasında təsdiq edilməlidir. Təsisçi hüquqi şəxs olduqda ərizə qanuni təmsilçi və ya səlahiyyətli şəxs tərəfindən imzalanır və hüquqi şəxsin möhürü ilə təsdiq edilməlidir. Mətbu nəşrin uçotu üçün müraciətin və sənədlərin qəbulu üzrə elektron xidmətlərin göstərilməsi Ədliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş reqlamentə uyğun olaraq həyata keçirilir.

Ərizə daxil olduqdan sonra nəzərdə tutulmuş sənədlərin əlavə edilməsi yoxlanılır. Eyni və ya oxşar adlı mətbu nəşrlərin buraxılışının qarşısını almaq məqsədilə ərizə qəbul edilərkən eyni və ya oxşar adlı mətbu nəşrin mövcudluğu araşdırılmalı, belə hal aşkar olunduqda bu barədə ərizəçiyə məlumat verilərək bunun qanuna müvafiq olaraq yolverilməzliyi izah edilməlidir. Müraciətə baxılarkən “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunun tələblərinin pozulması və ya bu Qaydanın tələbləri ilə uyğunsuzluq halları aşkar olunduqda müraciət edən şəxsə 5 gün müddətində onların aradan qaldırılması barədə müvafiq izah verilir. Qaydalarda nöqsanlar aşkar edilmədikdə mətbu nəşr mətbu nəşrlərin reyestrinə daxil edilir və ərizənin hər iki nüsxəsinə mətbu nəşrin reyestrə daxil edilməsini təsdiq edən ştamp vurulur. Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi vahid reyestrin aparılması məqsədilə uçota alınmış mətbu nəşrlər və onlarla bağlı reyestrdə edilmiş bütün dəyişikliklər barədə hər yarım il üzrə Ədliyyə Nazirliyinə məlumat təqdim edir. Mətbu nəşrlərin kağız və elektron formada tərtib olunan reyestrinin aparılmasını Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsi təşkil edir. Mətbu nəşrin uçota alınması barədə məlumat müvafiq ərizə daxil olduğu gündən etibarən 5 gün müddətində reyestrə daxil edilir. Məlumatlar ərizələrin daxil olma ardıcıllığına və qeydiyyat nömrələrinə uyğun olaraq reyestrə daxil edilir. Reyestr kitabında mətbu nəşrin adı, reyestr nömrəsi, reyestrə daxil edildiyi tarix, məqsədi, dövriliyi, hüquqi ünvanı və digər məlumatlar, fiziki şəxs olan təsisçilərin və baş redaktorun adı, soyadı, atasının adı, vətəndaşlığı, şəxsiyyət vəsiqəsinin nömrəsi və verilmə tarixi, yaşadığı ünvan, hüquqi şəxs olan təsisçilərin (redaksiyanın) adı, dövlət qeydiyyatına alındığı tarix, qeydiyyat nömrəsi və dövlət qeydiyyatını həyata keçirən orqanın adı, təsisçiləri, hüquqi ünvanı, qanuni təmsilçisi, mətbu nəşrin adında dövlət təşkilatlarının, beynəlxalq qurumların, idarə və müəssisələrin, yerli özünüidarəetmə orqanlarının adından istifadə edildikdə buna dair yazılı razılığı vermiş qurumun vəzifəli şəxsinin adı, vəzifəsi və razılığı əks etdirən məktubun tarixi və nömrəsi, mətbu nəşrin adında Azərbaycanın görkəmli şəxsiyyətlərinin adları əks etdirildikdə buna dair yazılı icazə vermiş yaxın qohumların və ya vərəsələrin adı, soyadı, atasının adı, qohumluq dərəcəsi əks etdirilir. Reyestrə daxil edilmiş məlumatlar dəyişdiyi halda həmin məlumatların reyestrə daxil edilməsi üçün təsisçi və ya səlahiyyətli şəxs tərəfindən Ədliyyə Nazirliyinə müraciət olunur. Mətbu nəşrin reyestrə daxil edilməsini təsdiq edən ştamp vurulmuş ərizə itirildikdə və ya yararsız hala düşdükdə təsisçinin və ya səlahiyyətli nümayəndəsinin arzusu ilə onun dublikatı və ya surəti verilir.

Mətbu nəşrlərin istehsalı və yayımı yalnız təsisçinin və ya məhkəmənin qərarı ilə müvəqqəti dayandırıla, yaxud ona xitam verilə bilər. Mətbu nəşrin təsisçisinin arzusu ilə istehsalının və yayımının müvəqqəti dayandırılması üçün təsisçinin imzası təsdiq olunmuş ərizə ilə müraciət edilir. Ərizədə mətbu nəşrlərin istehsalının və yayımının müvəqqəti dayandırılma müddəti və səbəbi qeyd edilməlidir. Mətbu nəşrlərin istehsalının və yayımının müvəqqəti dayandırılması ilə bağlı təqdim olunmuş sənədlərə Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsi tərəfindən baxılaraq, müvafiq qeyd 5 gün müddətində reyestrə daxil edilir və bu barədə reyestr kitabında qeyd aparılır. Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsi tərəfindən əcnəbi və ya ali təhsili olmayan şəxs mətbu nəşrin redaktoru (baş redaktoru) vəzifəsinə təyin edildikdə, kütləvi informasiya azadlığından və jurnalist hüququndan sui-istifadə etməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra həmin əməli il ərzində təkrar törətdikdə mətbu nəşrin fəaliyyətinin iki ay müddətinə dayandırılması barədə məhkəmə qarşısında iddia qaldırılır. Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsi tərəfindən kütləvi informasiya vasitəsinin xarici ölkənin dövlət orqanı, fiziki və ya hüquqi şəxsi tərəfindən qanuna zidd şəkildə maliyyələşdirilməsini aşkar etmiş qurumların məlumatları daxil olduqda, kütləvi informasiya vasitəsi məhkəmənin qərarı ilə qərəzli yazılara görə il ərzində iki dəfə məsuliyyətə cəlb edildikdə mətbu nəşrin istehsalına və yayımına xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırılır. Mətbu nəşrin təsisçisi Ədliyyə Nazirliyinə rəsmi müraciət etmədən yayıldıqda, yaxud mətbu nəşrin təsis edilməsi barədə təqdim edilmiş məlumatların yanlış olması və ya mətbu nəşrin buna hüququ olmayan şəxslər tərəfindən təsis edilməsi haqqında sonradan məlumat daxil olduqda Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsi həmin nəşrin fəaliyyətinə xitam verilməsi barədə müvafiq məhkəmə qarşısında məsələ qaldırır. (APA)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu