“Nəyə qadir olduğumuz üzə çıxır...”- baş redaktor


Bu gün Report.az saytının 2 yaşı tamam olur. 2014-cü il oktyabrın 27-dən onlayn formada fəaliyyətə başlayan xəbər saytı bu 2 il ərzində mediada özünəməxsusluğu ilə seçilib.

Saytın baş redaktoru Murad Əliyev bildirib ki, iki ilin az müddət olmasına baxmayaraq "Report”un keçdiyi yola baxanda çoxseriyalı bir film ssenarisi yazmaq olar: "Ötən 2 il ərzində həftənin 7 günü, 24 saat durmadan, dayanmadan cəmiyyətin bütün sahələrini əhatə edən xəbərlərlə oxucu rəğbətini qazana bilmişiksə, demək düzgün yoldayıq. "Report” artıq özünü həm yerli həm xarici media nümunələri üçün etibarlı xəbər mənbəyi kimi təsdiq edib. Bu gün dərc etdiyimiz hər bir məlumat dərhal yüzlərlə digər xəbər resursları tərəfindən istinadla dərc edilir, radiolarda səsləndirilir. Digər tərəfdən oxucular üçün maraqlı resurs olmağa nail olmuşuq – "Report”un mobil tətbiqini ən müxtəlif sahələrdə çalışan şəxslər tərəfindən izlənilir. Bundan başqa, ötən 2 il ərzində Azərbaycanda keçirilən bütün mühüm tədbirləri maksimum güc sərf edərək işıqlandırmışıq. Çünki məhz böyük hadisələrin işıqlandırılması zamanı nəyə qadir olduğun üzə çıxır. Və adamı ruhlandıran da odur ki, bu işlərin bəhrəsini görürük”.

Baş redaktor qeyd edib ki, "Report” bu iki il ərzində bir çox mükafatlara layiq görülüb: "Gənclər və İdman Nazirliyi "Report”u 2015-ci ilin idman xəbərlərini ən yaxşı işıqlandıran informasiya agentliyi seçib, müxtəlif dövlət qurumları, ictimai təşkilatlar həm agentliyi, həm onun işçilərini fərdi qaydada mükafatlandırıblar. Bu məsələ də qarşımıza qoyduğumuz əsas məqsədlərdən biri idi və 2 ilin tamamında deyə bilərik ki, Azərbaycanın regionlarında baş verən hadisələrin operativ, ətraflı işıqlandırılmasına nail ola bilmişik. Bu il tarixə "Aprel döyüşləri” kimi düşən, Azərbaycan hərbçilərinin qələbəsi ilə başa çatan "dördgünlük müharibə”ni geniş formada işıqlandırdıq, Füzuli rayonu istiqamətində yerləşən strateji əhəmiyyətli "Lələ Təpə" yüksəkliyinin işğaldan azad olunduqdan sonra ilk fotosu "Report”da dərc olundu, sonra məhz o foto yerli və beynəlxalq mətbuat tərəfindən zəfərimizin simvolu kimi istifadə olundu. Digər tərəfdən bölgələrdə yaşanan sosial problemlər əsasən televiziya xəbərlərində işıqlandırılırdısa, artıq internet-media auditoriyasına çatdırılmasına çalışırıq”.

M.Əliyev "Report”-un kollektivinin əsasən gənclərdən təşkil olunduğunu vurğulayıb: "”Report” bəlkə də Azərbaycan media məkanında ən gənc kollektivdir. Bunun da öz üstünlükləri var – gənclər daha çox enerji ilə çalışır, gün ərzində ölkədə və xaricdə baş verən hadisələri diqqətdə saxlayırlar. Sevindirici odur ki, "Report”da hər hansı sahə üzrə işləməyə başlayan və ümumiyyətlə burada mətbuat işinə başlayan əməkdaşlarımız bu gün öz sahəsində aparıcı jurnalistlərdəndir”.(BakıPosta)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu