Ümidsizlik qapısı deyil bu qapı


Ümidsizlik qapısı deyil bu qapı
(“Qənirə Paşayeva ilə addım-addım Konya”)

2-ci yazı

“SƏN MƏNİM QƏLBİMƏ HAKİM,
SƏNƏ QUL OLDU KÖNÜL…”
Böyük Azərbaycan şairi Nizami Gəncəvi öz könül dostuna xitabən belə yazıb.
Heyranlığın, məftunluğun bundan da o yana səmimi ifadəsi varmı? “Sən əzizsən, mən ucuz” – deyib də, sarınmaqdan mutlu nə ola bilər könül aşiqlərinə?
Konyaya ilk gəlişimin şəkillənməsini Nizami babamızın bu misraları qədər heç nə, heç bir söz düzümü ifadə edə bilməz: “Sən mənim qəlbimə hakim!”. O ilk səfərim çərçivəsində Konya Səlcuq Universitetində düzənlənən konfransa dəvətli idim. Çox dəyərli, görkəmli sənətşünas alimimiz İlham müəllim başda olmaqla Səlcuq Universitetinin müəllimləri təşəbbüs göstərmişdilər ki, Azərbaycan – Türkiyə, “Bir millər, iki dövlət“ olan qardaş ölkələrimizin birliyinin daha da gücləndirilməsi istiqamətində hər birimizin, gənclərimizin üzərinə düşən vəzifələri bir arada müzakirə edək. Çıxış zamanı gənclərimizin ortaq tariximizi öyrənməsinin vacibliyini xüsusi vurğuladıq. Eyni zamanda bütün Türk dünyasının ortaq problemi olan Dağlıq Qarabağ münaqişəsinin həlli, Ermənistanın törətdiyi Xocalı soyqırımının dünyada daha geniş tanıdılması və günahkarların ədalət qarşısında cavab verməsinə nail olmamız istiqamətində gənclərimizin daha duyarlı olması, birlikdə səylərimizi daha da gücləndirmənin önəmini müzakirə etdik. Konyada Qarabağ parkının açılması, Xocalı Soyqırımı qurbanlarına abidənin qoyulması təklifimiz tədbir iştirakçıları tərəfindən dəstəkləndi. O cümlədən qədim Konyanın Azərbaycan bölgələrindən biri ilə qardaşlaşması barədə fikirlərimiz də müsbət dəstək aldı.
“YAD ET MƏNİ, AŞIQANƏ YAD ET!”
Konyaya ikinci səfərimin də öz unudulmaz xatirələri var. Rəsmi görüşlər, Azərbaycan-Türkiyə münasibətləri, Dağlıq Qarabağ münaqişəsi, sözdə erməni soyqırımı iddiaları ilə bağlı konfranslar bitən kimi həmən Konya ilə yenidən baş-başa qalmaq üçün hər kəsdən ayrılıb Konyanı pıçıltılar arxasınca gəzməyə başladım. Heç unutmuram. Elə, o cür mistik yaşam anı həyatımda nadir hallarda baş verib. Həzrəti Mevlananın qəbrini təkrar ziyarət etdim. Özünün dediyi kimi, susmaqda, dinləməkdə idim. İç dünyama və Mevlana dərgahına çəkilmişdim. Birdən isti, istilikdən də çox məhrəm, nəvazişli bir əlin çiynimə qonduğunu hiss etdim. Sanki Mələk qanadı, göyərçin lələyi idi… Sanki nurdan, şəfəqdən yapılmış xəyal heykəli dayanmışdı önümdə və dilsiz, susqun baxışlarıyla mənə düşüncələrini anladırdı. Mən o sükut heykəlinin anlatmaq istədiklərini sonradan bütün aydınlığı ilə dərk etdim, buldum, anladım…
MƏNƏVİ BİR BORC
Üçüncü gəlişimin təfərrüatlarınına keçməzdən əvvəl bəri başdan Məram bələdiyyə başqanının Konyada yeni salınacaq parkda Azərbaycanın 3 tarixi abidəsinin – Şirvanşahlar sarayının, Möminə Xatun Türbəsinin və Qız Qalasının kiçildilmiş modellərinin qoyulacağını söyləyəndə keçirdiyim qürur hissini demək, söyləmək istəyirəm. Məram ilə bizim Şəki şəhəri qardaşlaşıblar. Məramım Alavar məhəlləsində Şəki parkı salınıb. Məram bu baxımdan örnək bələdiyyələrdəndir.
Bələdiyyə başkanı ilə görüşümdə “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabımın ikinci hissəsini yazmağı planlaşdırdığımı və bu hissədə mənəviyyat dünyamız və ortaq tariximizdə xüsusi yer tutan Konya ilə bağlı geniş yer ayıracağımdan söz açdım: “Konya haqqında yazmaq mənim üçün mənəvi bir borcdur. Bu kitabı yazmaqda məqsədim Türk dünyasını daha geniş tanıtmaq, gənclərdə sahiblik duyğusunu daha da yüksəltməkdir. Gənclərimiz bizim olana “mənim”, “sənin” olaraq yox, “bizim” olaraq sahiblənməlidirlər. Eyni zamanda vurğuladım ki, Türkiyənin uğuru Azərbaycanın uğuru, Azərbaycanın uğuru isə Türkiyənin və bütün Türk dünyasının uğurudur.
Konyada keçirdiyim o unudulmaz görüşləri, ziyarətləri indi an-an xatırlayır, yenidən yaşayıram. Konyanı andıqca böyük qəlb şairimiz Məhəmməd Füzulinin ölməz misrası öz istəyim, fikrimin əksi kimi şəkillənir yaddaşımda: “Ey, nə xoş günlər idi səninlə həmraz idim”.
“SƏNİN VARLIĞINI VƏSF ETMƏK ÜÇÜN…”
Yüzilliklərin o biri başında Malatyalı Mevlana Şəmsəddin belə rəvayət edirmiş ki, günlərin gözəl bir günündə Şeyx Seyfəddin Baharzının oğlu Müzhirüddin Konyaya təşrif buyurur. Fəzilətli kişilər onun ziyarətinə gəlib layiqincə hörmət göstərirlər. Təsadüfən həmin gün Mevlana Həzrətləri bütün dostlarla birgə Meram məscidinə gedibmiş. Şeyx Müzhirüddin Konyaya gəlişinin Mevlanaya yetməməsindən təəccüblənir. Təbii ki, bir şəhərə gələnin ziyarət edilməsi gərəkdi. Söz sahibinə çatdırılır. Mevlana halını pozmadan cavab göndərir: “Biri Bağdaddan gəldi, bu biri isə öz evindən və məhəlləsindən kənara çıxdı… Əlbəttə, Bağdaddan gələni ziyarət etmək gərəkdi. Biz həqiqətdə məkansızlıq Bağdadından gəldik. Bu əziz şahzadə isə bu dünyanın bir məhəlləsindən gəlir. O halda ziyarət edilməyə biz daha çox layiqik”. Cavabı Şeyx Seyfəddin Baharzının oğlu Müzhirüddinə çatdırırlar. Dinləyir və durub Mevlananın ziyarətinə gedir. Qəlbinin ən səmimi sözlərini açıb-tökür: “Babam demişdi ki, dəmirdən çarıq gey, əlinə dəmir əsa al, Mevlananı aramaya get. Çünki o ulu kişinin söhbətini dinləmək ən böyük fəzilətlərə yetmək məqamıdı… İndi şahidi oldum ki, babam doğru buyururmuş. Sizin məqamınız babam söylədiyindən də uca imiş. Sənin varlığını vəsf etmək üçün nə söyləsələr də yenə azlıq edər. Sən söylənilənlərdən daha böyük bir kamal sahibisən…”
O böyük kamal sahibinin unudulmaz deyimləri ilə baş-başa daxil oluram yenə Konyaya. Bələd­çimiz, sabiq millət vəkili, ədəbi-tarixi məxəzlərin ensklopedik bilicisi, gözəl aydın və insan Abdulla Gencer oldu. Sultan Yavuz Camisinə açılan geniş həyətdə unudulmaz bir səmimiyyətlə bizə “Xoş gəldiniz!” –dedi və Konyada olduğumuz bütün vaxt ərzində bilgilərini əsirgəmədi, sonacan bizimlə oldu.
“MƏSCİDLƏR ALLAHA AİDDİ –
ALLAHLA BƏRABƏR BAŞQASINI DƏVƏT ETMƏYİN!”
Belə yazılıb daş kitabədə.
Hz. Mevlana türbəsinin ümumi mənzərəsi önündə dayanıb tarixin bütün müqəddəsliklərini, paklıqlarını və paklarını xəyalımdan keçirdiyim məqamlarda bu koskoca daş kitabə yazısının ehtiva etdiyi düşüncə fikrimdə dolanmaqdaydı. Eyni düşüncələrlə dönüb ətrafıma, gözlərim önündə qədəm-qədəm açılan, hərəsi bir müqəddəs qapıya dəvət edən küçələrə (sokaklara) nəzər salırdım. Zamanın çox qədimliyində Mevlana Həzrətləri Konyanın bir küçəsiylə gəzə-gəzə köhnə bir evin önünə yetişmişdi. Beş-on köpək o köhnə evin ətrafında şən-şən oynaqlaşır, mehribancasına davranırlarmış. Bu durumu görən tələbələri Mevlanaya dönərək “baxın, bu aşağıladığımız köpəklər biz insanlardan yaxşı davranırlar, qovğa etmədən yaşaya bilirlər” söyləyirlər. Heç bir cavab vermir Mevlana. Tələbələrindən birini göndərib qəssabdan ət aldırır, atır o köpəklərin önünə. Bir tikə ət üstündə köpəklər bir-birini parçalamaq halına gəlirlər. Hz. Mevlana baxıb-baxıb anladır: “İnsanlar da eynən belədi. Arada bir mənfəət yoxkən gözəl-gözəl davranarlar. Ancaq aralarına maddi-mənəvi bir ünsür girincə əski günlərini belə xəyallarına gətirməzlər, bir-birləri ilə dava edib durarlar. O zaman da insanlıqdan çıxıb, bu heyvanların sırasına keçərlər…”
Düşünürəm… Aradan uzun əsrlər keçib. Ancaq nə dəyişib? Təəssüf ki, bu anlamda elə də çox şey dəyişməyib…
ZƏFƏR NƏĞMƏLƏRİ ÖTÜR BÜLBÜLLƏR…
Xəyal etməyin yolu yolçuluqdan addım-addım, qədəm-qədəm keçir. Müqəddəs dərgahlara varmayınca ruhən, mənən böyüməyin yolu yoxdu, gərək yolçuluq edəsən. Mənəvi paklaşmanın bir kutsal çevrələnməsi belədi: Konyadakı tarixi Bağdad otelindən Şeyx Sədrəddin Türbəsi və Camisinə 930 metrdi. Buradan Atatürk evinə 220 metr məsafə keçmək gərəkdi. Sonra İncə minarə muzeyinə 400 metr məsafə gözləyir səni. Karatay Mədrəsəsi bir az kənarda – 350 metrlikdədi. 90 addım atdınmı – Alaeddin Camisinə yetişəcəksən. Buradan İplikçi Camisinə 400 metr yol var. Sonra da 250 metrlik yolu keçib Şəms Təbrizi Türbəsinə yetiş. Şərafettin Camisi tam 150 metrlikdədi. Buradan Aziziye Camesinə 270, Süleyman Camisi və Mevlana Muzeyinə 280 m, İstiqlal Hərbi Şehitlik Anıtına 30, Mevlana Kültür Mərkəzinə 100 metrlik yoldur. Yeriyib-yürüsən çox qısa bir zamanda qət edə biləcəyin yoldur. Ancaq bu zaman məsafəsi yüzilliklərin o başını bu başına gətirən anlarla liməlim doludu, hər qədəmdə Onunla başlayan iç söhbətimin ətri, xoş qoxusu duyulur. Gül bağçasından Dərgaha aparan yolçuluğun dönəmləri addım-addım izləyir yaddaşımı; XII-XIII əsrlərin Səlcuqlu dönəmi, XIV-XV əsrlərin Bəylik məqamı, XVI-XVII əsrlərin klassik Osmanlı idarəçiliyi, XVIII-XIX əsrlərin Osmanlı yaşamı, idarəçilik tərzinin qoxusu addım-addım mənimlə olur. Hz. Mevlana türbəsi, muzeyi, dərgahı önündəyəm. Öncə Mevlana dədəmizin kos-koca səsini, nəfəsini duymaqdayam:
Ey aşik! Kendine bak da,
insanların işine karışma;
Şu şunu söylüyor, bu bunu söylüyür
deyib durma!
Filan bağa diken diyor,
Filan yasemin diye çağırıyor
düşüncelerine kapılma.
Her söze, her kese aldanma;
Gül gibi kokmaya bak sen.
Filan sana kafir diyor,
Bir başkası da sana
din adamı diyor…
Vazkeç bunlardan, vazkeç,
Gözünü aç!
Allah sana basaret gözü,
Könül gözü vermiş!
Öyle bir göz vermiş ki,
Senin mağmur bakışlarına karşı
Cebrailin kanadı bile secdeye kapanır.
Doğrudan da “səni yüksəklərə uçuracaq qanadların olduğu halda insanlardan sənə nə qəm var?”. Dayandığım Ahır səkisi, ötdüyüm Turan türküsü, açdığım könül qapısıdı… Hər naxış dil açıb, hər daş dillənib sanki “qədəm basıb asta-asta sən bu diyara xoş gəldin” – deyə önümdə durur. Bu, o yerdi ki, İbn Bibi “Oradakı ağacların meyvəsi ikbal meyvəsi idi, oradakı bülbüllər zəfər nəğmələri söylərdi” deyə təsvir etmişdi. Əlavəsi belədi: “Oranın bütün meyvələri dünyanın iksiri, ağaclarının kölgəsi sevgilərin dinləndiyi yer idi”.
Bir anlıq nəfəsimi dərmək üçün dayanıram. Gücümü-qüvvətimi toparlayıram. Dünyanın ən gözəl dualarını vird edirəm dodaqlarım alltında…
Və O qapını açmaq üçün könlümə “buyur” deyirəm. Qulaqlarıma Mevlananın “Mehrem və mum gibi ol”, “dost ol, heç kimsənin kinini ürəyində tutma” səslənişi gəlməkdədi. Oğlu Sultan Vələdə öyüdü, nəsihəti beləydi:
Kötü söyləyici,
Kötü öyrədici,
Kötü düşüncəli olma!
Atdığım hər qədəm, aldığım hər nəfəs Mevlananın o gözəl səslənişilə həmahəng, həmniyətdi…
Ayrı cür gəlməkmi olar bu məqama? Necə arzulanmışsa eləcə qədəm basıram Mevlana türbəsinə. Tək qalmaq, Onunla bir arada olmaq, Onunla pünhan həsbi-halda olmaq üçün. Bilirəm ki:
ÜMİDSİZLİK QAPISI
DEYİL BU QAPI
Mevlana dərgahının qərar tutduğu məkan Səlcuqlu sultanının gül bağçası olub. Sultan Alaeddin Keykubad tərəfindən Mevlananın babası Sultanül-Uləma Bahaəddin Vələdə hədiyyə edilmişdi. Bu, o Bahaəddin Vələddi ki, indiki Əfqanıstanın Bəlx şəhərində yüksək mənsəb sahibi olmuşdur. 1214-1217-ci illər arasında köçmüşdü Səlcuqluların paytaxtı olan Konya şəhərinə. Bu hesabla Mevlana həzrətləri 7-10 yaşlarında olmuşdu o tarixi köç günlərində. Cənnətlik Bəhaəddin Vələdi 1231-ci ildə haqq dünyasına qovuşunca burada dəfn olunmuşdu. Zaman ötmüş, onun mübarək cisminin bir parçası olan Mevlana həzrətləri də burada əbədiyyət yuxusuna dalmışdı. İki könül və irfan adamı eyni yerdə dəfn olunmuş, təbrizli memar üzərlərində türbə ucaltmışdır. Daha sonra yapılan əlavələrlə böyük bir külliyə halına gətirilən indiki Mevlana Muzeyi 1926-cı ilə qədər dərgah olaraq fəaliyyət göstərib. Dərgahın, muzeyin giriş qapısından bir qədəm atıram. İç dünyamda yüzilliklərin o başında tarixləsən unudulmaz bir məclisin gedişatı aydınlaşır:
BELƏ NAĞIL EDİLİR
Bahaeddin Veled Sultanın məclisində vəəz verməkdədi… Dinləyənlər arasında uzun boylu, bilik-mərifət sahibi və sarayın ustalarından Əmir Bedreddin Göhertaş da var. O, Bahaeddin Veledin üslubuna, zəka və bilgisinə heyran olanlardandı. Ustaddan “Aşır” oxumasını istəyir. O da “Müminlər felah buldular” anlamında Qurandan “Mümin” surəsini oxuyur, açıqlamasını söyləyir. Heyranlığını gizləyə bilməyən Bedreddin Göhertaş ustadın əllərini öpür və ona mürid olur. Bahaeddin Veled də bu halın şükranlığı olaraq “oğullarım üçün bir mədrəsə yapdır” deyir. Beləcə, “Xudavendigar” mədrəsəsinin özülünə daş qoyulur. Həyatının son illərində ricası mədrəsə yapdırmaq olmuşdu Sultanül-Ulema Bahaeddin Veledin. İndi həmin mədrəsənin yapıldığı mübarək məkanda uyumaqdadılar. Bu dərgahda ilk sərdabə Həzrəti Mevlanaya məxsusdur. Fanilikdən çox əbədilik dərsi keçməkdədi. Böyük söz ustadımız Seyid Əzim Şirvani elə bil Həzrəti Mevlananın dilindən yazıb heç vaxt unutmadığım misralarını:
Mövfti, cisman ilə sanma mənim ölməyimi,
Seyyida, ölmərəm, aləmdə səsim var mənim.
NECƏ ÇIXSIN QARANLIQLAR AYDINLIĞA?
“Aləmdə səsi olanlara salam olsun” ehtiramı ilə yad edir, ən pünhan dualarımı zikr edirəm Mevlananın sərdabəsi önündə… Gördüklərimə birər-birər nəzər yetirirəm. Dəfələrlə ziyarət etsəm də, yenə hər şey mənə təzə, ilkin görünür. Elə bil bu gördüklərim yüzilliklərin o tərəfinin xatirələri deyil, bir çimir yuxu daxilində gördüklərimin gerçəkliyidi…Bu, Mevlananın oğlu Sultan Veledin sərdabəsidi… Yanında, söykəyində atası Bahaeddin Veledin uyuduğu sandıqça. Şəmsəddin Abib Çələbi, Ulu Arif Çələbi, Zahid Çələbi, Şeyx Kerimeddin və Vacid Çələbi həzrətləri burada uyuyurlar; Mevlananın ailəsilə bir arada, eyni məkanda. Həzrəti Mevlananın sərdabəsi oğlu Sultan Vələdlə eyni örtü altında yan-yanadı. Ağac oymalı naxışları olan sərdabədə isə atası Bahaeddin Veled uyumaqdadı. Mevlana soyundan və onun müridlərindən olanların qəbirləri də bu aradadı. Bu mübarək zatların çoxu vaxtilə Bahaeddin Veledlə bərabər gələn Xorasan ərləridi. Behiştlik, cənnətlik insanlardı. Layiq olduqları torpağa gömülüblər. Mevlananın atasına və özünə aid olan cübbələrə nəzər yetirirəm. Elə bil sahibləri dəstəmaz alıb, namazlarını qılıb, dualarını oxuyub indicə dönəcəklər, sonra bu cübbələri ədəbi-ərkanla üstlərinə alacaq, yan köşədə taxçaya qoyulmuş “Məsnəvi”nin ilk əlyazma nüsxələrinə, “Divani-Kəbir”ə doğru qədəm basacaqlar… Mevlananın 5 mükəmməl əsərinin 5-nin də əlyazması, cildləri qorunur burda. Bələdçimiz dərin hörmət və sayğıyla Mevlanaya aid əşyalar haqqında məlumat verir; qızıl və gümüş işləmələrlə süslənmiş Nisan tası hər baxışda ötənlərin pozulmaz qanunlarını yenidən göz önünə gətirməkdədi. Toplanan nisan yağmurları bu tasda süzüldükdən sonra Mevlananın sar­ğısının ucu bu suya batırılır, sonra həmin su sifa niyətilə paylanırmış…
Hər şey qədimlik, tarix qoxuyur. 10-12 dəqiqəlik yolu qət edib Şəms Təbrizinin əbədiyyət yuxusu tapdığı məkanın ziyarətinə yetirsən. Ancaq bu 10-12 dəqiqəlik yol məsafəsi adamı 750-780 illik bir zaman məsafəsinin olaylarından keçirib gətirir. O tarixi zamanlardan ki, Sultanül Ulema Bahaeddin Veled Konyaya gəlişində İplikçi Caminin güney səmtində yerləşmişdi, İplikçi Mədrəsəsində dərs vermişdi. Burada oğulları üçün Bedreddin Göhərtaşdan bir mədrəsənin yapılmasını istəmişdi, lakin burada işləməyə ömrü çatmamışdı. Mevlananın vəfatına qədər evi ilə bitişik olan bu öyrətim qurumu uzun illər boyu ayrı-ayrı adlar altında fəaliyyətini davam etdirmişdi.
Səlcuqluların dilində bu qədimliklə nəfəs-nəfəsə “Mevlana” anlamında “Xudavendigar” sözü işlənirdi və bu xitab da Baheddin Veledin özünə aid idi. Çünki Baheddin Veled heç zaman oğlunu adıyla çağırmamış, həmişə “Xudavendigar” deyə xitab etmişdi. Hz. Mevlana bu mədrəsəyə xüsusi bir duyğuyla bağlı idi və “bizim mədrəsəmiz vəlilərin mədrəsəsidi” deyə anladarmış. Bu mübarək məkanın bir köşəsini o, könül dostu, ruhdaşı Şəms Təbrizi üçün ayırmışdı. Şəms Təbriziyə olan heyranlığı, mənəvi bağlılığı bütün zamanların dostluq örnəyi olaraq tarixə köçmüşdü. Bu sevgi və sayğı o qədər ucalmışdı ki, Mevlana oğlu Sultan Veledi Şəms Təbriziyə mürid etmişdi.
Nə yazıqlar ki, asilərin, ruh­suzların bulandırdıqları sular daşıb-daşıb da məcrasını aşa bildi…
Nə yazıqlar ki, bu mənəvi bağlılıqları qıran qaranlıqlar hələ də aydınlığa çıxa bilmir…
“MƏN BAŞIMI GƏTİRMİŞƏM…”
Mevlana dərgahından Şəms Təbrizi məqamına yolçuluq etdiyim o 10-12 dəqiqəlik zaman müddətində xəyal məni yüzilliklərin o biri başına götürməkdəydi. Elə bil hər şeyi apaydın görürdüm. Eləcə də həmin o İplikçi mədrəsəsini… Şəms Təbrizi, bax, həmin mədrəsənin qapısı ağzında oturub hücrədə əyləşmiş Mevlananı soruşanlara deyərmiş: “Mevlananı sənə göstərməyimin əvəzində mənə nə gətiribsən?”
Biri də bu sualın müqabilində “bəs sən özün nə gətiribsən ki, bizdən nə tələb edirsən?” – deyə soruşub.
Cavabında “mən özümü gətirmişəm,-deyib Şəms Təbrizi. – Başımı onun yolunda fəda etmişəm…”.
Könül dostları Mevlananın ciyərparası Sultan Veledin dilindən qələmə alıblar bu söylənilənləri. Bir deyil, beş deyil ki, bu xatirələr. Yenə də Sultan Veledə istinadən yazıya alınanlardandı… Günlərin gözəl bir günündə bir az öncə ziyarət etdiyimiz mədrəsədə Mevlana həzrətləri sevimli oğlu Sultan Vələdə Şəms haqqında, onun fəzilətləri barədə könül dolusu danışırmış. Həyəcana gələn gənc qalxaraq birbaşa Şəmsin hüzuruna gəlib təzim edərək deyir: “Atam indicə mənə sizin uca xislətiniz barədə çox yaxşı təriflər söylədi”.
Şəms köks ötürürərək deyir: “Allaha and olsun ki, atanın haqqımda söylədiklərindən min qat artıq olsam da, mən sənin atanın ucalıq dəryasında bir damla da deyiləm”.
Gənc Sultan Vələdin öz könül dostuna söylədikləridi: “Yenidən qayıtdım atamın yanına, Şəmsin söylədiklərini sözbəsöz ona çatdırdım. Atam “Şəms öz nurunu da tərif edib, böyüklüyünü də göstərmişdir – dedi. – Həqiqətən də o, haqqında söylənilənlərdən yüz qat artıqdır…”
Bu, o Sultan Vələddi ki, fars dilində qələmə aldığı bir divanı və üç məsnəvisi hələ də qiymətli sənət örnəkləri olaraq tədqiq olunur. Onun türkcə yazdığı sətirlər anadilli şeirimizin unudulmaz örnəklərindən hesab edilməkdədi:
Gözümdən çıxma kim, bu ev sənindir,
Mənim gözüm sənə yaxşı saraydır.
Tamaşa çün bəri gəl kim, bu ev sənindir,
Necə gözüm yaşı irmacü çaydır.
Vələd yoxsuldu sənsiz bu cahanda,
Səni buldu, bu gözdən bəyü baydır…
EY, NƏ XOŞ Kİ…
Bu gün sevərək konuşduğumuz, ortaq dəyərlərimizin başlıca qaynağı olan Türk dilinin Türkiyədə dövlət dili olaraq XII əsrdə yenidən hakim mövqe qazanması üçün ilk növbədə Karamanoğullar soyadına borcluyuq. Fikir babalarımızdan olan Əhməd Yəsəvinin poeziya müstəvisində haqqını qoruduğu türkcə rəsmi dairədə məhz Konyanı qısa vaxt müddətində idarə edən Kahramanoğlu Məhmət bəyin göstərişiylə rəsmiləşib. Onun ölkənin hər yerinə xüsusi olaraq verdiyi göstərişində “bundan sonra dərgahda, sarayda, məclisdə və meydanda türkcədən başqa dil işlənməyəcək” deyilirdi.
Səlcuqlu bəyliklərində Yəsəvi yetirmələri hörmətlə qarşılandığından onların yaydığı türkcə tezliklə bütün bəyliklərdə rəsmi şəkildə işlənməyə başladı.
Karamanoğlu Məhmət bəy bu qərarı ilə Konyadan, Səlcuqluların baş şəhərindən başlayaraq Anodoluda türk dilinin rəsmi dil kimi yayılmasında müstəsna xidmətlər göstərib.
Ey, nə xoş ki, Karamanoğullarının soy-kökü, kökəni gözəlimiz Azərbaycana bağlı olmuşdur. Azərbaycandan Sivasa köç edən Xoca Saadettinin oğlu Nuri-Sufi bu soy-kökün təməl daşlarından biri idi.
Karamanoğulları Oğuzların Avşar boyundandır. Nuri-Sufinin oğlu Kəriməddin Karaman bəy XIII əsrdə Konya da daxil olmaqla böyük bir bölgəyə sahiblik etmişdir.


















AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu