Baş prokurorun müavini Rüstəm Usubovdan ANS açıqlaması


Azərbaycanın Baş Prokurorunun birinci müavini Rüstəm Usubov ANS Müstəqil Yayım və Media Şirkətinin vəzifəli şəxsləri tərəfindən terrorçuluğun təbliğinə yönələn çağırışlar etmələri və digər faktlara bağlı Baş Prokurorluq tərəfindən cinayət işi başlanılması barədə yayılan məlumatlara münasibət bildirib.

AFN-in məlumatına görə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, hüquqşünas millət vəkili Rafael Cəbrayılov ölkə.az-a açıqlamasında deyib ki, ANS rəhbərliyinə terrorçuluğun təbliğinə görə cinayət işi açılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Mən bu məsələ ilə əlaqədar Baş prokurorun birinci müavini hörmətli Rüstəm Usubovla əlaqə saxladım və ANS-lə bağlı yayılan məlumatlar barədə ona fikrimi bildirdim. Rüstəm müəllim isə yayılan məlumatlarla mətbuatda tanış olduğunu bildirdi. Rüstəm Usubov dedi ki, ANS-ə heç bir cinayət işi açılmayıb və Baş prokurorluqda ANS-lə bağlı olan material üzrə araşdırmalar hələ də davam edir. Yəni, bununla bağlı yekun nəticəli qərar hələ qəbul edilməyib”.

Xatırladaq ki, vəkil Elçin Sadıqov özünün "facebook” səhifəsində ANS Müstəqil Yayım və Media Şirkətinin vəzifəli şəxsləri tərəfindən terrorçuluğun təbliğinə yönələn çağırışlar etmələri və digər faktlara bağlı Baş Prokurorluq tərəfindən cinayət işi başlanıldığını yazıb.

Vəkil bildirib ki, televiziyanın ABŞ üzrə xüsusi müxbiri Qənirə Ataşovanın 27 oktyabr 2016-cı il tarixdə Bakı şəhərindən İstanbul şəhərinə uçarkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılması da bu işlə bağlı olub:

“ANS TV ilə əməkdaşlıq etmiş jurnalist Qənirə Ataşova 27 oktyabr 2016-cı il tarixdə Bakıdan İstanbul şəhərinə uçarkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb, ona ölkədən çıxışına qadağa qoyulduğu bildirilərək geri qaytarılıb.

Araşdırma zamanı məlum olub ki, ANS Müstəqil Yayım və Media Şirkətinin vəzifəli şəxsləri tərəfindən terrorçuluğun təbliğinə yönələn çağırışlar etmələri və digər faktlara dair ibtidai istintaqı aparılan 162006055 saylı cinayət işi üzrə Qənirə Ataşovanın “giriş-çıxış və qeydiyyat” İAMAS üzrə sərhəd keçməsinə məhdudiyyət qoyulub”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu