Gun.az saytı bağlanır- İşçilərə başqa iş tapmaq təklif edilib


Azərbaycanda fəaliyyət göstərən daha bir sayt bağlanır.

AFN.az xəbər verir ki, "Gun.az" internet portalının bağlanması xəbəri dünən kollektivə bildirilib. Bu barədə redaksiyamıza kollektivdəki işçilər məlumat veriblər. "Bizə bildirildi ki, ayın sonunacan işləyin, ona qədər özünüzə iş tapın. İndiki vaxtda bunu etmək ona yaxın işçinin işsiz, çörəksiz qalmasıdır. Elə böyük kollektiv də deyildi, saxlamaq olardı istəsəydilər. Amma deyirlər maliyyə çatışmır, saxlaya bilmirik"-deyə saytda çalışan və özlərinə iş axtaran jurnalistlər şikayətləniblər.

Qeyd edək ki, gun.az saytının prezidentin köməkçisi Əli Həsənovun media quruluşlarının tərkibində olması ilə bağlı məlumatlar var. Təxminən iki il əvvəl saytda rəhbər dəyişikliyi və ixtisarlar aparılıb: "Elnur Aslanov idi rəhbər, o gedəndən sonra Emil Quliyev gəldi, bizi "1news"dan ayırdı ki, qarışmayaq onlara. İndi o saytın azərbaycan dili bölməsini də yaradıblar, gunaz-ı isə bağlayırlar. Əməkhaqlarımızı azalda-azalda gəldilər, indi də rahatca yola salırlar, bu qədər işçinin vəziyyəti heç kimi maraqlandırmır".

Xəbəri AFN.az-a saytın rəhbərliyi də təsdiqləyib. Baş redaktor Emil Quliyev bildirib ki, maliyyə çətinlikləri var və ona görə də saytın bağlanma məsələsi gündəmdədir: "Hələ bilinmir nə olacaq, amma maliyyə çətinliyimiz var". E.Quliyev gun.az-ın əməkdaşlarının özlərinə başqa yerdə iş axtarması məsələsinə də münasibət bildirib: "Onlara deyilib maliyyə çətinliyimiz var, ona görə".

FƏRİDƏ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu