Putinin etibarlı şəxsi: “Rusiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”




Sergey Markov: “Moskva dəfələrlə qeyd edib və qeyd edir ki, konfliktin həlli Dağlıq Qarabağın Azərbaycan tərkibində qalmasını nəzərdə tutur”

“Kütləvi informasiya vasitələri Rusiya xarici siyasət idarəsi başçısının Dağlıq Qarabağla bağlı sözlərini bir qədər yanlış anlayıb”. Musavat.com-un məlumatına görə, bu barədə Rusiyalı tanınmış politoloq, prezident Vladimir Putinin etibarlı şəxsi kimi tanınan Sergey Markov “Moskva-Bakı” portalına açıqlamasında Sergey Lavrovun məlum fikirlərini şərh edərkən bildirib.

“Azərbaycan özü Dağlıq Qarabağ probleminin həlli üçün beynəlxalq birliyi, beynəlxalq strukturları, o cümlədən Rusiyanın da daxil olduğu ATƏT-in Minsk Qrupunu vasitəçi qismində dəvət edib. Və vasitəçilərin dəvət olunması tamamilə düzgün qərar olub, nədən ki, Dağlıq Qarabağa dair məsələlər beynəlxalq prinsiplər çərçivəsində həll olunur. Biz hamımız gözəl bilirik ki, Rusiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir” – politoloq qeyd edib.

Onun sözlərinə görə, Rusiya Azərbaycan-Ermənistan nizamlanması çərçivəsində nə edirsə, hər iki tərəfin razılığı ilə edir. Bu xüsusda Markov hesab edir ki, Rusiya XİN başçısının sözlərini Moskvanın Azərbaycanın öz daxili işləri ilə məşğul olmasına qadağa kimi, Dağlıq Qarabağ konfliktini daxili işlər müstəvisindən çıxarmaq kimi təqdim eləmək yanlışdır.

Rusiyalı ekspertə görə, Lavrov müstəsna olaraq, Qarabağ məsələsinin həllinin Minsk Qrupu müstəvisində həllini, məsələnin başqa ölkələr üçün, ən azından Minsk Qrupu həmsədrləri kimi Rusiya, ABŞ və Fransa üçün də problemə çevrildiyini nəzərdə tutub. Bütövlükdə Rusiya XİN başçısının cavabını analiz edən ekspert qeyd edir ki, S. Lavrov Rusiyanın Dağlıq Qarabağ məsələsindəki mövqeyində heç bir dəyişikliyi fiksə eləməyib.

Markov deyib: “Rusiyanın mövqeyi əvvəlki kimi qalır. Bu mövqe ondan ibarətdir ki, Azərbaycan və Ermənistan münaqişə ilə bağlı kompromisə gəlməlidir. Özü də prezident Vladimir Putinin dediyi kimi, konfliktin nizamlanması nəticəsində tərəflərdən heç biri özünü nə məğlub, nə də qalin hiss etməməlidir. Kompromis hər iki ölkənin həyati maraqları nəzərə alınmaqla tapılmalıdır, güzəştlərə hər iki tərəf getməlidir”.

Onun qənaətincə, “Kazan formulu” adlanan formul kompromislər üçün tamamilə şərait yaradır: “Bu formul hər halda tətbiq oluna bilər. Rusiya isə Bakı və İrəvana kömək eləməlidir ki, kompromisə gəlsin. Və Rusiya çalışır bunu etməyə və bundan sonra da çalışacaq. Fikrimcə, Moskva münaqişənin həllinə Türkiyəni də cəlb edəcək, nədən ki, nizamlama baş tutacağı halda, Ankara Ermənistanla sərhədləri açmalı olacaq. Ona görə də Türkiyənin iştirakı müəyyən mənada vacibdir. Həmçinin nizamlamada sonradan ABŞ və Fransanın iştirakına da ehtiyac var. ABŞ və Fransanın Qarabağ nizamlanmasında iştirakı mümkündür ki, bu ölkələrin yeni rəhbərliyi dönəmində daha konstruktiv xarakter alsın”.

Rusiya baş diplomatının “işğal altındakı ərazilərin azad edilməsi tələbi öz qüvvəsini saxlayır” sözlərini şərh edən Markovun fikrincə, həmin sözlər onu sübut edir ki, Rusiya həm Azərbaycan, həm də Ermənistan üçün eyni dərəcədə faydalı olan vasitəçiliyə can atır: “Moskva dəfələrlə qeyd edib və qeyd edir ki, konfliktin həlli Dağlıq Qarabağın Azərbaycan tərkibində qalmasını nəzərdə tutur”.

Daha sonra politoloq konfliktin həll açarının Moskvada olması barədə fikirlərə münasibət bildirib: “Həmin fikirlərə görə, Rusiyanın Ermənistana əraziləri boşaltmaqla bağlı əmr eləməsi, necə deyərlər, stola yumruqla vurması kifayətdir ki, əraziləri qaytarsın. Məncə, bu təsəvvürlər doğru deyil. Belə yanaşma bütövlükdə situasiyanı sadələşdirir. Rusiya Ermənistanın sahibi deyil, hərçənd o, xeyli dərəcədə Rusiyadan asılıdır. Bu gün Moskva narazıdır ki, Ermənistan rəhbərliyi əvvəlcə “Kazan formulu” üzrə kompromislərə razılıq versə də, sonra iki dəfə ondan imtina edib: birinci dəfə 2011-ci ildə Dmitri Medvedyevin zamanında, ikinci dəfə isə 2016-cı ildə, nə vaxt ki, kompromis az qala alınmaq üzrə idi. Rusiya bu faktdan qıcıqlanıb. Ancaq o, sadəcə olaraq Şərkisyana təzyiq edə bilməz ki, necə deyərlər, əraziləri qaytar. Ermənistandakı mürəkkəb siyasi və iqtisadi situasiyanı nəzərə almaq lazımdır – harada ki, radikal ovqatlı qruplar istənilən an güc yolu ilə hakimiyyəti ələ keçirə bilər. Bax, o zaman bütün Cənubi Qafqaz alovlana bilər”.

“Hesab eləmək ki, Rusiya İrəvana təzyiq üçün bütün rıçaqlara malikdir düz deyil. Moskva Dağlıq Qarabağ məsələsində müstəsna olaraq vasitəçidir. Konfliktin həll açarı isə müstəsna olaraq, münaqişə tərəflərini özündədir. Həll isə - onların kompromisə gəlməsidir”, - deyə ekspert əlavə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu