Azay Quliyevi seçicilərlə təşviqat zamanı gördüyümdür- jurnalistlər deputatları haqda


Daim ən çox müzakirə olunan, yazılan mövzulardan biri də deputatların fəaliyyətidir. Bəs jurnalistlər öz deputatlarından razıdırlarmı? AFN bu mövzuda rəylər almaq üçün bir neçə tanınmış yazara “Deputatınız kimdir, fəaliyyətindən razısınızmı” deyə sual ünvanlayıb.

Cavabları təqdim edirik:

Tanınmış jurnalist Dünya Sakit: “Düzünü deyim, mən Buzovnaya köçəndən - 10 ildir deputatımız eyni adamdır. Yəni dəyişməyib. Şəxsən mən bizim qəsəbədə onun hansısa fəaliyyətinin şahidi olmamışam. Bir dəfə hardasa 2011-12-ci illər olardı, USAİD-in dəstəyi ilə Milli Məclisdə bir müzakirə vardı - deputat köməkçiləri ilə. Orada Rauf müəllimin köməkçisi - yaşlı bir kişi yaxınlaşdı mənə. Bir qədər söhbət etdik. Soruşdum ki, Buzovnada Rauf müəllimin qərargahı varmı? Dedi, hələ yox, amma yaradılacaq. Ondan bəri belə bir qərargahın yaradılıb-yaradılmadığına dair hər hansı məlumat eşitməmişəm. Son illərdə jurnalist olduğumu bilib, dərdini danışmağa - ərizə yazdırmağa gələn onlarla qəsəbə sakinindən deputatdan yardım istəyib-istəmədiklərini soruşmuşam. Çoxusu deyib ki, deputata yazıblar, amma qəbuluna düşə bilməyiblər, hər hansı reaksiya da olmayıb. Bu baxımdan, R.Əliyevin Buzovna sakinləri üçün hansısa qatqıda bulunduğunu söyləyə bilmərəm”.

Azadinform.az-ın baş redaktoru Niyaz Niftiyev: “Mən Səbail rayonunda yaşayıram. Səhv etmirəmsə deputatımız Şəmsəddin Hacıyev olmalıdır. Yaşadığım ərazidə heç bir fəaliyyətini görməmişəm”.

Yanicag.az-ın baş redaktoru Aqil Ələsgər: “Mən bizim deputatdan çox razıyam. Hətta tək mən deyil, bütün məhəllə razıdır. Çox mərifətli, qanacaqlı adamdır. O qədər razıyıq ki, onun ömürlük deputat olmasına da razıyıq. Belə bir deputatı hardan tapacağıq?! O qədər utancaq adamdır ki, seçkilərdə heç təbliğat belə aparmır. Xalq arasına çıxmır. Vergi, JEK, nə bilim bələdiyyə kimi gəlib, rüsum, yəni pul da istəmir. Qısacası, nə biz onu tanıyırıq, nə də o bizim. O qədər görmürük ki, adını da yaddan çıxarmışıq. Belə də ki, nə dəxli var adı nədir? Milli Məclisin yüzdə 90-ı bizim deputatın günündədir”.

Jurnalist Emil Salamoğlu: “Bizim deputat Fazil Mustafadır. Mediaya və cəmiyyətə açıq bir insandır. Onunla təmas qurmaqda əngəl yoxdur. Feysbukda dostluğumuz da var və hər hansı problem olsa özünə müraciət etmək mümkündür. Fazil Mustafa bildiyim qədər imkanı daxilində vətəndaşın problemini həll etməyə çalışır. Sadəcə, Azərbaycan reallıqlarını nəzərə alsaq, Fazil bəyin daha artığını etməyə gücü çatmadığını başa düşmək olar”.

Cebhe.info-nun baş redaktoru Elnarə Kərimova: “Parlamentdə ümumilikdə ancaq fəaliyyəti ilə az-çox tanınan, iclaslarda çıxış edən deputatları tanıyıram. Ən azı işimin xarakterinə görə bütün deputatları tanımalı idim, amma yəqin ki, mənim kimi onların hamısını tanımayan çox sayda mətbuat nümayəndəsi var. Bizim dairənin, 115 saylı Şəki kənd ikinci seçki dairəsinin deputatı Cavanşir Feyziyevdir. Hansısa fəaliyyəti ilə tanındığını isə nə eşitmişəm, nə də görmüşəm”.

“Gündəlik Teleqraf” qəzetinin müxbiri Ruslan Xəlil: “Bizim deputat Müslüm Məmmədovdur. Çox zəif deputatdır, seçicilərini saymır, nə işlə məşğul olmasından xəbərimiz yoxdur. Bildiyim qədər, Azərbaycanı AŞPA-da təmsil edir. Bu günlərdə xarici mediada onun adı avropalı deputatların “ələ alınmasında” hallanırdı. Qeyd olunurdu ki, Səməd Seyidovun çantasını daşıyır və avropalı deputatları razı salmaq üçün danışıqlarda iştirak edir. Yazılanların nə dərəcədə doğru olduğunu deyə bilmərəm, amma onu bilirəm ki, rayona heç bir xeyri dəymir”.

“Həftə içi” qəzetinin müxbiri Naibə Qurbanova: “Yaşadığımız Binəqədi ərazisindən millət vəkili seçilən Azay Quliyevdir. Ərazidə hələ 3-4 il öncə icra hakimiyyəti tərəfindən geniş təmir-abadlıq işləri aparıldığı, lift, kommunal problemimiz olmadığı üçün nə aidiyyatı qurumlara, nə də millət vəkilinə müraciət etməyimizə ehtiyac olmayıb. Amma təxminən bir il əvvəl parlament seçkiləri ərəfəsində deputatlığa namizədlərin təbliğat-təşviqat zamanı ən aktiv namizəd kimi Azay Quliyevin qərargah nümayəndələrinə təkliflərimizi çatdırdıq. Sakinlərin təklifləri sırasında ilk yerdə ərazidəki binaların tüstü bacalarının təmizlənməsi ilə bağlı parlamentdə məsələ qaldırmağını xahiş etdik. Çünki yaşadığım ərazinin əsas problemlərindən biri iyirimi ildir ki, tüstü bacalarının təmizlənməməsidir. Təşviqat vaxtı da elə məhlədə bədbəxt hadisə baş vermişdi. Sonra Azay Quliyevin facebook səhifəsində, o cümlədən təşviqatçılarının yaratdığı eventde də bu problemin olduğunu yazdım. Bu məsələ ilə məşğul olacaq bir qurum yaradılmasını və yaxud bu işi hansısa quruma həvalə etmək üçün parlamentdə məsələ qaldırmağını xahiş etdim. Təəssüf ki, nə bir reaksiya oldu nə də tədbir görüldü. Azay Quliyevi seçicilərlə elə təşviqat zamanı gördüyümdür”.

BakiPost.az saytının baş redaktoru Elçin Zahiroğlu:

Konkret yaşadığım ərazidən seçilən deputatdan danışmaq istəmirəm. Sadəcə onu deyə bilərəm ki, heç bir müzakirələrə qoşulmayan, seçicilərin proplemlərini səsləndirməyən, yalnız səsvemələrdə düymə basmağa yarayan xeyli deputatların olduğunu bilirik. Hətta onlara ad da qoyulub- “lal deputatlar”. Amma başqa kateqoriyalı və daha fərsiz, lazımsız deputat qrupu da var. Bəlkə onlara “şikəst deputatlar” demək olar. Seçildikdən sonra heç bir seçicisinin qapısını açmayan, onların dərdi-səri, problemləriylə maraqlanmayan, heç olmasa ildə bir dəfə görüşə getməyən deputatın, yəqin ki, səhhətində problem olar, ayaqları işləməz. Başqa nə səbəb ola bilər ki?



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu