Şikayətləri DTX, DİN... araşdıracaq- Mətbuat Şurasından gözlənilməz yenilik




Azərbaycan Mətbuat Şurasının (MŞ) Reket Jurnalistikaya qarşı Mübarizə Komissiyasının səlahiyyətləri artırılır, tərkibi genişləndirilir.



Bu barədə BakiPost.az-a MŞ sədri Əflatun Amaşov məlumat verib. Onun sözlərinə görə, işə dövlət qurumları da cəlb olunub: "Sözügedən komissiyanın tərkibinə Ədliyyə Nazirliyinin, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizlik Xidmətinin nümayəndələri də daxil edilib. Artıq qərar qəbul olunub, hansısa şikayət daxil olarsa komissiya hərəkətə keçəcək”.

Ə. Amaşov bildirib ki, komissiyanın məqsədi reketçiliklə bağlı şikayəti tam araşdırmaq və jurnalistikanın bu məsələdə birtərəfli ittihamının qarşısını almaqdır: "Həmişə şikayət olur ki, jurnalist və yaxud mətbuat orqanı reketçilik edir. Amma bunun qarşı tərəfi də var axı... Yəni şantaj olunan məmur, təşkilat, yaxud dövlət qurumu. Məmurun nə marağı var ki, jurnalistə pul verir?

Elə məqam ola bilər ki, hansısa qurum, hansısa təşkilat mətbuat orqanını, jurnalisti ittiham edər

Əgər Mətbuat Şurasına bu sayaq şikayətlər daxil olarsa, komissiyaya qeyd olunan qurumların da nümayəndələri dəvət olunacaq və geniş şəkildə araşdırılacaq. İddiaların nə dərəcədə doğru olub-olmadığı, təşkilat rəhbərinin kimliyi, həmin o jurnalistlə bağlılığı, jurnalistlərə pul veribmi, verməyibmi – bunlar hamısı gün işığına çıxarılacaq.

Yəni komissiyanın tərkibinin genişləndirilməsi, ora dövlət qurumlarının da cəlb edilməsində məqsəd jurnalistikanın birtərəfli ittiham olunmasının qarşısını almaqdır”.

Şura sədri bildirib ki, həmin komissiyada internet medianı Mətbuat Şurasının Nəzarət-Təftiş Komissiyasının üzvü, Parlament Jurnalistləri birliyinin sədri Elşad Eyvazlı təmsil edəcək:

"Nəzarət-Təftiş Komissiyasının üzvü Elşad Eyvazlı da həmin komissiyaya salınıb. O media ilə bağlı şikayətlərin obyektiv şəkildə araşdırılmasında iştirak edəcək”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu