Baş redaktorlardan AzNews.az-a 4 yaş təbriki


Avqustun 1-də “AzNews.az” saytının 4 yaşı tamam olur.

Bununla bağlı modern.az saytı baş redaktorlar arasında sorğu aparıb və AzNews.az-la bağlı onların fikirlərini öyrənib. Həmin yazını təqdim edirik:

“APA-Holding” MMC-nin prezidenti Vüsalə Mahirqızı:

“AzNews.az gün ərzində bir neçə dəfə baxdığım, oxucusu olduğum saytlardandır. Başda Elçin Zahiroğlu olmaqla bu saytda çalışan bütün həmkarlarımı AzNews.az-ın yaranmasının 4 illiyi münasibətilə təbrik edirəm. Media orqanı üçün 4 yaş heç də çox deyil. Amma indiki sayt bolluğunda, online mediada bu qədər rəngarənglik olduğu vaxtda fərqlənmək böyük uğurdur.

AzNews.az fərqlənməyi bacarıb. Arzu edirəm ki, kompüterində AzNews.az saytı daim açıq olanların, sizdən hər dəqiqə xəbər gözləyənlərin sayı milyonlarla olsun. Bilirəm ki, bu saytdakı həmkarlarım bunu bacaracaqlar".

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid:

“AzNews.az-la bağlı maraqlı məqamlar var, lakin onları 5 illik yubileylərinddə açıqlayacağam. İndilik bəzi nüansları vurğulamaq istəyirəm. AzNews.az çox fərqli bir yol seçib, cəmiyyətin marağına səbəb olan məlumatlar verir. Hiss olunur ki, saytın əməkdaşları canla-başla işləyir. 4 il az müddət deyil. Bu bir həqiqətdir ki, özünü təsdiq üçün uzun bir yol lazımdır. Lakin bu müddətdə sayt öz sözünü deyib və özünü təsdiq edib. Arzu edirəm ki, 5 illik yubileyiniz daha böyük, təmtəraqlı qeyd edəsiniz. Saytın redaktoru Elçin Zahiroğlunu da çoxdan tanıyıram. İnanıram ki, o rəhbərlik etdiyi saytı daha da irəli aparmaq üçün çalışacaq”.

Qafqazinfo.az informasiya portalının rəhbəri Elbrus Ərud:

“AzNews.az saytı yeni dövr Azərbaycan mediasının üzdə olan simalarından biridir. Müasir Azərbaycanda mətbuat dedikdə daha çox saytlar yada düşür. Saytların içində yüksək nüfuza malik olan saytlardan biri də AzNews.az-dır. Saytın kollektivi kiçik, imkanları məhdud olsa da daim yeni və maraqlı xəbərləri oxucularına təqdim edirlər. Özəlliyi olan bir saytdır. Saytın işçiləri təmənnasız işləyirlər. Sayta baxanda görünür ki, peşəkar və qərəzsiz fəaliyyət göstərirlər. Sayt 4 yaşına görə çox böyük uğurlara imza atıb. Saytın redaktoru ilə dostluğumuz var. Düşünürəm ki, gələn il 5 yaşında daha mükəmməl uğur əldə edəcəklər. AzNews.az saytına və onun rəhbərliyinə uğurlar arzulayıram”.

“Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev:

“AzNews.az Azərbaycan internet mediasında xüsusi yeri olan bir xəbər portalıdır. Portal yarandığı gündən böyük xəbər yükünün daşıyıcısı olub, cəmiyyətə çoxsaylı eksklüziv xəbərlər təqdim edib. Elə xəbərlər var ki, onları radioda eşidəndə də, başqa xəbər portalında oxuyanda da dərhal hiss edirsən ki, onda AzNews.az yükü var. Portalın ölkənin ayrı-ayrı tanınmış simalarından götürdüyü maraqlı müsahibələri də qeyd etmək istərdim. Bu müsahibələrin bir neçəsi xeyli müddət gündəmdə qalıb, sosial şəbəkələrdə ciddi müzakirə obyektinə çevrilib. Portal həm də xəbər yayımında vətəndaşlıq mövqeyi nümayiş etdirməsi, ölkənin milli maraqlarını daim öndə tutması ilə tanınır. Mən də AzNews.az-da çalışanları başda Elçin Zahiroğlu olmaqla təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayıram! O gün olsun portalın 40 yaşını qeyd edək!”

Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov:

“AzNews.az Azərbaycanın xəbər məkanında öz yeri və dəst-xətti olan saytdır. Ciddi xəbər qaynağıdır və peşəkar saytların liqasında rəqabət aparır. Bundan sonra da sayta və orada çalışan dostlarıma uğurlarının davamlı olmasını arzulayıram!”

“Azadinform” İnformasiya agentliyinin baş redaktoru Niyaz Niftiyev:

“AzNews.az-ın Azərbaycanın internet media məkanında özünəməxsus yeri var. Çox kiçik kollektivlə böyük işlər görən həmkarlarımız xəbər “kopyalamaqdan” daha çox, onun istehsalına səy göstərirlər. Düşünürəm ki, “AzNews.az” əməkdaşlarının bu iddiası heç vaxt tükənməyəcək, Azərbaycan mətbuatının inkişafına, oxucuların obyektiv və qərəzsiz xəbər ehtiyaclarının ödənilməsi üçün bundan sonra da əzmlə çalışacaqlar. Ədalət naminə qeyd edim ki, gənc olmasına baxmayaraq sayt rəhbərliyində bu iradə var və inşallah irəlidəki illərdə biz buna şahid olacağıq. AzNews.az xəbər portalı kollektivini 4 yaş münasibəti ilə təbrik edirəm”.

AFN.az-ın rəhbərliyi və kollektivi "Aznews.az"ı təbrik edir, daha böyük uğurlar arzulayır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu