Tərtərdə Xocalı soyqırımının qurbanları yad edilib- FOTOLAR




XX əsrin ən dəhşətli cinayətlərindən sayılan Xocalı şəhidlərinin xatirəsini yad etmək məqsədi ilə umumrayon tədbiri keçirilib.



Tərtər rayon rəhbərliyi, ziyalılar, ictimaiyyət nümayəndələri, Qarabağ müharibəsi veteranları, gənclər və ağsaqqallar, eləcə də rayonda məskunlaşan Xocalıdan olan məcburi köçkün və şəhid ailələri rayonun girişindəki Şəhidlər abidə-kompleksi önünə tər qərənfillər düzərək, Xocalıda həlak olanların ruhuna dualar oxuyublar.

Sonra tədbir iştirakçıları mədəniyyət mərkəzinin foyesində məktəblilərin əl işlərindən ibarət Xocalı soyqırımına həsr olunmuş rəsm sərgisinə baxdılar.

Mərkəzin akt zalında davam etdirilən tədbirdə Xocalı soyqırımı zamanı qətlə yetirilən həmvətənlərimizin və bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Sonra Xocalı faciəsi qurbanlarına həsr olunmuş videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Xocalı faciəsinin Azərbaycan xalqına və bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu deyib. Bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərində yüzlərlə günahsız dinc əhaliyə, o cümlədən qadın, qoca və uşaqlara qarşı ən qəddar cinayətlər törədiblər. Soyqırımı nəticəsində 613 Xocalı sakini vəhşicəsinə öldürülüb. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlı insanlardır. O müdhiş gecədə 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.

Bu əməllərin qabaqcadan düşünülmüş qaydada, milli mənsubiyyətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədildiyini deyən rayon rəhbəri qeyd edib ki, Хоcalı soyqırımı özünün siyasi-hüquqi qiymətini yalnız ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra alıb və bundan sonra Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılması üzrə məqsədyönlü tədbirlər görülməyə başlanılıb. Məhz Ulu Öndərin təşəbbüsü ilə 1994-cü ildə Azərbaycan Milli Məclisi fevralın 26-sını Xocalı Soyqırımı Günü elan edib.

Müstəqim Məmmədov diqqətə çatdırıb ki, bu gün dünya ictimaiyyətinin Xocalı həqiqətləri barədə məlumatlandırılması istiqamətində işlər davam etdirilir. Rayon rəhbəri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyasının bu istiqamətdə böyük rolunun olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, artıq bir sıra ölkələrin parlamentləri, ABŞ-ın 20-dən çox ştatının qanunverici orqanları və İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını tanıyan və qınayan sənədlər qəbul ediblər.

Qeyd olunub ki, Xocalı faciəsinin canlı şahidi olmuş 10 ailə, 39 nəfər Xocalı sakini hazırda rayonumuzun 7 kəndində müvəqqəti məskunlaşıblar. Hər bir Xocalılya rayon icra hakimiyyəti tərəfindən daim böyük diqqət və qayğı göstərilir. Bu işlər bundan sonra da davam etdiriləcəkdir.

Sonra rayon təhsil şöbəsinin əməkdaşı Nigar Məstalızadə, “Xocalı əsrin faciəsidir” mövzusunda rayon məktəbliləri arasında keçirilən inşa yazı müsabiqəsinin qalibi, şəhər 5 saylı tam orta məktəbin IX sinif şagirdi Orxan Mustafazadə, Xocalı sakini Briliyant Əhmədova çıxış edərək Xocalı faciəsinin dəhşətlərindən danışıb, xalqımızın tarixində ən qanlı hadisələrdən biri olan, erməni silahlı dəstələri tərəfindən soydaşlarımıza qarşı törədilən bu soyqırımı zamanı dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirildiyini, əsir götürülən insanların isə dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını diqqətə çatdırıblar.

Anım mərasimində Xocalı soyqırımının dəhşətlərini əks etdirən rayon məktəblilərinin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş olunub, “Xocalı əsrin faciəsidir” mövzusunda rayon məktəbliləri arasında keçirilən inşa yazı müsabiqəsinin və intelektual yarışmanın qaliblərinə diplom və Fəxri Fərmanlar verilib.

Tədbirdən sonra rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonda məskunlaşmış Xocalı sakinləri ilə görüşərək, onların problemləri ilə maraqlandı. Xocalıdan olan ailələrə ərzaq yardımı verildi.






















AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu