"Reket" jurnalistlərə qarşı daha bir mübarizə təklifi

Xəbərin çap versiyası
Tarix: 21-12-2016, 17:49    |    Xəbər oxunub: 262 dəfə
Son zamanlar gündəmdə olan məsələlərdən biri “reket jurnalistikası” ilə aparılan mübarizrədir

Jurnalistika adına iddia edən “reketlər”dən söz düşmüşkən, onlar təkcə qəzetlərə sahib deyillər, həm də bir çox saytlar açıblar. Və təəssüf ki, həmin saytların bannerləri ciddi media orqanlarının internet resursunda yerləşdirilib ki, bu da onlar üçün yaxşı reklam hesab olunur olunur.

Modern.az saytının əməkdaşı məsələ ilə əlaqədar bəzi media rəhbərlərinin fikirlərini öyrənib.

“Qafqazinfo”nun baş direktoru Elbrus Ərud da deyir ki,Azərbaycanda “reket jurnalistikası” ilə mübarizə aparılan bir məqamda ölkənin bir sıra ciddi media orqanları “reketlər”ə meydan veriblər:

““Reketlər” onların vasitəsilə özlərinə meydan qazanırlar. Bu meydan necə verilir?.. Reket saytlar 200-300 manata banner düzəltdirib yerləşdirirlər ciddi media qurumlarının internet səhifələrinə və orda qoyduqları şantajçı başlıqlarla öz niyyətlərinə çatırlar. İnsanlar da ciddi medianı çox oxuduğuna görə, həmin bannerlərlə tanış olurlar və bir növ məsələ ictimailəşir, anons edilən “xəbər” geniş bir kütlə arasında yayılır. Bu məsələ ilə bağlı mən öz fikrimi bir neçə dəfə bildirmişəm. Jurnalistlərə demişəm ki, “reketlər”ə şərait yaratmaq olmaz. Düşünürəm ki, bu məsələyə rəsmi səviyyədə hansısa müdaxilə olmalıdır. Azərbaycanda müəyyən bir məsələni həll etmək üçün gərək rəsmi səviyyədə işə qarışılsın. Ən xırda problemi belə, özümüz həll edə bilmirik. Bu gün hansısa bəzi saytlarda alt-alta 20 banner yerləşdirlir, hamısı da bir-birinin təkrarı. Media rəhbərləri saytları açanda görərlər ki, hansı bannerlər yerləşdirilib.

O cür bannerlərə “Qafqazinfo”nun qapısı bağlıdır. Nə qədər ödəniş etmələrindən asılı olmayaraq, birmənalı şəkildə “reket saytlar”a yer vermirik. Banner qoymaq istəyənin saytına baxırıq. Görəndə ki, sayt “reketlik”lə, şantajla məşğul olur, nə qədər çox pul versə də, əməkdaşlıqdan imtina edirik. Yaxşı olar ki, bunu digər ciddi saytların rəhbərləri da etsinlər. Bu gün özündən deyən media orqanlarının saytlara girin baxın, görün oradakı bannerlərdən hansı ciddi mediaya məxsusdur… Məgər o KİV-lərin rəhbərləri baxanda görmürlər ki, banneri yeləşdirilən saytlar şantajla məşğuldur? Nüfuzlu saytların rəhbərləri 300-500 manata görə həm özlərini, həm də mətbuatı hörmətsiz vəziyyətə salırlar. Düşünürəm ki, “reket jurnalistikası” ilə mübarizəyə hamı dəstək verməlidir”.

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev bildirib ki, dünya mediasında reklamın keyfiyyəti çox maraqlı bir məsələdir:

“Bir çoxları deyir ki, biz reklama cavabdeh deyilik. Amma özünə hörmət edən kütləvi informasiya vasitəsi reklamı verən təşkilatın ciddiliyini nəzərə alır. Nüfuzlu mediada bu belədir. Düşünürəm ki, yalnız Azərbaycanda bu belə deyil. Bizdə çox az media qurumu reklamın keyfiyyətinə diqqət edir. Əsl jurnalist buna diqqət etməlidir. Azərbaycan mediasında isə nüfuz, ictimai təsir o qədər aşağı düşüb ki, oxucular da onlardan üz döndərib. Belələri hökumətin də cibinə girirlər. Odur ki, Azərbaycanda nüfuz və ictimai rəy məsələsi sual altında olan məsələdir. Bir çox KİV-lər bunu vecinə almır. O KİV-lər ki, oxucudan asılıdır, heç vaxt heç vaxt pula görə jurnalistikaya zərər gətirəcək addımlar atmaz”.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı bildirib ki, “reket jurnalistikası” xameleon kimidir, rəngini dəyişir:

“Reketçiliyə” qarşı mübarizədən danışanda bu təkcə çap mətbuatına aid olmamalıdır. Əvvəllər “reketçiliyi” daha çox çap mətbuatına aid edirdilər. Artıq “reket saytlar”, hətta “reket internet televiziyası” da var. Bunlar kamera, kompüter və modem alaraq evlərində təkbaşına redaksiya yaradırlar. Əlbəttə ki, bunların heç birinin jurnalistikaya dəxli yoxdur. Bu cür jurnalistikaya dəxli olmayan “saytlar”ın tanınmış saytlarda, qəzetlərdə reklam olunması doğru deyil. Bu, ümumi jurnalistikaya mənfi təsir göstərir. Ona görə mənim fikrimcə, tanınmış saytlar “reketlər”in reklamı üçün 200-300 manat alacaqlarsa, onu heç almasalar yaxıdır. Hesab edirəm ki, o cür “saytlar”ın reklamına yer vermək olmaz”.

“Azvision.az” saytının baş redaktoru Vüsal Məmmədov da “reket saytlar”ın nüfuzlu saytlarda reklamını düzgün addım saymır:

“Amma başqa bir tərəfdən, reklamın məzmununa görə o reklamı verən tərəf məsuliyyət daşıyır. Siz televiziyada keyfiyyətsiz qatıq reklamı görüb, sonra o qatığı yeyib zəhərlənəndə buna görə kanalı ittiham eləmirsiniz. Sualı belə qoymaq lazım deyil ki, “niyə “reket sayt”ın reklamını verirsiniz?”, belə qoymaq lazımdır ki, “o “reket sayt” niyə hələ də fəaliyyət göstərə bilir?””.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru








Diqqətinizi çəkə biləcək digər xəbərlər
    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur