Vətənin övladına çevrilmiş oğul- Əlizamin İslamov




Ailənin yeganə övladı olan Əlizamin İslamovun anası Hürnisə Kərimova ilə bir il öncə qanlı, lakin qalibiyyət dolu aprel ayında tanış oldum. Mətbuatdan oxuduğum məlumatlar bu idi: "6 aprel 2016-cı il tarixdə cəbhə xəttinin Tərtər istiqamətində erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən Milli Ordumuzun əsgəri Sabunçu rayon, Zabrat qəsəbə sakini, 1997-ci il təvəllüdlü Əlizamin İslamov həlak olub".

Vətən bir övladını itirmişdi. O ana da yeganə oğlunu... Hürnisə ana ilə danışdıqca hiss edirsən ki, o, həyatın hər üzünü görüb,balasını tənha, özü də çox çətinliklə kirayə evlərdə böyüdüb... Oğlu böyüyürdü. Ananın artıq iki arzusu var idi. Balasını əsgərliyə yola salmaq və ev. Günlərin birində bu arzuların gerçəkləşəcəyinə inanırdı. Elə bu inamlada məktub ünvanladı:

Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban xanım Əliyevaya

Hörmətli Mehriban xanım. Tək oğlumu zülümlə böyütdüm. Özüdə vətən üçün əsgər yetişdirdim. Oğlumu ordu sıralarına yola salmağa hazırlaşıram. Amma onu əsgəri xidmətə kirayə evdən deyil, evimizdən yola salmaq istəyirəm...

Məktubun cavabı çox gözlətmədi. Onu dəvət etdilər və torpaq sahəsi verildi. O gecə ana və oğulun sevincinin həddi-hüdudu yox idi. Eh, nə arzular qurdular. Əlizamin anasına kömək etdi və evin bir hissəsi hazır oldu. Əlizamin ordu sıralarına yola düşdü. Ana narahat olsa da düşünürdü ki, artıq oğlu vətənindi. 2016-cı ilin aprel günlərində hamı narahat anlar yaşayırdı. Hürnisə ananın isə gecələr yuxusu ərşə çəkilməyə başladı...

[/center]

YUXU

Bir yuxu gördü. Əlizaminin nənəsi ölmüşdü.O yuxusuna gələrək deyirdi, nə qalmısan burada. Get gör balan nə gündədi... onu yu, gətir mənə...

Səhər tezdən işə gedəndə hamıya yuxusunu danışdı. Amma pis bir şeyin olacağını beynindən uzaqlaşdırırdı. İşdəkilər dedilər ki, oğlunun yanına get. Səhər geyinib evdən çıxmaq istədi. Qarşısında bayraq bağlanmış maşın dayanmışdı... Atası Hürnisə ananın illərlə yetimçiliklə böyütdüyü oğlunun ailə qəbirsanlığında dəfn olunmasına icazə vermədi. Əlacsız qalan ana onu dəfn etmək üçün Lənkərana aparmalı oldu. Bir izdiham var idi.Dəfn mərasimində Sabunçu və Lənkaran Rayon İcra Hakimiyyətlərinin rəsmiləri, Müdafiə Nazirliyinin yüksək rütbəli zabitlərı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin əməkdaşları, millət vəkilləri, QHT və ictimaiyyət nümayəndələri iştirak etdilər. Əlizamin əllərdə, çiyinlərdə bayrağa dönmüşdü... Artıq elin , vətənin övladına çevrilmişdi.

Hürnisə ana beləcə bir il həsrətlə, intizarla günlərini keçirdi. Ona dayaq olan da oldu, laqeyid qalan da. Amma o dövlətinə inanır.

[center]

Şəhid anası Hürnisə Kərimova: Bu, Azərbaycan dövlətinin qayğısıdı!

Mən bu qayğını bütün çətin anlarımda hiss etdim. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci vitse -prezident xanım Mehriban Əliyevanın şəhid ailələrinə diqqəti və qayğısı hər addımda hiss olunur. Əlizaminlə arzuladığımız ev nəhayət dövlətin hesabına tikildi, yüksək səviyyədə təmir olundu. Bilirəm, balamın hər zaman bundan nigarançılığı var idi ki, mənim üçün ev düzəltsin. Artıq o ev var. Amma Əlizaminsiz... Bir də onunla təskinlik tapıram ki, oğlumun anım mərasiminə təkcə Sabunçu rayonunun idarə və müəssisələri, millət vəkilləri, ictimaiyyət nümayəndələri toplaşmadı, hər yerdən , bizi tanıyıb, tanımayanlar gəlir.Yadınızdadısa ötən il birinci vitse-prezident Mehriban xanım Əliyeva aprel şəhidlərinin ailələri ilə görüşdü və ehsan süfrəsi verdi. Bütün ailələrlə maraqlandı. Problemi olanlarla bağlı göstərişlər verdi. Onun nəticəsidi ki, bir ildə biz təkliyimizi hiss etmədik.

Hürnisə ana evində Əlizaminə bir guşə yaradıb. Yaşanmamış, çın olmayan arzular bu otaqda gerçəkləşəcək. Bura insanlar, gənclər gələcəklər. Hər kəs Əlizamin işığından götürüb özüylə aparacaq. O işıq həm insanlara həm də torpaqlarımızın azad olunması üçün mayak olacaq!Amma indi şəhid anası yaşadığı Tramvaynaya küçəsinin oğlunun adına verilməsini gözləyir!

P.SAprelin 6-da şəhid Əlizamin İslamovun il mərasiminə Sabunçu Rayon İcra Hakimiyyətinin rəhbərliyi, idarə və müəssisələrin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu Rayon İdarəsinin, güç strukturlarının, ictimaiyyətin nümayəndələri, millət vəkili Fazil Mustafa , Büllur Studiyanın direktoru Büllur Cavadqızı, veteran təşkilatları iştirak etdilər.

Mətanət Əsgərqızı

Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu