Mətbuat Şurasında isveçrəli tanınmış jurnalistin iştirakı ilə seminar keçiriləcək




İsveçrənin tanınmış jurnalisti və pedaqoqu Aleksandra Stark ölkəmizdə səfərdədir. Səfər Azərbaycan Mətbuat Şurasının İsveçrənin Azərbaycandakı Səfirliyinin birgə əməkdaşlığı çərçivəsində reallaşır. Tanınmış jurnalist sabah – aprelin 10-da Şurada kütləvi informasiya vasitələrinin təmsilçilərinin bir qrupuna onlayn media və sosial şəbəkələr mövzusunda seminar keçəcək. A.Stark həmçinin aprelin 11-də Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin tələbələri qarşısında məruzə edəcək, bilik və təcrübəsini bölüşəcək.

Qeyd edək ki, ötən il oktyabrın 27-də İsveçrənin Azərbaycandakı səfiri Filip Stalder Mətbuat Şurasında olmuş, Şura sədri, Milli Məclisinin deputatı Əflatun Amaşovla görüşmüşdü. Görüşdə hər iki ölkə jurnalistləri arasında səmərəli əməkdaşlıq yolları nəzərdən keçirilmişdi. Konkret olaraq İsveçrə jurnalistlərinin Azərbaycana səfərinin təşkili, həmçinin peşəkarlığın artırılması yolları, birgə konfrans və seminarların düzənlənməsi üzərində dayanılmışdı. Belə razılığa gəlinmişdi ki, Mətbuat Şurasının və Səfirliyin qarşılıqlı əməkdaşlığı çərçivəsindəki ilk addım kimi İsveçrənin tanınmış jurnalisti və pedaqoqu Aleksandra Starkın 2017-ci ilin aprelində Azərbaycana səfəri həyata keçirilsin.

Onu da bildiririk ki, Aleksandra Starkın aprelin 10-da keçirəcəyi seminar saat 10.00-da öz işinə başlayacaq və 13.00-dək davam edəcək. Hər bir jurnalist üçün toplantıda iştirak azaddır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu