Taleyi doğum gününə bənzəyən ŞƏHİD!




20 yanvar 1964-cü ildə Şərur rayonunun Yengicə kəndində Həsən kişinin ailəsində əkiz oğul dünyaya gəldi. Onlardan birinin adını Səyavuş qoydular. Bu zaman onun valideynləri bilmirdilər ki, 20 yanvar 28 ildən sonra onlar üçün dözülməz olacaq. Həmin gün həm də bütöv Azərbaycanın hüzn günü olacaqdı...

Səyavuş səkkizinci sinfə qədər kənd məktəbində oxuduqdan sonra, təhsilini Bakıdakı 54 saylı texniki-peşə məktəbində davam etdirir. Rəngsaz peşəsinə yiyələnir. Bir neçə ay Bakı Baş Tikinti İdarəsinin nəzdindəki Evtikmə Kombinatında işləyir. Əsgərlik yaşına çatanda hərbi xidmətə yollanır və Stavropol diyarında xidmətini başa vurduqdan sonra yenidən işlədiyi kombinata qayıdır. Bir müddət keçdikdən sonra evtikmə Kombinatından Tümenə 3 il müddətində işləməyə 300 nəfərlik dəstə göndərilir. Səyavuş da bu dəstənin tərkibinə daxil edilmişdi...

1990-cı il yanvarın 20-də əkiz qardaşların ad günü qeyd olunurdu. Elə bu vaxt Moskva televiziyasından verilən acı xəbər bütün azərbaycanlıları sarsıtdı. Qəflətən Bakı şəhərinə ordu yeridilmiş, yüzlərlə günahsız insan qətlə yetirilmişdi. Həmin gecəni sübhəcən oyaq qalan eloğlular ertəsi gün Vətənin harayına çatmaq üçün geriyə - Bakıya dönməyi qərara alırlar. O, Bakıya qayıdan kimi Xalq Hərəkatına qoşulur.

Qarabağı qorumaq üçün könüllü müdafiə batalyonu yarananda ona ilk qoşulanlardan biri də məhz Səyavuş olur. O, Azərbaycanın bir çox bölgələrində: Qazaxda, Goranboyda, Gədəbəydə, Şuşada qeyrətlə vuruşur, mühüm döyüş tapşırıqlarını layiqincə yerinə yetirir.

Azərbaycanın alınmaz qalası olan Şuşa xəyanətin qurbanı olanda, Səyavuş bir neçə ay özünə gələ bilmir. Axı, bu qədim şəhər neçə-neçə igidin qanı bahasına qorunub saxlanmışdı. Şuşadakı uğursuzluqlardan sonra o, Respublika Daxili İşlər Nazirliyinin polis dəstəsinə yazılır.

1992-ci il iyunun 18-də Ağdərə bölgəsinə yola düşən dəstə bir çox kəndlərin geri alınmasında böyük şücaət göstərir. 1992-ci il iyunun 25-də dəstəyə növbəti tapşırığı yerinə yetirmək əmri verilmişdi. Bu dəfə Qırmızıkənd düşməndən azad edilməli idi. Dəstə kəndə doğru irəiləyirdi. Birdən, güclü atəşlə qarşılaşdılar. Dəstə cəld öz mövqeyini möhkəmləndirib, əks-hücumu dəf etməyə başladı. Döyüş getdikcə daha da qızışırdı. Düşmən tankı lap yaxınlığa çatmışdı. Səyavuş cəld əl qumbaraatanı işə salır. Tank bir göz qırpımında alova bürünür. Sursatı qurtarmışdı. O, açıq meydanda əliyalın qalmışdı. İgid döyüşçü qəfildən yerə sərilir, son dəfə Vətən göylərinə baxır. Hələ buludlu idi göylər... Ağdərə boyunca Milli Ordunun qələbəsilə döyüşlər hələ davam edirdi...

Cəsur döyüşçünün cəsədi bir həftə sonra döyüş meydanından çıxarılır...

Səyavuş ailəli idi, özündən sonra övladı qalıb.

Azərbaycan Respublikası prezidentinin 21 iyul 1992-ci il tarixli 69 saylı fərmanı ilə Həsənov Səyavuş Həsən oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Bakıda Şəhidlər Xiyabanında uyuyan şəhidimiz yaşasaydı bu gün ad gününü... yox, qeyd etməyəcəkdi, xalqla birgə 20 yanvar faciəsinin acısını yaşayacaqdı...

Allah rəhmət eləsin!



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu